İdmançılarımız 2015-ci ili 823 medalla başa vurdular

İdmançılarımız 2015-ci ili 823 medalla başa vurdular
Bu gün Gənclər və İdman Nazirliyində 2015-ci ilin idman yekunları ilə əlaqədar mətbuat konfransı keçirildi. Tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov yola saldığımız ildə əldə olunan uğurlardan danışdı.
Hesabatda qeyd olundu ki, 2015-ci ildə ölkəmizdə 200-dən artıq ölkədaxili yarışlar təşkil olunub.

İdmançılarımız bu ildə 46 beynəlxalq yarış qüvvələrini sınayıblar. Müxtəlif növlər üzrə yığma komandalarımız 196 beynəlxalq yarışa ezam olunublar. Atletlərimizin əldə etdikləri medalla da ötən ilə nisbətən xeyli artıb. Belə ki, Azərbaycan idmançıları il ərzində Olimpiya və qeyri-Olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda (Dünya və Avropa çempionatı və birincilikləri və kubok yarışlarında) 321 qızıl, 222 gümüş və 280 bürünc, ümumilikdə isə 823 medala yiyələniblər. Bunlardan 297 medal (105 qızıl, 61 gümüş, 131 bürünc) Olimpiya, 526 medal isə (216 qızıl, 161 gümüş, 149 bürünc) qeyri-Olimpiya idman növlərinin payına düşür.
İdman növləri üzrə yığma komandalarımız hər biri 12 gündən az olmayaraq 101 təlim-məşq toplanışlarında iştirak ediblər ki, bunlardan 65-i Azərbaycanda, 36-sı isə xarici ölkələrdə təşkil olunub. Ümumilikdə təlim-məşq toplanışlarına 6 minə qədər atlet cəlb edilib.

Gənclər və idman naziri Azad Rəhimov gələn il təşkil olunacaq Rio-de-Janeyro olimpiadası barəsində də məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cəhab İlham Əliyevin 12 avqust 2015-ci il tarixli "XXXI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında" Sərəncamına əsasən Olimpiya Oyunlarına hazırlıq işləri xüsusi proqram əsasında həyata keçirilir.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bu günədək artıq 7 idman növü üzrə 29 (boks 3, atletika 3, avarçəkmə 5, güləş 11 (yunan-Roma 4, sərbəst güləş 4, qadın güləşi 3), gimnastika 2, agırlıqqaldırma 4, taekvondo 1) lisenziya əldə edilib. Eyni zamanda Azərbaycan paralimpiyaçıları da XXXI Yay Paralimpiya Oyunlarına 4 idman növü üzrə 13 (atletika 4, cüdo 6, üzgüçülük 2, pouerliftinq 1 lisenziya) lisenziya əldə ediblər.

Bu il ölkəmizdə keçirilən I Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən söz açan Azad Rəhimov bir sıra məlumatları diqqətə çatdırdı. Hesabatda qeyd olundu ki, İlk Avropa Oyunlarının mərasimlərini və idman yarışlarını izləmək üçün tamaşaçılar tərəfindən 650 minə yaxın bilet alınıb. 16-sı Olimpiya, 4-ü isə qeyri-Olimpiya idman növü olmaqla ümumilikdə 20 idman növü üzrə keçirilən Oyunlarda Azərbaycan bütün növlərdə 291 idmançı ilə təmsil olunub. 12 idman növündə keçirilən yarışlar Rio-2016 Olimpiadasına təsnifat xarakteri daşıyıb. Avropanın 50 ölkəsinin idmançılarının iştirak etdiyi bu möhtəşəm tədbirdə Azərbaycan 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla 56 medal qazanmış və medallar cədvəlində Rusiya Federasiyasından sonra 2-ci yeri tutaraq tarixi nailiyyətə yiyələniblər.

Bildirildi ki, London Yay Olimpiya Oyunlarında Azərbaycan yığması Avropa ölkələri arasında 15-ci yerə yüksəlmişdisə, Bakı-2015-də onlar gərgin mübarizədə 2-ci pillədəki yerini qoruyub saxlaya bildi.
Ümumilikdə, Oyunlara 12500 nəfərdən artıq gənc əməliyyat könüllüsü, 4000-dən artıq gənc isə mərasimlərdə iştirak edən könüllü kimi qoşulmuşdu. Bununla yanaşı, dünyanın 107 ölkəsindən insanlar Oyunlarda könüllü kimi iştirak etməkdən ötrü müraciət etmiş, onlardan 55 ölkədən olan 400-ə yaxın könüllü proseslərə cəlb edilmişdi.

Nazir növbəti illərdə ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlərdən də söz açdı. Belə ki, Azərbaycan 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasına və Formula-1 üzrə Bakı Avropa Qran-Pri yarışlarına ev sahibliyi edəcək. Ölkəmiz futbol üzrə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa çempionatına, 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının dörddə bir mərhələ yarışlarına hazırlıq işlərini davam etdirir.

Hesabat çıxışı başa çatdıqdan sonra Bakı 2015 İlk Avropa Oyunları gənclər və idman naziri Azad Rəhimov KİV nümayəndələrinin sualların cavablandırdı.