Qılıncoynatma üzrə keçirilən birinciliyə yekun vuruldu

Qılıncoynatma üzrə keçirilən birinciliyə yekun vuruldu

Dekabrın 26-27-də 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş qılıncoynatma üzrə açıq birinciliyi keçirildi. Olimpnews.az saytının məlumatına görə, 56 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda 8 saylı İOEUGİM, «Neftçi idman klubu» İB və «Fencing» idman klubunun tərkibində ümumilikdə, 100-dən çox qılıncoynadan qüvvəsini sınadı.


Yeniyetmə və gənclər arasında təşkil olunan yarış 4 yaş qrupu üzrə (1996-1998, 2000-2002, 2003-2004, 2006-2008-ci illər) keçirildi. Turnirin açılış mərasimində Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədov, 8 saylı İOEUGİM-in direktoru Elvin Məmmədxanov, baş məşqçisi Sudef Quliyev iştirak etdilər.

Açılış mərasimində çıxış edən 8 saylı İOEUGİM-in direktoru Elvin Məmmədxanov yarış iştirakçılarını salamlayaraq turnir haqqında məlumat verdi. «Məktəbimizin təşkilatçılığı ilə keçirilən qılıncoynatma üzrə açıq birincilik ilin son yarışıdır. Sevindirici haldır ki, hər il keçirilən birinciliklərdə uşaqların bu növə marağı və həvəsi hiss olunur. Turnirdə 100-dən çox iştirakçının mübarizə aparması bu növə olan marağı bir daha sübut edir. Bizim əsas məqsədimiz Təhsil Nazirliyinin idman məktəbi olaraq uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmək, onları idmana cəlb etməkdir. Ölkəmizdə keçirilən birinci Avropa Oyunlarından sonra digər idman növlərinə olduğu kimi, qılıncoynatmaya da maraq artdı. Uşaq və yeniyetmələr bu idman növünə kütləvi surətdə maraq göstərməyə başladılar. Əsas məqsədimiz məktəbimizin yetirmələrinin gələcəkdə keçirilən mötəbər turnirlərdə iştirak edərək bayrağımızı yüksəklərə qaldırmasıdır», - deyə Elvin Məmmədxanov bildirdi.

8 saylı İOEUGİM-in baş məşqçisi Sudef Quliyev məktəbin yetirmələrinin il ərzində qazandığı uğurlardan danışdı. «Bu il qılıncoynadanlarımız 8 saylı İOEUGİM-in və federasiyanın dəstəyi ilə bir sıra beynəlxalq turnirlərdə iştirak ediblər. Məktəbimizin yetirmələri bu turnirlərdə yüksək nəticələr əldə ediblər. Beynəlxalq turnirlərlə yanaşı, ölkədaxili yarışlarda da məktəbimizin idmançıları mükafatçılar sırasında yer alıblar. Sevindirici haldır ki, bu növə maraq göstərən idmançıların sayı hər il artır. İnanıram ki, növbəti il də məktəbimizin yetirmələri üçün uğurlu olacaq», - deyə Sudef Quliyev əlavə etdi.

Azərbaycan Qılıncoynatma Federasiyasının birinci vitse-prezidenti Yaşar Məmmədov yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi. Yarış iştirakçılarına uğurlar arzulayan vitse-prezident gələcəkdə keçirilən turnirlərdə də iştirakçıların daha böyük tərkibdə mübarizə aparacağına ümid etdiyini bildirdi. O, hər il keçirilən məktəbin açıq birinciliyinin uşaq və gənclərin təcrübəsinin artmasında böyük rol oynadığını vurğuladı.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. İki gün davam edən yarışda idmançılar sablya və şpaqa növlərində güclərini sınadılar. Yarışın birinci günündə sablya növü üzrə bütün yaş qruplarında qaliblərin adları məlum oldu. 2006-2008-ci illər təvəllüdlü qılıncoynadanlar arasında keçirilən yarışda Aynur Qasımlı birinci yerə layiq görüldü. Bu yaş qrupu üzrə keçirilən oğlanların mübarizəsində isə Nurlan Zeynallı çempion adını qazandı. 2003-2004-cü illər təvəllüdlü qılıncoynadanların yarışında Sara Aydəmirova və Murad Əkbərov bütün rəqiblərindən üstün oldular.


2000-2002-ci illər təvəllüdlü idmançıların mübarizəsində müxtəlif beynəlxalq turnirlərin qalib və mükafatçısı Aysel Əhədova birinci yerə sahib çıxdı. Bu yaş qrupu üzrə oğlanların yarışında Murad Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. 1996-1998-ci illər təvəllüdlü qızların yarışında Nərminə Cəfərova birinci yeri tutdu. Həmin yaş qrupu üzrə keçirilən oğlanların yarışında isə Avropa Oyunlarının iştirakçısı, Dünya kubokunun gümüş mükafatçısı Cavanşir Səfərov bütün rəqiblərindən güclü olduğunu sübut etdi.

Turnirin birinci günündə həmçinin 1996-1998-ci illər təvəllüdlü qılıncoynadanlar arasında şpaqa növündə də qaliblər müəyyənləşdi. Oğlanların mübarizəsində Barat Quliyev, qızların yarışında isə Məhin Məlikova birinci yeri tutdu.

Yarışların ikinci günündə şpaqa növündə digər yaş qrupları üzrə oyunlar keçirildi. 2000-2002-ci illər təvəllüdlü oğlanlar arasında keçirilən yarışda da Barat Quliyev çempion adını qazandı. Həmin yaş qrupu üzrə qızların yarışında Ülkər Hümbətli birinci oldu. 2003-2004-cü illər təvəllüdlü idmançıların mübarizəsində isə Cavid Cahangirov və Azərin İdriszadə fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. 2006-2008-ci illər təvəllüdlü qılıncoynadanların yarışında Ömər Həsənli birinci yerə layiq görüldü. Bu yaş qrupu üzrə qızların yarışında Nazilə Rəhimova qızıl medala sahib çıxdı.

Yarışın sonunda qaliblər diplom, medal və kuboklarla təltif olundular.