Yaradılan şərait qələbəyə yol açır

Yaradılan şərait qələbəyə yol açır

Azərbaycanda idmana göstərilən dövlət qayğısı idmançılarımızın qələbəsinə zəmin yaradır. Təmsilçilərimizin beynəlxalq arenalarda uğurlu çıxışlarını izlədikcə qəlbimiz qürur hissi ilə döyünür. Şübhəsiz ki, əldə olunan qələbələrdə, gənc nəslin kütləvi halda idmana cəlb olunmasında idman məktəblərinin də müstəsna xidmətləri var. Belə məktəblər respublikamızın paytaxtında, bölgələrdə kifayət qədərdir.Yeni və müasir tələblərə cavab verən idman ocaqlarının yaradılması gənc nəslin sağlamlığını təmin etməklə yanaşı, onların yarışlarda yüksək nəticələr göstərməsini də təmin edir. Son illər ölkəmizdə 40-dan artıq Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib. Bu idman mərkəzləri ən müasir avadanlıqlarla təchiz olunub.

Olimpnews.az saytının məlumatına görə, belə idman ocaqlarından biri də Sumqayıt Olimpiya İdman Kompleksidir. Kompleks 2011-ci il dekabrın 19-da istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər. Kompleksin tikintisi üçün şəhərin 7-ci mikrorayonu ərazisində üç hektar torpaq sahəsi ayrılıb. İnşasına 2007-ci ildə başlanılan kompleks üç hissədən ibarətdir. Kompleksin foyesində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğını əks etdirən fotostend yaradılıb. Kompleksdəki trenajor və ağır atletika zallarında, həmçinin tir otağında gənclərin idmanın bu növləri ilə məşğul olmaları üçün ən müasir avadanlıq quraşdırılıb. İdman ocağında olan kinozalda müxtəlif treninqlərin və digər tədbirlərin keçirilməsi mümkündür. Burada müxtəlif səviyyəli yarışların keçirilməsinə imkan verən müasir üzgüçülük hovuzu da inşa olunub. Kompleksin ağır atletika, hovuz və idman zallarının hər biri üçün soyunub-geyinmə, duş, sauna kabinəsi, masaj otaqları və digər texniki otaqlar mövcuddur. Baş plana əsasən, idman qurğusunun ərazisində uzunluğu 65, eni 40 metr olan süni örtüklü futbol meydançası yaradılıb. Burada, həmçinin uzunluğu 110 metr olan qaçış zolağı, açıq basketbol, voleybol, tennis meydançaları inşa edilib. Kompleksin ərazisində geniş abadlıq işləri həyata keçirilib, yaşıllıq sahələri salınıb. Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana 42 çarpayılıqdır. Buradakı 17 iki çarpayılıq, 7 bir çarpayılıq və bir lyuks otağın hamısında qonaqlara müasir tələblər səviyyəsində xidmət göstərmək imkanı yaradılıb. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərir. Ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait var. Kompleksin ikinci mərtəbəsində stolüstü tennis və bilyard stolları da idmançıların ixtiyarındadır.



Qeyd etdiyimiz kimi, idman ocağında uşaq, yeniyetmə və gənclərin idmanın müxtəlif növləri üzrə məşğul olması üçün hər cür şərait mövcuddur. Burada 600 uşaq və gənc 13 idman növünün sirlərinə yiyələnir. Kompleksdə bu bölmələrdən əlavə iki dərnək də fəaliyyət göstərir. Burada məşq edən idmançıların nailiyyətləri ildən-ilə artmaqdadır. İdman ocağının yetirmələri keçirilən yarışlarda mükafatalayiq yerlər tutur, məktəbin idman şərəfini layiqincə qoruyurlar. Kompleksdə il ərzində bir sıra yarışlar, o cümlədən təlim-məşqlər təşkil olunur. Yola saldığımız 2015-ci ildə burada sərbəst və milli güləş, üzgüçülük, taekvondo, ağırlıqqaldırma, cüdo, gimnastika və karate üzrə yarışlar keçirilib. Yarışlar yüksək səviyyədə təşkil olunub.

