“Zenit” İctimai Birliyi idmanın inkişafında əhəmiyyətli rol oynayır

“Zenit” İctimai Birliyi idmanın inkişafında əhəmiyyətli rol oynayır

Respublikada bədən tərbiyəsi və idmanın inkişafında, yüksək dərəcəli idmançıların hazırlanmasında "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İC) də müəyyən payı və dəsti-xətti vardır. Olimpnews.az saytının məlumatına görə, cəmiyyətin idmançıları indiyədək Avropa və dünya birinciliklərində, Olimpiya oyunlarında ölkəmizi şərəflə təmsil edir, yüksək nailiyyətlər qazanırlar.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabeliyində olan "Zenit” İB xüsusilə təkbətək döyüşlər növləri üzrə idmançıların hazırlanması sahəsində zəngin təcrübəyə malikdir. Burada idmanın sərbəst güləş, yunan-Roma güləşi, boks, cüdo, taekvondo və sambo bölmələri fəaliyyət göstərir. Aslan Ağayev, Akif Qurbanov, Cavid Qurbanzadə (sərbəst güləş), Yaqub Abdullayev (sambo), Emin Fətullayev (cüdo), Təvəkkül Məmmədov, Ceyhun Rüstəmov (boks), Ramin Həsənov və Sənan Həşimov (taekvondo) kimi təcrübəli məşqçilər yetirmələrinin peşəkar idmançı kimi püxtələşməsində, ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmələrində böyük əmək sərf edirlər. Təsadüfi deyildir ki, yüksək səviyyəli turnirlərdə, mötəbər yarışlarda Azərbaycanı layiqincə təmsil edən idmançılar arasında cəmiyyətin yetirmələrinin sayı yetərincədir. İkiqat Avropa çempionu Cəbrayıl Həsənov, Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Əfqan Xaşalov, Avropa ikincisi Elmira Qəmbərova və başqaları məhz "Zenit” İB-ni təmsil edirlər. Sevindirici haldır ki, Cəbrayıl Həsənov ötən ilin dekabrında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsi yarışlarının qızıl medalını qazanıb. Cəmiyyətin yetirməsi 2014-cü ildə də bu turnirin qalibi olub. Cəbrayıl Həsənovun ən böyük arzusu Olimpiya çempionu tituluna layiq görülmək, ölkəmizin bayrağını dalğalandırmaq, himnini səsləndirməkdir. "Zenit” İctimai Birliyinin sədri Fazil Hadıbəyov bu idmançının imkanlarını yüksək qiymətləndirir: "Cəbrayıl Həsənov titullu və ölkə yığmasında öz sözünü deməyi bacaran idmançılarımızdandır. Onun imkanlarını yüksək qiymətləndirirəm. İnanırıq ki, Azərbaycan güləş yığmasının üzvü olan Cəbrayıl Həsənov bizi Rio-2016 Yay Olimpiya Oyunlarında sevindirəcək”.


"Zenit”in yetirmələrinin uğurları ildən-ilə artır

2015-ci il "Zenit”in yetirmələri üçün uğurlu olub. Yuxarıda qeyd etdiyimiz kimi, Aslan Ağayevin yetirməsi Cəbrayıl Həsənov bu il respublika çempionu olmaqla bərabər, həm də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən Qızıl Qran-pri yarışlarının final mərhələsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kubokunun üçüncüsü olan idmançımız həm də ötən il ölkəmizdə təşkil edilən I Avropa Oyunlarının bürünc mükafatını qazanıb.

Cavid Qurbanzadənin yetirməsi Afqan Xaşalov bu il respublika çempionu titulunu qazanıb və Hünər meydanı turnirinin qalibi olub. Avropa çempionumuz bu ilin martında Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda keçirilən və Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdən vətənə bürünc medalla qayıdıb. Qeyd edək ki, bu, Azərbaycan güləş yığmasının qazandığı yeganə medal olub. Oktyabrın əvvəlində Dağıstanın Levaşi rayonunda sərbəst güləş üzrə gənclər arasında I beynəlxalq turnirdə sərbəst güləşçimiz "ən yaxşı texnikalı güləşçi” nominasiyasında kubokla təltif edilib.

