«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

Boks
Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçirilən Bakı şəhər birinciliyinə yekun vurulub. 2000-2001-ci illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda dəri əlcək ustaları 13 çəki dərəcəsi üzrə mübarizə aparıblar.
"Neftçi İdman Klubu”nun boksçuları paytaxt birinciliyinin 3 medalına sahib olublar. 52 kq-da çıxış edən Amil İlyasov bütün döyüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Yalnız həlledici final qarşılaşmasında məğlub olan Əflatun Babayev (50 kq) və Əmri Novruzov (66 kq) isə yarışın gümüş medallarına layiq görülüblər.

Atletika
Respublika Olimpiya Mərkəzində atletika üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda "Neftçi İdman Klubu” İB, "Təhsil” RİM, "Spartak” İC, Bakı Təhsil İdarəsi, "Atletika” İK, "Məhsul” İC, "Ümid” İK və ADBTİA-nı təmsil edən 110 atlet bacarığını nümayiş etdirib.
Klubumuzun təmsilçiləri çempionatdakı uğurlu çıxışları ilə diqqət çəkiblər. Belə ki, atletlərimiz paytaxt yarışının 10 medalına (6 qızıl, 4 gümüş) sahib olublar. Onlardan 400 metr məsafəyə qaçışda Arif Abbasov, 800 metr məsafədə Hakim İbrahimov, uzunluğa tullanmada Eyyub Bayramov, 60 metr məsafə üzrə yarışlarda Valentin Bulıçev, hündürlüyə tullanmada isə Azər Əhmədov qızıl medal qazanıblar. Zərif cinsin nümayəndələri arasında keçirilən yarışda Zəkiyyə Həsənova 200 metr məsafədə 1-ci yeri tutub.

Güllə atıcılığı
Güllə atıcılığı üzrə Bakı şəhər çempionatına yekun vurulub. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda "Neftçi İdman Klubu” İB, "Spartak” İC, "Dinamo” İC və Fövqəladə Hallar Nazirliyinin komandalarının tərkibində 40-a qədər idmançı mübarizəyə qoşulub.
"Neftçi İdman Klubu”nun təmsilçiləri çempionatda aşkar üstünlükləri ilə seçiliblər və yüksək nailiyyətlər qazanıblar. Kişilər arasında təşkil olunan pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışlarında (60 atəş) Ruslan Lunyov 578 xal toplayaraq çempion adını qazanıb. Rəsul Məmmədov isə ondan cəmi 3 xal az toplayıb (575 xal) və gümüş medala layiq görülüb.
Bu yarışda xanım idmançılarımız daha uğurlu çıxışları ilə yadda qalıblar. Belə ki, qadınların pnevmatik tapançadan 10 metr məsafəyə 40 dəfə atəş açmaqla mübarizə apardığı çempionatda mükafatalayiq yerləri klubumuzun yetirmələri tutublar. Nigar Nəsirova 377 xalla liderliyə yüksəlib. Zərifə Qasımova (370 xal) 2-ci, Lalə Mirzəzadə (367 xal) isə 3-cü olub.

"Neftçi İdman Klubu”
İctimai Birliyinin
mətbuat xidməti