Yanvarın 16-da yeniyetmələr arasında sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş 19-cu beynəlxalq turnir keçirilib.
Yarışda Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya və Gürcüstan idmançıları da birincilik uğrunda mübarizə aparıblar.
Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının birgə keçirdikləri turnirdə ölkəmizin bütün şəhər və rayonlarından, eləcə də Rusiya və Gürcüstandan 134 yeniyetmə güləşçi mükafatlar uğrunda mübarizə aparıb. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, 10 çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Yeniyetmə güləşçilərimiz uğurlu çıxışlarıyla yadda qalıblar. Belə ki, 7 çəki dərəcəsində Azərbaycan idmançıları birinci olublar. Rusiya güləşçiləri 2, Gürcüstan komandası isə 1 qızıl medal qazanıb.
Hövsan Olimpiya İdman Kompleksində keçirilən turnirdə Mahir Məmmədov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov (54 kq), Vahid Əlizadə (58 kq), Maqomed Surhoev (63 kq, Rusiya), Qoqa Mamiauri (69 kq, Gürcüstan), Rəşad Yusifli (76 kq), Əhliman Quliyev (85 kq), Vahit Qoloev (100 kq, Rusiya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.