Sumqayıt Olimpiya İdman Kompleksinə boks üzrə SSRİ idman ustası Əjdər Abbasov rəhbərlik edir. Əjdər müəllim bizimlə söhbətində qeyd etdi ki, bu idman ocağında gənclərin, eləcə də yeniyetmələrin fiziki inkişafı istiqamətində lazımi işlər aparılır. "Məktəbimizdə ixtisaslı, öz işini dərindən bilən təcrübəli mütəxəssislər çalışırlar. Bu cür bacarıqlı kadrların çalışdığı bir idman məktəbində nailiyyətlərin olması təbii haldır. Sumqayıt Olimpiya Kompleksi ən müasir tələblərə cavab verən bir idman ocağıdır. Biz çalışırıq ki, burada idmanla məşğul olan uşaq, yeniyetmə və gənclər ölkəmizin idman şərəfini ləyaqətlə qorumaqla yanaşı, həm də vətənpərvər insanlar kimi yetişsinlər. İşimizi bu yöndə qurmuşuq.

Qeyd etməliyəm ki, idmançılarımız həm ölkədaxili, həm də beynəlxalq arenalarda uğurla yarışırlar. Bütün idman növləri üzrə nailiyyətlərimiz var. Təkcə ötən il əldə olunan uğurlara nəzər salmaq kifayətdir ki, yetirmələrimizin ayrı-ayrı yarışlarda ümidləri doğrultduqlarının şahidi olaq. Ağır atletika bölməsinin üzvləri ölkə birinciliklərində uğurla yarışıblar. Ötən il Xırdalanda yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində idmançımız Taleh Rüstəmov ikinci yeri tutub. Sadiq Əhmədzadə də həmin yarışda ikinci olub. Novruz Muxtarlı isə üçüncü pillədə yer alıb. Ağırlıqqaldıranlarımız Gəncə şəhərində təşkil olunan birincilikdə də uğurlu nəticələr göstərirlər. Belə ki, həmin yarışda təmsilçimiz Xəyal Ziyadov birinci pilləyə layiq görülüb. Novruz Muxtarlı isə üçüncü olub. Cüdoçularımızın uğurları da bizi sevindirir. Ötən il yeniyetmələrin iştirak etdiyi ölkə birinciliyində təmsilçimiz Namiq Abbaslı fəxri kürsünün I pilləsində yer alıb. Cüdoçumuz Avropa birinciliyində də gücünü sınayıb. Ötən il Serbiyada təşkil olunan yeniyetmələrin Avropa birinciliyində Namiq Abbaslı gümüş medal qazanıb”,- deyə Əjdər Abbasov bildirdi.

