“Spartak” 2015-ci ili uğurla yola salıb

“Spartak” 2015-ci ili uğurla yola salıb

Ölkəmizdə idman sürətlə inkişaf edir. Dövlətimizin bu sahəyə göstərdiyi qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan idmançıları iştirak etdikləri mötəbər yarışlarda uğurla mübarizə aparırlar. Buna təkan verən ən böyük amillərdən biri respublikamızın bütün bölgələrində yüksək şəraitli idman qurğularının yaradılmasıdır. Bölgələrdə fəaliyyət göstərən Olimpiya idman kompleksləri və digər idman ocaqlarında hər cür şərait mövcuddur. Məhz buna görədir ki, bölgələrdə idmana maraq xeyli artıb. Bu isə uşaq və gənclərin fiziki sağlamlığını təmin edir.
Müxtəlif növlər üzrə keçirilən beynəlxalq yarışlarda əldə olunan nailiyyətlərdə idman klublarının və cəmiyyətlərinin də xüsusi rolu var. Məhz bu idman ocaqlarında yaradılan şəraitdən bəhrələnən atletlərimiz ölkəmizin adını uca tutur, beynəlxalq arenalarda yüksək nailiyyətlər qazanırlar.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan idmanına töhfə verən idman ocaqlarında biri də "Spartak” Könüllü Bədən Tərbiyəsi-İdman Cəmiyyətidir ("Spartak” KBTİC). 1935-ci ildə yaradılan "Spartak” KBTİC paytaxtın 30 bədən tərbiyəsi kollektivini özündə birləşdirir. Cəmiyyət öz fəaliyyətini fəhlə və qulluqçular arasında bədən tərbiyəsi və idmanın geniş yayılmasına yönəldib. Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının inkişafında əvəzsiz xidmətləri olan "Spartak” KBTİC-nin Respublika Şurasının apardığı məqsədyönlü fəaliyyət nəticəsində bu idman ocağında bütün dünyada Azərbaycanın şərəfini ucaldan bir çox məşhur idmançılar yetişib. Olimpiya çempionları - həndbolçular Rəfiqə Şabanova, Lyudmila Şubina, Larisa Safkina, Xoşməramlı Oyunların qalibi Esmira Əsgərova, atletika üzrə Avropa rekordçusu Valeri Sereda, Avropa çempionu Nina Brintseva, sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı və Dünya kubokunun sahibi Telman Paşayev ilk addımlarını bu idman ocağında atıblar. Eyni zamanda dəfələrlə SSRİ xalqları spartakiadalarının və çempionatlarının mükafatçısı, Avropa Həndbol Federasiyası kubokunun qalibi "Avtomobilçi” qadın həndbol komandası, SSRİ Xalqları Spartakiadasının və çempionatının bürünc mükafatçısı "Rabitəçi” qadın otüstü hokkey komandası da məhz "Spartak”da formalaşıb.

1987-ci ilin martında "Spartak” KBTİC-i ləğv edilib. Qarşıya çıxan çətinliklərə baxmayaraq "Spartak”ın veteranlarının, idmançılarının, məşqçilərin və bir sıra müvafiq həmkarlar ittifaqları təşkilatlarının köməyi ilə 1993-cü ilin mayında bu idman qurumu yenidən bərpa edilib. Cəmiyyətin Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər şuraları da fəaliyyətə başlayıb. Öz tarixi ənənələrinə sadiq qalan "Spartak” KBTİC-in Respublika Şurası yeni-yeni idmançılar və məşqçilər hazırlanmasına xidmət edən tədbirlər həyata keçirib. Cəmiyyət öz işini Azərbaycanın iqtisadi, siyasi və sosial həyatında baş vermiş dəyişikliklərə uyğun qurub.

