İdman ocağının yetirmələri ölkəmizi ləyaqətlə təmsil edirlər

İdman ocağının yetirmələri ölkəmizi ləyaqətlə təmsil edirlər

Azərbaycan dövləti gənc nəslin fiziki sağlamlığını hər zaman diqqət mərkəzində saxlayır. Məhz buna görədir ki, respublikamızın bütün bölgələrində yeni idman ocaqları istifadəyə verilib. Çünki idman fiziki sağlamlığın təməlini təşkil edir.

Ölkəmizin bütün guşələrində olduğu kimi, "Gənclik şəhəri” Sumqayıtda da gənc nəslin inkişafına xüsusi yer verilir. Burada gənclərin idmanla məşğul olması üçün hər çür şərait yaradılıb. Şəhərdə fəaliyyət göstərən Olimpiya İdman Kompleksi, idman məktəbləri sumqayıtlı gənclərin istifadəsindədir. Gənc nəslin fiziki sağlamlığının keşiyində dayanan idman ocaqlarından biri də 1 saylı Uşaq-gənclər idman məktəbidir.

Bu məktəb 1967-ci ildən fəaliyyət göstərir. O, 2011-ci il iyulun 7-də əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. 1 saylı UGİM müxtəlif idman növləri üzrə Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının çoxlu sayda qalib və mükafatçılarını yetişdirib. Məktəbin ümumi ərazisi 3 hektardır. Qapalı tikililərin ərazisi 5500 kvadratmetrdir ki, bunun da 3000 kvadratmetri yeni tikilidir. Kompleks bir neçə korpusdan ibarətdir. Burada inzibati korpus, idman zalları, müxtəlif təyinatlı otaqlar vardır. Məktəbin futbol meydançası ən müasir tələblər səviyyəsində qurulub. Meydançaya Niderland Krallığından gətirilmiş təbii örtük döşənib. Stadionda keçirilən oyunları izləyən tamaşaçılar üçün 670 yerlik tribuna quraşdırılıb. İdman ocağında müasir drenaj sistemi qurulub. Binanın birinci mərtəbəsində boks, voleybol və basketbol zalları, üzgüçülük hovuzu, tibb otağı, sauna yerləşir. İkinci mərtəbədə isə trenajor zalı, arxiv, fitnes və tennis zalları fəaliyyət göstərir. Bundan başqa, məktəbdə tir və müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır. Buradakı boks zalında idmanın bu növü ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Ümumi sahəsi 1320 kvadratmetr olan basketbol zalı əsaslı təmir olunub və məktəbdə idmanın bu növü ilə məşğul olmaq üçün hər cür imkan yaradılıb.

Məktəbdə müasir üzgüçülük hovuzu da gənclərin ixtiyarına verilib. Uzunluğu 25 metr, ümumi sahəsi 1320 kvadratmetr olan hovuz yeni tikililər sırasındadır. Məktəbdəki fitnes zalı da müasir səviyyədə yaradılıb. Tennis zalının imkanları genişləndirilib. Zalda müasir avadanlıqlar quraşdırılıb. Məktəbin tir otağında gənclər həvəslə atıcılıq vərdişlərinə yiyələnirlər İdman ocağında iki tennis kortu yaradılıb. Yenidənqurma zamanı məktəbin həyəti abadlaşdırılıb, geniş yaşıllıq zolaqları salınıb. Binanı elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün yarımstansiya fəaliyyət göstərir.