Kompleksin üzgüçüləri də bir sıra nailiyyətlər əldə ediblər. Bu növdə onların qazandıqları uğurları qənaətbəxş saymaq olar. Ötən il üzgüçülük üzrə bir sıra yarışlar təşkil olunub. Sumqayıt şəhər açıq birinciliyində kompleksin altı idmançısı yarışıb. Onlardan üç nəfər birinci yerə, iki nəfər ikinci yerə çıxıb. Bir nəfər isə üçüncü pillədə qərarlaşıb. Kompleksin üzgüçüləri "Şən delfin” adı altında keçirilən Bakı çempionatında uğurla mübarizə aparıblar. İdman ocağının iki yetirməsi həmin yarışda birinci yerə çıxıb. İki nəfər isə ikinci olub. "Qızıl balıq” adı altında təşkil olunan Bakı birinciliyində isə Sumaqyıt Olimpiya Kompleksinin iki idmançısı gümüş medal əldə edib. İdman ocağının üç üzgüçüsü yeniyetmələrin respublika birinciliyində birinci pilləyə layiq görülüb. Sumqayıt Olimpiya Kompleksinin güləşçiləri də öz uğurları ilə fərqlənirlər. Buranın pəhləvanları ölkə çempionatlarında və birinciliklərində uğurla mübarizə aparırılar. Ötən il Gəncə şəhərində təşkil olunan yarışda kompleksin qadın güləşçilərindən üç nəfər birinci yerə layiq görülüb. Buranın iki idmançısı gümüş, bir idmançısı isə bürünc medal əldə edib. Kompleksin təcrübəli güləşçisi Türkan Nəsirova Braziliyada keçirilən dünya birinciliyində yüksək nəticə göstərərək vətənə qızıl medalla qayıdıb. O, Türkiyədə təşkil olunan Avropa birinciliyində isə bürünc medal qazanıb. Kompleksin yetirməsi Səbinə Həmzəzadə Türkiyədə təşkil olunan beynəlxalq turnirdə bürünc medal əldə edib. Sumqayıt Olimpiya Kompleksinin taekvondoçuları bir sıra yarışlarda yüksək yerlərdə qərarlaşıblar. Onlar Avropa miqyaslı yarışlarda da uğur qazanıblar. Ötən il Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan turnirdə Fizam Mehdiyev bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Onun komanda yoldaşı Cavid Məmmədov isə ikinci pillədə yer alıb. Türkiyədə təşkil olunan "Zəfər” çempionatında kompleksin idmançıları bir qızıl, iki gümüş və iki bürünc medal qazanıblar. Ötən il Qəbələ şəhərində keçirilən turnirdə kompleksin 4 taekvondoçusu qızıl medala layiq görülüb. İdman ocağının taekvondo ustaları Azərbaycan çempionatları və birinciliklərində dəfələrlə yüksək nəticə göstəriblər.

Şübhəsiz ki, gənc nəslin fiziki inkişafı ilə yanaşı, onların mənəvi inkişafı da dövlətimizin diqqət mərkəzindədir. Çünki gənclərin mənəvi sağlamlığı önəmli məsələdir. Bu baxımdan, Sumqayıt Olimpiya Kompleksinin kollektivinin həyata keçirdiyi işlər yeniyetmə və gənclərin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır. Kompleksin kollektivi burada məşq edən idmançıların pis vərdişlərdən uzaqlaşdırılması istiqamətində fəallıq nümayiş etdirirlər. Məşqçi-müəllimlər gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına hər zaman diqqətlə yanaşır, onların kamil insan kimi yetişməsini ən vacib məsələ hesab edirlər.

Əjdər Abbasov qeyd etdi ki, dövlətimizin göstərdiyi qayğı sayəsində burada hər cür şərait yaradılıb. "İdman sahəsinin inkişafı dövlətimizin əsas prioritet məsələsidir. Hazırda respublikamızın hər yerində idman məktəbləri, klublar, idman kompleksləri fəaliyyət göstərir. Azərbaycanın gənc nəslinin fiziki sağlamlığının qorunması üçün atılan addımlar hər birimizin ürəyincədir. Bizim idman ocağında da lazımi şərait mövcuddur. Çalışırıq ki, bizə göstərilən bu qayğıdan yararlanaq, etimadı doğruldaq, gənclərin həm fiziki, həm də mənəvi cəhətdən inkişafına nail olaq. Azərbaycanda idmanın inkişafı ilə bağlı həyata keçirilən işlər qəlbimizi sevinc hissləri ilə doldurur. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı, idman infrastrukturunun yenilənməsi, yeni idman obyektlərinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsində mühüm rol oynayır. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir. Azərbaycan ən irimiqyaslı idman tədbirlərini təşkil etmək qüdrətinə malikdir. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları Bakıya gəlmişdi. Onların hər biri burada yaradılan şəraitdən razı qaldı. Atletlər xalqımızın qonaqpərvərliyinin, yüksək mədəniyyətinin şahidi oldular. Avropa Oyunlarında Azərbaycan idmançılarının yüksək yerlər tutması isə xalqımıza daha böyük sevinc bəxş etdi. Əminəm ki, atletlərimiz bu il Rio-de Janeyro şəhərində keçiriləcək yay Olimpiya Oyunlarında da mükafatçılar sırasında yer alacaqlar”, - deyə gənc mütəxəssis əlavə etdi.