Yunan-Roma güləşçimiz Nofəl Babayev (məşqçi Əbülfət Məmmədov) ötən il Türkiyənin İstanbul şəhərindən vətənə Avropa çempionu kimi qayıdıb. O, Azərbaycan çempionatında isə fəxri kürsünün ikinci pilləsində yer alıb. Cəmiyyətin yetirməsi Kəramət Hüseynov (cüdo) Avropa kubokunu birinci yerdə başa vurub. Məşqçi Emin Fətullayevin rəhbərliyi altında çalışan cüdoçumuz bu il Avropa çempionatının və Azərbaycan birinciliyinin gümüş mükafatçısı olub.

Cəmiyyətin boksçuları Fəqan Qasımov və Araz Gülməmmədov ötən il keçirilən beynəlxalq turnirin qalibi adına layiq görülüblər. Aslan Agayevin digər yetirməsi Elmira Qəmbərova Polşanın Valbrzix şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatının bürünc medalını qazanıb. Elmira 2014-cü ildə gənclər arasında Avropa çempionatının da ikincisi olub.

Sambo idman növü ilə məşğul olan Kənan Qasımov və Fuad Məmmədov (məşqçi Yaqub Abdullayev) Azərbaycan çempionu adına layiq görülüblər. Kənan Qasımov Bakı-2015 Avropa Oyunlarında isə 5-ci nəticə göstərib.

Məşqçi Ramin Həsənovun rəhbərliyi altında taekvondonun sirlərinə yiyələnən Kazım Ağayev ötən il Azərbaycan birinciliyinin gümüş medalını qazanıb. Banu Süleymanova və Bəxtiyar Həsənov isə Koreya kubokunun bürünc medalına layiq görülüblər.

Cəmiyyətin təşkilatçılığı ənənəvi olaraq hər il Respublika Spartakiadası keçirilir

1993-cü ildən etibarən hər il ənənəvi olaraq "Zenit” İC-in xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş Respublika Spartakiadası keçirilir. Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsinin təmin edilməsi, fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmələri, bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarətdir.

2015-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ənənəvi XVIII Respublika Spartakiadasına oktyabrın 12-də start verilib və yarışlara noyabrın 24-də yekun vurulub. Yarışlara baş hakimliyi Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev edib. Spartakiadanın proqramında 10 idman növü - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı yer alıb. Spartakiada yarışlarının finalında 350 nəfər qüvvəsini sınayıb ki, onun 15-ni qadınlar təşkil edib. Yarışın ümumi nəticəsinə əsasən, 1-ci yeri Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçilərinin komandası tutub. Aviasiya işçiləri 2-ci, Metropoliten işçiləri isə 3-cü yeri tutublar. Mükafatalayiq yer tutan kollektivlər diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Açıq birinciliklər ənəvi xarakter daşıyır

"Zenit” BT İctimai Birliyi hər il müxtəlif növlər üzrə açıq birinciliklər təşkil edir. Belə ki, idman cəmiyyətinin təşkilatçılığı ilə ötən ilin fevralında sərbəst güləş üzrə yeniyetmələr və gənclər arasında, may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə və 28 May Respublika Gününə həsr olunan açıq birinciliklər keçirilib. Fevral və mart aylarında yunan-Roma güləşi üzrə yeniyetmələr və gənclər arasında, matın 24-27-də boks üzrə 2001-2022-ci il təvəllüdlü yeniyetmələr arasında və may ayında isə 1997-1998-cil təvəllüdlü gənclər arasında açıq birincilik təşkil edilib.

"Zenit” BT İctimai Birliyinin bu birincilik və yarışların təşkil edilməsində məqsədi ayrı-ayrı idman növlərinin inkişafını təmin etmək, uşaqlar və gənclər arasında fiziki tərbiyə işlərinin yaxşılaşdırılması və onların sağlamlıqlarının möhkəmləndirilməsinə xidmət etməkdir. Belə yarışlar həm də yığma komandaların heyətinə güclü idmançıların cəlb olunmasına kömək edir.