Çingiz Hüseynzadə: “2015-ci ildə Azərbaycan idmançıları atletika yarışlarında yeni rekordlar müəyyən ediblər”

Çingiz Hüseynzadə: “2015-ci ildə Azərbaycan idmançıları atletika yarışlarında yeni rekordlar müəyyən ediblər”



Yola saldığımız 2015-ci il Azərbaycan idmanı, o cümlədən atletika üçün çox uğurlu olub. Ötən il biz dünyada ilk dəfə olaraq, birinci Avropa Oyunlarına ev sahibliyi etdik. Fəxr edirik ki, Oyunlarda atletika üzrə də yarışlar keçirildi və iki idmançımız Bakı-2015 Avropa Oyunlarının çempionu oldular. Bu, böyük nəticə idi.
"Olimpnews.az” xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə AzərTAC-a müsahibəsində deyib.
İl ərzində atletika üzrə digər yarışlarda da nailiyyətlərin qazanıldığını vurğulayan Ç.Hüseynzadə bu baxımdan dünya universiadasını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan yığma komandası universiadada iki qızıl və bir bürünc medal qazanaraq 23-cü yeri tutub. Çox şadıq ki, həmin iki qızıl medalı məhz atletlərimiz qazanıblar. Onlar Azərbaycanın ümumi komanda hesabında 23-cü yerə çıxmasında mühüm rol oynayıblar.
Atletlərimizin il ərzində bir neçə mühüm yarışda yeni rekord müəyyənləşdirdiklərini də diqqətə çatdıran federasiya prezidenti deyib ki, gənc idmançımız Nazim Babayev Avropa çempionatlarının 32 illik rekordunu parlaq nəticə ilə yeniləməklə yanaşı, Olimpiya Oyunlarına da lisenziyanı təmin edib. Yeniyetmələr, gənclər, böyüklərin yarışlarında da idmançılarımız bir neçə rekordu yeniləyiblər.
Ç.Hüseynzadə atletlərimizin 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında və 2017-ci ildə ölkəmizdə təşkil ediləcək IV İslam Həmrəylik Oyunlarında da yüksək nəticələr göstərəcəklərinə əminliyini bildirib.