«Neftçi» İSM yarış keçirdi

«Neftçi» İSM yarış keçirdi



«Neftçi» İSM-in mətbuat xidmətindən olimpnews.az saytına daxil olan məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən «Neftçi» İdman-Sağlamlıq Mərkəzi neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri və onların ailə üzvlərinin sağlamlıqlarının qorunması məqsədilə bugünlərdə öz növbəti yarışlarını təşkil edib. Aprel ayının 19-da gerçəkləşən «Səmti müəyyən etmə» yarışı bu il mərkəzin keçirdiyi ilk turizm yarışı olub.
Tədbir Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən zeytun bağları ərazisində təşkil edilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yarışda «Neft Daşları» NQÇİ, Maddi Texniki Təchizat İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, «Bibiheybət» İXTİ, Qaz Anbarlarının İstismarı İdarəsi, «28 May» NQÇİ, «Mədəngeofizika» İdarəsi, Nəqliyyat və Xüsusi Texnika İdarəsi, H.Z.Tağıyev adına NQÇİ, Ə.Əmirov adına NQÇİ və Kəşfiyyat Geofizika İdarəsinin komandaları iştirak ediblər. 
Əvvəlcə yarışın baş hakimi Etibar Məmmədov, hakimlər Nataliya Əliyeva və İrina Rijuxina yarış və onun keçirilməsinin qaydaları haqda iştirakçılara məlumat veriblər. Qaydaya görə, komandanın tərkibi 5 nəfərdən (3 kişi, 1 qadın və 1 nümayəndə) ibarət idi. Komanda yarışında qalib 3 kişi və 1 qadının ən yaxşı nəticəsi ilə müəyyən edilirdi. Əvvəlki illərdən fərqli, bu il ilk dəfə olaraq, mərkəz ilk dəfə bu növdə qadınlar və kişilər arasında fərdi qaliblərə də diplom və mükafatlar ayırmışdı.
Yarışın qaydalarına görə, meşə zolağında 10 nəzarət məntəqəsi təyin olunmuşdu. Yarışın martşrutunun uzunluğu 4 km təşkil edirdi. Komanda üzvü start nöqtəsindən yarışın xəritəsi və kompasla çıxaraq nəzarət nöqtələrini axtarmağa başlayırdı. Məntəqəni tapdıqdan sonra orada yerləşdirilmiş komposserlə əlindəki kartın uyğun rəqəmini qeyd edirdi. Nəzarət məntəqələrinin hamısını tapdıqdan sonra iştirakçı finişə qayıdır və kartını hakimlər briqadasına təqdim edirdi. Komanda üzvü ən geci iki saat ərzində yarışı sona çatdırmalı idi. Bunu bacarmayan şəxs yarışdan uzaqlaşdırılırdı.
Püşkatma vasitəsilə komandaların mərhələləri keçmə ardıcıllığı müəyyən olunub və yarışa start verilib. İştirakçılar tək-tək yarışırdılar. Hər iki dəqiqədən bir növbəti komanda üzvü meşə zolağına daxil olur, əlindəki xəritə və kompasın köməyi ilə axtarışa başlayırdı. Bir məntəqədən digərinə çatmaq üçün iştirakçılar kompas və xəritə ilə çox dəqiq işləməli idilər. Təbii ki, bütün bunlar komanda üzvlərini daha diqqətli olmağa sövq edirdi. Havanın yağışlı, bir qədər də soyuq keçməsi meşə zolağında qaçmaq üçün xeyli çətinlik yaratmışdı. Lakin belə hava şəraiti yarış iştirakçılarını heç də qorxutmurdu, əksinə yarışın daha da maraqlı keçməsinə səbəb olurdu.
Böyük maraqla keçən yarışın nəticələrinə görə komandalar arasında Maddi Texniki Təchizat İdarəsi komandası qalib adını qazanıb. Heydər Əliyev adına BNEZ 2-ci, «Neft Daşları» NQÇİ isə 3-cü yerə yerə layiq görülüb.



Qadınlar arasında isə fərdi yarışlarda qalib adına Samirə İbrahimova (Heydər Əliyev adına BNEZ) layiq görülüb. Yelena Petrakova («Neft Daşları» NQÇİ) 2-ci, Mehriban Axundova (Mədən Geofizika İdarəsi) isə 3-cü olub. Kişilərin yarışında Şəhriyar İsmayılov (Kəşfiyyat Geofizika İdarəsi) finişə hamıdan tez çatıb. Fuad Nadirov (Mədən Geofizika İdarəsi) və Fəqan Səfərov (Maddi Texniki Təchizat İdarəsi) isə müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutublar.
Ümumi komanda hesabında və şəxsi yarışlarda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yeri tutmuş iştirakçılara «Neftçi» İSM-in diplom və xatirə hədiyyələri də təqdim olunub.