«İnanıram ki, yetirmələrimiz gələcəkdə daha da böyük nailiyyətlər qazanacaqlar»

«İnanıram ki, yetirmələrimiz gələcəkdə daha da böyük nailiyyətlər qazanacaqlar»



START»İdman Mərkəzində bədii gimnastika üzrə açıq birincilik başa çatdıqdan sonra mərkəzin baş məşqçisi, beynəlxalq dərəcəli hakim Alfiya Mantova yarışlarla bağlı fikirlərini «olimpnews.az» saytı ilə bölüşdü.


- Azərbaycanda bədii gimnastika yüksək səviyyədə inkişaf edib. Bu növdə ölkəmizdə yüksək uğurlar əldə olunub. Gənc gimnastlarımız peşəkar idmançılara baxıb daha da yüksək uğurlar qazanmağa can atırlar. «START»İdman Mərkəzində 50-dək idmançı bədii gimnastika üzrə məşğul olur. Qeyd edim ki, «START» İdman Mərkəzi tərəfindən mütəmadi olaraq bu cür birinciliklər təşkil edilir. Birinciliyin təşkilində əsas məqsəd yeni il ərəfəsində yeniyetmə və gənc gimnastlara bayram əhval-ruhiyyəsi yaşatmaq, onları sevindirmək, eləcə də perspektivli gimnastları üzə çıxarmaqdır. Burada paytaxtın bir neçə klubundan gimnastlar qüvvələrini sınadılar. Yarışa Kürdəmir gimnastları da dəvət olunub. Yeniyetmə gimnastlar nə qədər çox yarışda iştirak edirlərsə, bir o qədər də onların peşəkarlıq səviyyəsi artır. Əlbəttə ki, məşqçilər də klublarda yetişən yeniyetmə və gəncləri belə yarışlarda yoxlayır və daha da məsul yarışlara hazırlayırlar. İnanıram ki, yetirmələrimiz gələcəkdə daha da böyük nailiyyətlər qazanacaqlar. Qeyd edim ki, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasilevanın tövsiyəsi ilə yarışları beynəlxalq dərəcəli hakimlər idarə etdilər. Fürsətdən istifadə edib yaradılan şəraitə, yarışın təşkili üçün verilən dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasına öz minətdarlığımı bildirirəm.


Aysel