Güləş üzrə Azərbaycan çempionatı keçirilir

Güləş üzrə Azərbaycan çempionatı keçirilir



Dekabrın 25-də Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatına start verilib.
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən çempionatda 1997-ci il təvəllüdlü və daha yuxarı yaşlı idmançılar iştirak edirlər. Şəxsi xarakterli turnirdə idman cəmiyyətlərinin, klublarının, təşkilatlarının, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparırlar.
Dünya Güləş Birliyinin qaydaları əsasında keçirilən yarışlar Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının təyin etdiyi hakimlər tərəfindən idarə olunur. Çempionatda sərbəst güləşçilər 57, 61, 65, 70, 74, 86, 97 və 125 kq-dək çəki dərəcələrində mübarizə aparırlar. Yunan-Roma güləşçiləri isə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kiloqrama qədər çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Yarışın birinci günündə 57, 61, 65, 70 və 74 kq çəki dərəcələrində 152 sərbəst güləşçi mübarizəyə başlayıb. Dekabrın 26-da 86, 97 və 125 kiloqram çəki dərəcələrində sərbəst, 59, 66, 71 kiloqram çəki dərəcələrində isə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşəcək. Turnirin sonuncu günündə isə 75, 80, 85, 98 və 130 kiloqramadək çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Hər çəki dərəcəsi üzrə ilk üç yeri tutacaq güləşçilər yığma komandanın heyətinə cəlb ediləcək, müvafiq diplom, medal, pul mükafatı və tam dəst idman geyimi ilə təltif olunacaqlar.



"Olimpnews.az"