2015-ci il də böyük uğurlarla yola salınıb

2015-ci il də böyük uğurlarla yola salınıb

Dövlətimizin bədən tərbiyəsi və idmana göstərdiyi qayğı sayəsində Azərbaycanda idman daha da sürətlə inkişaf etməyə başlayıb. Son illər respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm layihələr həyata keçirilir. Paytaxtla yanaşı, bu gün respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir ki, bunlar da yüksək səviyyəli idmançılar hazırlamaq imkanına malikdir. Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, məqsədyönlü dövlət siyasəti, atılan düzgün addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun əyani sübutudur. Ölkəmizin və idmanımızın sürətli inkişafının nəticəsidir ki, Azərbaycan tarixdə ilk dəfə keçirilən I Avropa Oyunlarının paytaxtına çevrildi.
"Neftçi idman klubu” idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edir. Belə ki, klub neft, qaz və kimya sənayesinin işçiləri arasında mütəmadi olaraq idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, klub peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və ölkə idmanına öz töhfəsini verir.
Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, 2015-ci il ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 36 növü üzrə 189 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də 900-dən artıq neftçi idmanla məşğul olub. "Neftçi idman klubu”nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilər və onların ailə üzvləri arasında müxtəlif idman tədbirlərinin təşkili artıq bir ənənə halını almışdır. İl ərzində bu qəbildən mini-futbol (Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnirlər), voleybol, stolüstü tennis, "Səmti müəyyən etmə” və "Atam, anam və mən” (1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil edilib. Bundan başqa, neft, qaz və kimya sənayesi işçilərinin iştirakı ilə keçirilən spartakiadada 1800-ə yaxın neftçi öz bacarıq və qüvvəsini nümayiş etdirib.
İdmanın kütləviləşməsi, sağlam gəncliyin formalaşması, neftçilərin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən yaddaqalanı isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı (20 Sentyabr - Neftçilər Günü) ərəfəsində təşkil olunan spartakiada yarışlarıdır. 2015-ci ildə klubumuz tərəfindən təşkil edilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasında 31 müəssisənin komandası iştirak edib. Yarışda ümumilikdə 1239 nəfər iştirak edib ki, onun 293-ü qadınlar olub. Spartakiadada 14 idman növü (atletika, mini futbol, üzgüçülük, voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma, qolgücü və güllə atıcılığı) üzrə mübarizə aparıblar.
Klubun mühüm fəaliyyət istiqamətindən biri də peşəkar idmançıların hazırlanmasıdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra idmançılarımız Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında uğurla çıxış edərək, vətənə medallarla qayıdıblar. Təmsilçilərimiz bu uğurlu ənənəni indi də davam etdirirlər. Belə ki, klubun yetirmələri müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırılar. Sevindirici haldır ki, klubun təmsilçiləri təkcə 2015-ci il ərzində 1812 medal qazanıblar ki, ondan da 704-ü qızıl, 473-ü gümüş, 635-i isə bürüncdür.
Bu il iyunun 12-dən 28-dək ölkəmizdə keçirilən Bakı-2015 I Avropa Oyunlarında 50 ölkəni təmsil edən 6000-dən çox idmançı 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparıb. Azərbaycan komandası Rusiya istisna olmaqla Avropanın bütün nəhəng ölkələrinin komandalarını qabaqlayaraq 56 (21 qızıl, 15 gümüş, 20 bürünc) medalla ümumi komanda hesabında 2-ci yeri tutub. Bakı-2015 ilk Avropa Oyunlarında qazanılan bu uğurda "Neftçi İdman Klubu”nun təmsilçilərinin böyük xidməti olub. İlk Avropa Oyunlarında Azərbaycan milli komandasının heyətində ən çox yer alan və bu yarışlarda daha çox medal qazanan idmançılar da məhz "Neftçi idman klubu”nun yetirmələri olub. Klubumuz bu mötəbər yarışda 79 idmançı ilə təmsil olunmuşdu. Böyük qürur hissi ilə qeyd etməliyik ki, qazanılan 56 medaldan 16-sı "Neftçi İdman Klubu”nun atletlərinin payına düşür. Bu medallardan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib olublar.