Nailiyyətlər yaradılan şəraitlə bağlıdır
Ən müasir avadanlıqlarla təchiz olunmuş 1 saylı UGİM yola saldığımız 2015-ci ildə də öz işini təsdiq olunmuş tədbirlər planı üzrə həyata keçirib. Məlumat üçün bildirək ki, burada 5 idman növü (boks, stolüstü tennis, futbol, basketbol, üzgüçülük) üzrə bölmə fəaliyyət göstərir. Məktəbdə ayrı-ayrı idman növləri üzrə 22 məşqçi-müəllim çalışır. Burada işləyən məşqçilər idmanın inkişafında, uşaqların mənəvi keyfiyyətləri mənimsəməsində əllərindən gələni əsirgəmirlər. Onların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, məşqçilərdən beş nəfəri əməkdar məşqçi adını daşıyır. Üç nəfər isə I dərəcəli məşqçidir. Məktəbin idman bölmələrində 43 qrup var və bu qruplarda ümumilikdə 497 nəfər (34-ü qız) uşaq, yeniyetmə və gənc müxtəlif idman növlərinin sirlərinə yiyələnirlər. Onu da deyək ki, məşqçi-müəllimlər UGİM-in və Sumqayıt şəhərindəki 27, 28, 29 saylı orta məktəblərin idman zallarından istifadə edirlər. Bu zalların hər biri müasir tələblərə cavab verir və məşq prosesinin səmərəli keçməsi üçün normal şərait mövcuddur. Normal şəraitin yaradılması isə qələbələrin əsasını təşkil edir. Məlumat üçün bildirək ki, UGİM-in yetirmələri ötən il 50-yə yaxın müxtəlif səviyyəli yarışda güclərini sınayıblar. Məktəbdaxili yarışlar burada müntəzəm keçirilir. Belə ki, ötən il futbol üzrə dörd turnir (240 uşaq iştirak edib) təşkil olunub. Basketbol yarışları da dörd dəfə keçirilib. Bu yarışlarda 160 uşaq mübarizə aparıb. Boks və stolüstü tennis üzrə turnirlərdə ümumilikdə 146 idmançı qalib adı uğrunda yarışıb. Üzgüçülük turnirlərində isə 100 uşaq iştirak edib.

UGİM-in boksçuları (1999-2000-ci illər təvəllüdlü) ötən ilin yanvar ayında Bakıda "Təhsil” Respublika İdman Mərkəzinin ("Təhsil” RİM) açıq birinciliyində yarışıblar. Məktəbin üç idmançısı bu turnirdə ikinci yerə çıxıb. Həmin ay keçirilən eyni yaşlı boksçuların ölkə birinciliyində isə məktəbin dörd boksçusu qalib adı uğrunda mübarizə aparıb. Onlar iki gümüş və iki bürünc medal əldə ediblər. İdman ocağının xanım boksçusu Alyona Hacıyeva (80 kq) may ayında Çin Taypeyində keçirilən dünya birinciliyində iştirak edib. O, vətənə bürünc medalla dönüb. Avqust ayında Macarıstanda təşkil olunan Avropa birinciliyində isə Alyona gümüş medal əldə edib. Sözsüz ki, məktəbin boksçuları arasında ən yüksək nəticələr Elvin Məmişzadəyə məxsusdur. Məktəbin təcrübəli yetirməsi 2010 və 2013-cü illərdə Avropa çempionatında uğur əldə edib. O, müvafiq olaraq, gümüş və bürünc medal qazanıb. Elvinin karyerasının ən uğurlu ili isə 2015-ci il hesab olunur. Bu idmançı ötən il Bakıda təşkil olunan Avropa Oyunlarında güclü döyüş nümayiş etdirib. Əldə etdiyi qələbələr onun Avropa Oyunlarının çempionu adına layiq görülməsinə imkan yaradıb.

Elvin Məmişzadə Avropa Oyunlarından sonra Qətərin Doha şəhərində keçirilən dünya çempionatında qızıl medal əldə edib. Bu uğur ona bu il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.
İdman ocağının stolüstü tennisçiləri də ötən il bir sıra yarışlarda iştirak ediblər. Quba rayonunda təşkil olunan peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən zona yarışında məktəbin həm oğlan, həm də qızlardan ibarət komandaları ikinci yeri tutublar. Aprel ayında Bakıda peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən turnirin final mərhələsində UGİM-in oğlanlardan ibarət komandası ikinci yeri tutub. Qızlardan ibarət komanda da həmin nəticəni təkrarlayıb. Bu növ üzrə təşkil olunan Azərbaycan çempionatında məktəbin qızları komanda yarışlarında ikinci pillədə yer alıblar. Fərdi yarışlarda isə Mədinə Məmmədova üçüncü yeri tutub. İdman ocağının daha bir stolüstü tennisçisi Cəlil Salahov ölkə birinciliyində ikinci olub. "Təhsil” RİM-in təşkil etdiyi açıq respublika birinciliyində UGİM-in iki komandası (oğlanlar və qızlar) mübarizə aparıb. Hər iki komanda ikinci yerə layiq görülüb.

