57 idman yarışı və 583 medal

57 idman yarışı və 583 medal
Göyçay rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Göyçay Rayon Gənclər və İdman İdarəsindən verilən məlumata görə, hazırda rayonda 5 min 650 gənc müntəzəm olaraq idmanla məşğul olur. Rayon idmançılarından 2070 nəfəri ümumilikdə 2015-ci ildə Gənclər və İdman Nazirliyinin ölkə üzrə, eləcə də rayon Gənclər və İdman İdarəsinin yerli tədbirlər planına uyğun olaraq Göyçayda, Bakıda və ölkənin digər bölgələrində keçirdiyi, eyni zamanda, xarici ölkələrdə təşkil olunan 57 idman yarışında iştirak edib. Həmin idmançılardan 583-ü qızıl, gümüş və bürünc medal qazanıb. Həmçinin rayonun 20 idmançısı müxtəlif turnirlərdə yüksək səviyyədə çıxış edərək birinci dərəcə normasını ödəyib. Ötən il bir nəfər əməkdar məşqçi və 3 nəfər milli dərəcəli hakim adını alıb.

Məlumat verilib ki, hazırda rayonda 1 Olimpiya İdman Kompleksi, 1 kompleks idman qurğusu, 2 stadion, 32 idman zalı, 128 sadə idman meydançası, 1 üzgüçülük hovuzu, 3 trenajor zalı, 1 idman klubu, 3 Uşaq-gənclər idman məktəbi fəaliyyət göstərir. Hazırda rayonda 3 əməkdar məşqçi, 1 beynəlxalq dərəcəli və 8 nəfər milli dərəcəli hakim var.