Bu idman cəmiyyətinin yetirmələri hər il iştirak etdikləri müxtəlif yarışlarda mükafatalayiq nəticələr göstərirlər. Cəmiyyətin idmançıları 2015-ci ildə də ənənəyə sadiq qalıblar. Onlar il ərzində müxtəlif idman növləri üzrə təşkil olunan birincilik və çempionatlarda mükafatçılar sırasında yer alıblar. Yanvarın 30-31-də ağır atletika üzrə keçirilən Azərbaycan çempionatında "Spartak” İC-in yetirməsi Rauf Nəbiyev (69 kq) çempion adını qazanıb. 85 kq çəki dərəcəsində mübarizə aparan Həmid Qocayev isə gümüş medala layiq görülüb. Buranın yeniyetmə boksçusu Tural Musayev (63 kq) də 2015-ci ildə medal qazananlardan olub. Belə ki, yanvar ayında keçirilən Azərbaycan birinciliyində o, turnirin bürünc mükafatını əldə edib. "Spartak” İC-in yunan-Roma güləş bölməsinin yetirməsi Namiq İmanlı da iştirak etdiyi Azərbaycan birinciliyində mükafatcılar sırasında yer alıb. 50 kq çəki dərəcəsində mübarizə aparan güləşçi birinciliyi üçüncü pillədə başa çatdırıb. Fevral ayında təşkil olunan atletika üzrə Azərbaycan çempionatı da "Spartak” İC üçün yaddaqalan olub. Cəmiyyətin xanım atleti Adilə Məmmədli 200 m və 400 m məsafəyə qaçış yarışlarında 2 gümüş, 1 bürünc medala layiq görülüb. Komanda hesabında da "Spartak” İC-in idmançıları fəxri kürsüdə yer alıblar. 2605 xal toplayan cəmiyyətin atletləri üçüncü pillədə qərarlaşıblar. İdman ocağının yeniyetmə atletləri də bu il iştirak etdikləri yarışlarda pis nəticə göstərməyiblər. Fevralın 20-21-də keçirilən Azərbaycan birinciliyində klubun 1996-1997-ci il təvəllüdlü oğlan və qızları yüksək nəticələrlə seçiliblər. Təhrab Əkbərzadə 200 m məsafəyə qaçışda qızıl, 60 m məsafəyə qaçışda isə bürünc medala layiq görülüb. Onların komanda yoldaşı Zeynal Misqərli də çempionatda fərqlənənlərdən biri olub. 60 m məsafə üzrə yarışlarda yaxşı nəticə göstərən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cəmiyyətin xanım idmançıları da ölkə birinciliyində fərqləniblər. Lalə Gülbalayeva nüvəitələmə yarışında uğurlu nəticə göstərərək Azərbaycan çempionu adını qazanıb. Mart ayında təşkil olunan yarışlara da "Spartak” İC-nin yetirmələri ciddi hazırlaşıblar. Həmin vaxt 1998-1999, 2000-2002-ci il təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyində Sənan Mirzəyev (85 kq) gümüş medala yiyələnib.

İdman cəmiyyətinin bədii gimnastları da ötən ildə bir sıra yarışlarda güclərini sınayıblar. Qrup hərəkətləri üzrə Azərbaycan açıq çempionatında mübarizə aparan Cənnət Məmmədova və Zeynəb Hümbətova çempionatın bürünc medalını qazanıblar. İdman ocağının gimnastları aprel ayında keçirilən beynəlxalq dərəcəli yarışlarda da uğurlu nəticə göstəriblər. Bədii gimnastika üzrə keçirilən açıq birincilikdə iplə hərəkətlərdə mübarizə aparan Ləman Hüseynova birinci olub. Çoxnövçülük üzrə yarışlara qatılan Mariya Xamaza turnirin gümüş medalına layiq görülüb. Onların komanda yoldaşları Mədinə Əsədova da mükafatçılar sırasında yer alıb. Halqa ilə hərəkətlərdə gücünü sınayan bu gimnast ikinci pillədə qərarlaşıb. Üç növ (ip, top, çoxnövçülük) üzrə yarışa qatılan Emiliya Səlimova turniri ikinci pillədə başa vurub. "Spartak” İC-in digər bir gimnastı - Fidan Cavadova iplə hərəkətlərdə mübarizə aparanlar arasında fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Xavər Sadıqova isə komanda yoldaşından yalnız iki pillə geri qalıb. Çoxnövçülük üzrə yarışlarda iştirak edən Xavər turniri üçüncü pillədə başa vurub. Ölkəmizdə təşkil olunan açıq birincilikdən sonra gimnastlar Polşanın paytaxtı Varşava şəhərinə yollanıblar. Aprelin 11-12-də burada bədii gimnastika üzrə keçirilən "İRİNA-CUP” VI beynəlxalq turnirində mübarizəyə qoşulan "Spartak” İC-in təmsilçiləri yenə də bayrağımızı yüksəltməyə nail olublar. Çoxnövçülük üzrə yarışda iştirak edən Emiliya Səlimova və Mariya Xamaza fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. Mayın 1-2-də İtaliyanın Morbenqo şəhərində keçirilən turnirdə təmsilçilərimiz uğurlu nəticə ilə yadda qalıblar. Çoxnövçülük üzrə yarışlarda ölkəmizi təmsil edən Gülçöhrə Cəfərova gümüş medala sahib şıxıb. Xavər Sadıxova, Aysu Susani və Aydan Ağayeva isə üçüncü pillədə yer alıblar.

