Ölkənin güləş üzrə yığma komandaları təqvim planına uyğun olaraq qarşıdan gələn yarışlara hazırlıqları davam etdirir.
"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər veriri ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn Avropa çempionatına və beynəlxalq yarışlara hazırlıq planı üzrə məşqlərini Olimpiya Güləş Mərkəzində davam etdirir. Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri məşqlərə yanvarın 18-dən start verib və təlim-məşq toplanışı yanvarın 27-dək davam edəcək. Məşqlərdə yığma komandanın 27 üzvü iştirak edir. Təlim-məşq toplanışında sonra pəhləvanlarımızı Türkiyənin İstanbul şəhərində keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir gözləyir.
Sərbəst güləş üzrə yığma komandamız isə yanvarın 20-dən təlim-məşq toplanışdadır. Yığma komandanın 24 üzvünün iştirak ilə keçirilən məşqlər fevralın 4-dək davam edəcək. Sərbəst güləşçilərimiz hazırlıq prosesinin ardınca Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.
Böyüklər arasında Avropa çempionatı martın 8-13-də Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək. Məlumat üçün bildirək ki, Avropa çempionatı bu ilin avqustunda Braziliyanın Rio de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya vermir.