Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib



Dekabrın 25-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov ölkə başçısı cənab İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan danışıb. Azərbaycan atletlərinin beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açan E.Cəfərov idmançılarımızın ciddi sınaq qarşısında olduqlarını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan pəhləvanları bu günədək gələn il Braziliyanın Rio-de-Janeyroda keçiriləcək XXXI Olimpiya Oyunlarına 11 lisenziya qazanıblar. Qarşıda duran məqsəd lisenziyaların sayını artırmaq və Olimpiya Oyunlarında qazanılan uğurlu nəticələri davam etdirməkdir.


E.Cəfərov bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr ölkəmizin güclü potensialı ilə yanaşı, həm də idmana dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra final yarışlarına start verilib.


"Olimpnews.az”