Yarışlar zamanı idmançılarımıza dəstək məqsədilə klubun idmançıları, əməkdaşları və onların ailə üzvlərindən ibarət azarkeş qrupları yaradılmışdı. Milli dövlət atributları və I Avropa Oyunlarının emblemini əks etdirən idman köynəkləri isə təmin olunan azarkeşlər qrupu klubun yarışlarda mübarizə aparan idmançılarını dəstəkləyərək qələbəyə ruhlandırıblar.
Ötən il klubun yetirmələrindən ağırlıqqaldıran Boyanka Kostova Avropa və dünya çempionatlarında qızıl medal qazanmaqla bərabər, həm də Avropa və dünya rekordunu yeniləyib. Güləşçilərimiz Hacı Əliyev və Rəsul Çunayevin dünya çempionatındakı parlaq qələbələri, atlet Nazim Babayevin gənclər arasında Avropa rekordunu yeniləməsi, paralimpiyaçılarımızın Avropa və dünya çempionatlarında çoxsaylı rekordlar müəyyən etməsi də ilin yaddaqalan və böyük uğurlarındandır.
Təsadüfi deyil ki, ilin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş ilin ən güclü 10 idmançısından 5-i, ilin məşqçilərindən isə 3-ü məhz "Neftçi idman klubu”nun təmsilçisidir.
2015-ci ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də yüksək nailiyyətlər əldə olunub. Belə ki, yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandası ölkə çempionu olub, futzal komandamız sonuncu Azərbaycan çempionatında 4-cü yerə çıxıb. Bundan əlavə, futbol üzrə ölkə çempionatının birinci divizionunda çıxış edən "Qaradağ Lökbatan” komandası çempionatı 4-cü yerdə başa vurub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə futbol üzrə dörd yaş qrupunda keçirilən Bakı şəhər klub komanda birinciliyində "Neftçi idman klubu” bütün yaş qruplarında təmsil olunub. Uğurla çıxış edən 1999-cu il təvəllüdlülərdən ibarət komandamız paytaxt birinciliyinin qalibi adına layiq görülüb. "Neftçi idman klubu”nun komandaları müxtəlif yaş qruplarında Azərbaycan və Bakı birinciliklərində, eləcə də Bakı Futbol Federasiyasının təşkil etdiyi "Sabahın ulduzları” paytaxt çempionatında çıxışlarını uğurla davam etdirirlər.
Təbii ki, bu uğurların əldə olunmasında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin xidməti danılmazdır. Rövnəq Abdullayev idmançılarımızdan diqqət və qayğısını əsirgəmir və məhz bu insanın köməkliyi sayəsində təmsilçilərimizin yüksək səviyyəli şəraitdə məşq etmələri üçün üçün hər cür şərait yaradılıb. Rövnəq Abdullayev yarışlardan sonra "Neftçi idman klubu”nun Bakı-2015 Avropa Oyunlarında medal qazanan idmançıları və onların məşqçilərini qəbul edib. Qazanılan böyük uğur münasibətilə klubun təmsilçilərini təbrik edən şirkət rəhbəri onları pul və xatirə hədiyyələri ilə mükafatlandırıb.

Əldə olunan nəticələr, qazanılan uğurlar "Neftçi İdman Klubu”nun ölkədə idman və Olimpiya Hərəkatının inkişafında önəmli rol oynayan idman cəmiyyəti olmasından xəbər veriri. Ancaq biz bu uğurlarla kifayətlənmək istəmirik. Əksinə, daha uca zirvələrə yüksəlmək üçün bu yolda inamla, əzmlə addımlamaq fikrindəyik.
Hazırda əsas hədəfimiz bu il Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq və orada ölkəmizi layiqincə təmsil edərək, vətənə yüksək nailiyyətlərlə dönməkdir. Məqsədimizə çatmaq üçün bu yolda inamla irəliləyirik.
Sadıq Sadıqov,
"Neftçi idman klubu” İctimai Birliyi
idarəetmə aparatının rəhbəri,
MOK-un İcraiyyə Komitəsinin üzvü,
əməkdar bədən tərbiyəsi və idman xadimi