"Spartak” İC-in yetirmələri aprel ayında da bir sıra yarışlarda uğurlu nəticələr qazanaraq mükafatalayiq yerlər tutublar. 1995-ci il təvəllüdlü qızlar və oğlanlar arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyində mübarizə aparan Rübabə Quluzadə qızıl medala layiq görülüb. Diana Rəsulova isə komanda yoldaşından cəmi bir pillə geri qalıb. O, turniri ikinci yerdə başa vurub. Klubun idmançısı Fatimə Məmmədli də bu yarışda fərqlənənlər arasında yer alıb. Fatimə turniri bürünc medalla başa çatdırıb. Cəmiyyətin yetirməsi Əliməmməd Hüseynov isə daha sərrast olub. O, bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. İlkin Həsənov II, Coşqun Rəvvaqzadə III yerdə qərarlaşıblar. Onların komanda yoldaşı Urfan Axundlu da rəqiblərindən yüksək nəticə göstərərək turnirin qızıl medalına sahib çıxıb. Cəmiyyətin xanım gülləatıcısı Nəzrin Abbaslı da mükafatçılar sırasında yer alıb. Hədəfi dəqiq nişan alan bu idmançı I yerə layiq görülüb. Mayın 19-20-də güləş üzrə təşkil olunan Azərbaycan birinciliyində "Spartak” İC-in yetirmələri də güclərini sınayıblar. Güləşin yunan-Roma növü üzrə yarışan Nərmin Paşayeva ilk üçlükdə yer alıb. 46 kq çəki dərəcəsində mübarizə aparan xanım güləşçi turnirin üçüncüsü olub. İdman cəmiyyətinin yetirmələri iyun ayında təşkil olunan müxtəlif turnirlərdə mübarizə aparıblar. Atletika üzrə keçirilən Azərbaycan çempionatında "Spartak” İC-in yetirməsi, istedadlı atlet Adilə Məmmədli mükafatçılar sırasında yer alıb. Bu idmançı ölkə çempionatında bir gümüş, bir bürünc medala layiq görülüb. İyul ayında güllə atıcılığı üzrə Azərbaycan çempionatı da "Spartak”ın idmançıları üçün yaddaqalan olub. Belə ki, cəmiyyətin atıcıları Rübabə Quluzadə və Nəzrin Abbaslı qızıl, Xəyalə Hüseynli gümüş medal qazanıb. Onların komanda yoldaşı Fatimə Məmmədli isə üçüncü pillədə qərarlaşıb. Cəmiyyətin təmsilçisi Əliməmməd Hüseynov da çempionatı fəxri kürsünün birinci pilləsində başa çatdırıb.

"Spartak” İC-in idmançılarının uğurla yarışdığı növbəti beynəlxalq turnir Gürcüstanın Batumi şəhərində keçirilib. Sentyabrın 25-27-də təşkil olunan yarışda yunan-Roma güləşi üzrə ölkəmizi təmsil edən İntiqam Məmmədov (74 kq) və Fərhad Dadaşov (84 kq) bürünc medala layiq görülüblər. Rəşid Ağazadə də yoldaşlarından geri qalmayıb. 120 kq çəki dərəcəsində mübarizə aparan bu idmançı III yerlə kifayətlənib. Oktyabrın 8-11-də "Spartak” İC-in təmsilçiləri Batumidə təşkil olunan daha bir turnirdə güclərini sınayıblar. David Bedinadzenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə yarışlarda Fərid Qafarov (54 kq) və Murad Abbasov (46 kq) bürünc medala layiq görülüblər. Gürcüstan sınağından sonra cəmiyyətin güləşçiləri Türkiyənin Rize şəhərində mübarizə aparıblar. Onlar Olimpiya çempionu Mehmet Akif Pirimin xatirəsinə həsr olunan turnirdə fəxri kürsüdə yer alıblar. Ölkəmizi təmsil edən İlham Mehrəlili (42 kq) və Fərid Qafarov (53 kq) Türkiyədən vətənə gümüş medalla qayıdıblar. "Spartak” İC-in digər güləşçisi - 53 kq çəki dərəcəsində yarışan Taleh Lətifov isə beynəlxalq turnirdə bürünc medal qazanıb.

2015-ci il artıq başa çatıb. Qeyd etdiyimiz kimi, yola saldığımız bu il "Spartak” Könüllü Bədən Tərbiyəsi-İdman Cəmiyyəti üçün uğurlu olub. Buranın idmançılarını qarşıdakı ildə yeni sınaqlar gözləyir. İnanırıq ki, idman ocağının təmsilçiləri yenə də yüksək nəticələr göstərəcək, ölkəmizin bayrağını beynəlxalq arenalarda dalğalandıracaqlar.