"İdmançılarımız həm ölkədaxili, həm də beynəlxalq arenalarda uğurla yarışırlar”

1 saylı Uşaq-gənclər idman məktəbinə 2015-ci ilin avqust ayından Fuad Aslanov rəhbərlik edir. Əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim olan təcrübəli mütəxəssis Afina-2008 Yay Olimpiya Oyunlarında boks üzrə yarışlarda bürünc medal qazanıb. Fuad Aslanov Azərbaycan Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub. İdmanın inkişafında xüsusi əməyi olan veteran boksçu bizimlə söhbətində rəhbərlik etdiyi məktəbin uğurlarından, ölkədə idmana göstərilən dövlət qayğısından söhbət açdı. "Məktəbimizdə təcrübəli mütəxəssislər çalışırlar. Bu cür bacarıqlı kadrların sayəsində nailiyyətlərimiz ildən-ilə artır. Məktəbimiz ən müasir tələblərə cavab verən bir idman ocağıdır. Biz çalışırıq ki, burada idmanla məşğul olan uşaq, yeniyetmə və gənclər ölkəmizin idman şərəfini ləyaqətlə qorusunlar. İstəyirik ki, bu uşaqlar vətənpərvər insanlar kimi yetişsinlər, xalqımıza, dövlətimizə layiq olsunlar. Qeyd etməliyəm ki, idmançılarımız həm ölkədaxili, həm də beynəlxalq arenalarda uğurla yarışırlar. Bütün idman növləri üzrə nailiyyətlərimiz var. Təkcə ötən il əldə olunan uğurlara nəzər salmaq kifayətdir ki, yetirmələrimizin ayrı-ayrı yarışlarda ümidləri doğrultduqlarının şahidi olaq. İdman sahəsinin inkişafı dövlətimizin əsas prioritet məsələsidir. Hazırda respublikamızın hər yerində idman məktəbləri, klublar, idman kompleksləri fəaliyyət göstərir. Azərbaycanın gənc nəslinin fiziki sağlamlığının qorunması üçün atılan addımlar hər birimizin ürəyincədir. Bizim idman ocağında da lazımi şərait mövcuddur. Çalışırıq ki, bizə göstərilən bu qayğıdan yararlanaq, etimadı doğruldaq, gənclərin həm fiziki, həm də mənəvi cəhətdən inkişafına nail olaq. Azərbaycanda idmanın inkişafı ilə bağlı həyata keçirilən işlər qəlbimizi sevinc hissləri ilə doldurur. Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğı, idman infrastrukturunun yenilənməsi, yeni idman obyektlərinin istifadəyə verilməsi ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsində mühüm rol oynayır. Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi bir daha göstərdi ki, Azərbaycan güclü, qüdrətli dövlətdir. Ölkəmiz ən irimiqyaslı idman tədbirlərini təşkil etmək qüdrətinə malikdir. Birinci Avropa Oyunlarında qitənin ən güclü idmançıları Bakıya gəlmişdilər. Atletlər xalqımızın qonaqpərvərliyinin, yüksək mədəniyyətinin şahidi oldular. Avropa Oyunlarında Azərbaycan idmançılarının yüksək yerlər tutması isə xalqımıza daha böyük sevinc bəxş etdi. Əlbəttə, bütün növlərdə əldə etdiyimiz nailiyyətlərə görə sevinirəm. Lakin boksçularımızın qələbəsi mənim ürəyimcə oldu. Məktəbimizin yetirməsi Elvin Məmişzadə Avropa Oyunlarında qızıl medala layiq görüldü. O, bu il Rio-de Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək. Əminəm ki, Elvin, eləcə də digər idmançılarımız Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alacaqlar”, - deyə təcrübəli mütəxəssis əlavə etdi.

Məktəbin direktoru bildirdi ki, bu idman ocağının basketbolçuları bir sıra yarışlarda yüksək nəticələr qazanırlar. Buranın basketbol komandaları Quba rayonunda təşkil olunan peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən zona yarışında birinci (qızlar) və ikinci (oğlanlar) yerləri tutublar. UGİM-in futbol üzrə komandaları U-11 və U-13 Liqasında yarışırlar. U-11 komandası Liqanın ikincisi olub. U-13 isə üçüncü yerdə qərarlaşıb.

1 saylı UGİM-in idmançılarını bu il bir sıra yarışlar gözləyir. İnanırıq ki, məktəbin yetirmələri yenə də uğurla yarışacaq, mükafatlara layiq görüləcəklər.