Azərbaycan gimnastları 2015-ci ildə rekord sayda medal qazanıblar

Azərbaycan gimnastları 2015-ci ildə rekord sayda medal qazanıblar


"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, 2014-cü ildə olduğu kimi, ötən ildə də vətənə daha çox medalı bədii gimnastika nümayəndələri (81 medal) gətiriblər. İdmançılarımız kişi idman gimnastikası üzrə 32 medal, akrobatlar 15 medal, qadın idman gimnastlarımız 11 medal əldə ediblər. Batut və aerobika üzrə isə hər birində 9 medal qazanılıb.
Ən çox medal Marina Durundadan (22) gəlib. Digər gimnastlarımız – Durundanın komanda yoldaşı Jalə Piriyeva və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci yeri tutan Oleq Stepko ondan bir medal az, 21 medala sahib olublar.
Sözsüz ki, idmançılarımız üçün 2015-ci ildə ən mühüm və mötəbər yarış ilk Avropa Oyunları olub. Gimnastımlz Oleq Stepko bu yarışlarda biri qızıl (paralel qollar) olmaqla, 5 medal qazanan 

yeganə Azərbaycan idmançısıdır. O, daha bir medalı Eldar Səfərov və Pyotr Paxnyukla birgə komanda hesabında əldə edib. İlya Qrişunin batut gimnastikasındə bürünc, Marina Durunda bədii gimnastika üzrə lentlə yarışlarda gümüş medala layiq görülüb. Ümumiyyətlə, lent ötən il Marina üçün ən uğurlu alət olub. O, dahi Üzeyir Hacıbəylinin "Fantaziya” əsərinin sədaları altında lentlə hərəkətlərdə Avropa çempionatının bürünc medalına sahib olub.
Akrobatlarımız yaş qrupları üzrə Avropa yarışlarında ilk dəfə medal qazanıblar. Gümüş medala kişi cütlüyü Seymur Cəfərov/Murad Əkbərov, bürünc medalı isə qarışıq cütlük Ağasif Rəhimov/Nurcan Cabbarlı layiq görülüb.
Oleq Stepko ötən il ən əhəmiyyətli medalı idman gimnastikası üzrə dünya çempionatında qazanıb. O, müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə olaraq paralel qollarda bürünc medal qazanıb.
2015-ci il gimnastlarımızın Dünya Gimnastradasında debütü ilə də yadda qalıb. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişafı üzrə öz planını yerinə yetirmiş oldu. Hazırda ölkəmizdə gimnastikanın Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 növü inkişaf etdirilir.
Avropa çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə mənzillə mükafatlandırılıb. İlin yekunlarına əsasən Gimnastika Federasiyası Gənclər və İdman Nazirliyi tərəfindən ən yaxşı federasiya, Milli Gimnastika Arenası ən yaxşı arena hesab olunub.
Dekabrın 24-də Azərbaycan Gimnastika Federasiyanın hesabat-seçki xarakterli 6-cı ümumi yığıncağı olub və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən qurumun prezidenti seçilib. Səsvermənin yekunlarına əsasən, fəaliyyətlərini Altay Həsənov vitse-prezident, Rauf Əliyev və Rafiq Behbudov isə federasiyanın İcraiyyə Komitəsinin üzvü kimi davam etdirəcəklər. Mariana Vasilyeva İcra Komitəsinin yeni üzvü seçilib.
Ötən ilə isə Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların məşqçi və idmançılarının ifasında "Yeni il gecəsində yuxu” adlı möhtəşəm şou ilə yekun vurulub.
2016-cı il də idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa, dünya çempionatları və ən başlıcası Rio-2016 Yay Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepkonun artıq bu oyunlara lisenziyaları var. Aprel ayında bədii gimnastika üzrə qrup komandasının, bir kişi və bir qadın idman gimnastikası təmsilçilərinin əlavə lisenziyalar əldə etmək şansı olacaq.
Bu il həm də ölkəmizdə gimnastika üzrə 3 Dünya Kuboku – idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda və nəhayət, bədii gimnastika üzrə iyulda -yarışları təşkil ediləcək.