Gimnastlarımız 2015-ci ildə rekord sayda medal qazanıblar

Gimnastlarımız 2015-ci ildə rekord sayda medal qazanıblar

Azərbaycan Gimnastika Federasiyası ötən ili uğurlu idman nailiyyətləri ilə yola salıb. Gimnastlarımız 2014-cü ildə olduğu kimi, ötən ildə də idmansevərləri yüksək nəticələrlə sevindiriblər. Azərbaycan gimnastları 2015-ci ildə rekord sayda - 157 medal qazanıblar.Təbii ki, ən çox medal (81) bədii gimnastika növündə əldə olunub. Kişi idman gimnastikası üzrə 32, qadın idman gimnastikası üzrə 11, akrobatika üzrə 15, batut və aerobikada isə hər növ üzrə 9 medal qazanılıb.

Bədii gimnastikada ən çox medala (22) Bakı-2015 Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda sahib olub. Digər gimnastlarımızdan Durundanın komanda yoldaşı Jalə Piriyeva və Azərbaycan Gimnastika Federasiyasının reytinq cədvəlində 1-ci yeri tutan Oleq Stepko 21 medal əldə ediblər.

Ötən ilin 12-28 iyununda ölkəmizdə keçirilən I Avropa Oyunları idmançılarımız üçün 2015-ci ildə ən mühüm və mötəbər yarışlardan biri oldu. Gimnastımız Oleq Stepko bu yarışlarda biri qızıl (paralel qollar) olmaqla, 5 medal qazanan yeganə Azərbaycan idmançısı kimi öz adını tarixə yazdı. Eldar Səfərov, Pyotr Paxnyuk və Oleq Stepkonun birgə komanda hesabında əldə etdiyi bürünc medal yığmamız üçün mühüm əhəmiyyət daşıyırdı. I Avropa Oyunlarında İlya Qrişunin batut gimnastikasında bürünc, Marina Durunda bədii gimnastika üzrə lentlə yarışlarda gümüş medala layiq görülüb. Ümumiyyətlə, lentlə hərəkətlərdə çıxış ötən il Marina üçün uğurlu olub. Belə ki, o, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Fantaziya” əsərinin melodiyası altında lentlə hərəkətlərdə Avropa çempionatının bürünc medalını qazanıb.

2015-ci ildə akrobatlarımız yaş qrupları üzrə Avropa yarışlarında ilk dəfə medal əldə ediblər. Seymur Cəfərov və Murad Əkbərovdan ibarət cütlük gümüş medala, Ağasif Rəhimov və Nurcan Cabbarlı qarışıq cütlüyü isə bürünc medala layiq görülüb.

Azərbaycan təmsilçisi Oleq Stepkonun ötən il əldə etdiyi ən böyük uğurlardan biri də onun idman gimnastikası üzrə dünya çempionatında qazandığı medalıdır. O, müstəqil Azərbaycanın idman gimnastikası tarixində ilk dəfə paralel qollarda bürünc medala sahib olub.

2015-ci il gimnastlarımızın dünya gimnastradasında debütü ilə də yadda qalıb. Bununla da Gimnastika Federasiyası gimnastika növlərinin inkişafı üzrə normativ və tapşırıqları tam yerinə yetirib. Sevindirici haldır ki, hazırda Beynəlxalq Gimnastika Federasiyasının tanıdığı 7 əsas növ ölkəmizdə yüksək səviyyədə inkişaf etdirilir.
Ötən il Avropa çempionatının ikiqat mükafatçısı Gülsüm Şəfizadə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə mənzillə mükafatlandırılıb. İlin yekunlarına əsasən Gimnastika Federasiyası Gənclər və İdman Nazirliyi tərəfindən ən yaxşı federasiya, Milli Gimnastika Arenası ən yaxşı arena hesab olunub.
Dekabrın 24-də Azərbaycan Gimnastika Federasiyanın hesabat-seçki xarakterli 6-cı ümumi yığıncağı keçirilib və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən federasiyanın prezidenti seçilib. Səsvermənin yekunlarına əsasən, Altay Həsənov vitse-prezident, Rauf Əliyev və Rafiq Behbudov isə İcraiyyə Komitəsinin üzvü seçiliblər. Tədbirdə bədii gimnastika üzrə yığmanın baş məşqçisi Mariana Vasileva İcraiyyə Komitəsinin yeni üzvü seçilib. Tədbirdən sonra Milli Gimnastika Arenasında gimnastika növləri üzrə yığma komandaların məşqçi və idmançılarının ifasında "Yeni il gecəsində yuxu” adlı möhtəşəm şou ilə ötən ilə yekun vurulub.

2016-cı il də idmançılarımızı müxtəlif beynəlxalq yarışlar, Avropa, dünya çempionatları və ən başlıcası, Rio-2016 Yay Olimpiya Oyunları gözləyir. Marina Durunda və Oleq Stepko artıq bu olimpiadaya lisenziya qazanıblar. Aprel ayında bədii gimnastika üzrə qrup komandası, eləcə də biri kişi və biri qadın olmaqla iki idman gimnastımız Rio-2016 Olimpiadasına lisenziya uğrunda mübarizə aparacaq.

Bu il ölkəmizdə həm də gimnastika üzrə 3 Dünya Kuboku (idman gimnastikası üzrə fevralda, batut gimnastikası üzrə martda və nəhayət, bədii gimnastika üzrə iyulda) yarışları təşkil ediləcək.