Dünya Güləş Birliyi (DGB) hakimlərin statusu ilə bağlı yeni siyahı açıqlayıb.
Belə ki, ötən il keçirilən yarışlarda və hakimlik üsrə keçirilən imtahanlarda göstərdiyi nəticələrə əsasən, 2016-cı il üçün hakimlik dərəcələri təyin olunub. DGB-nin siyahısında hakimlərimizdən bir neçəsinin dərəcəsində dəyişiklik baş verib.
Olimpiya dərəcəli (I-S) hakimlərin siyahısında ölkəmizi Hicran Şərifov və Asif Şirəliyev təmsil edir. Hicran Şərifov əvvəl də ən yüksək kateqoriyaya sahib idi və 2 dəfə Olimpiya Oyunlarında iştirak edib. Asif Şirəliyev isə bu il I-S (Super kateqoriyalı) dərəcəsinə yüksəlib.
DGB-nin imtahanından uğurla keçən hakimlərimiz Natiq Hacıyev və Sədi Quliyevdir. Onlar ötən ilki sınaqdan uğurlu çıxıb və I dərəcəyə yüksəliblər. Bu kateqoriyada ölkəmizi həmçinin, Qərib Əliyev və İntiqam Alıyev təmsil edir.
Yeni siyahıda statusu yüksələn hakimlərimizdən biri də II dərəcə alan Vüqar Şükürovdur. Bu kateqoriyada ölkəmizi həm də Vaqif Zeynallı təmsil edir. Bundan başqa milli dərəcəli hakim Bəşir İsazadə III dərəcə hakimlik statusuna layiq görülüb.
Digər hakimlərin statusunda isə dəyişiklik baş verməyib. Beləliklə, 2016-cı il ərzində beynəlxalq səviyyəli yarışlarda ölkəmizi, ümumilikdə 20 beynəlxalq dərəcəli hakim təmsil edəcək. Onlardan ikisi I-S (Olimpiya), dördü I dərəcə, ikisi II dərəcə, 12-si isə III dərəcə beynəlxalq hakimlik statusuna malikdir.
Bundan əlavə, Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyası gənclərin güləş hakimliyinə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, ötən il ərzində hakimlik seminarlarında müvəffəqiyyət qazanan gənclərdən 18-i milli hakim statusu alıb və ölkə daxilindəki yarışların idarə edilməsində iştirak edir.