Azərbaycan media nümayəndələrinin Kiprə daha bir uğurlu səfəri başa çatdı

Azərbaycan media nümayəndələrinin Kiprə daha bir uğurlu səfəri başa çatdı

Xəbər verildiyimiz kimi, bugünlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistika sahəsində beynəlxalq təcrübənin öyrənilməsi layihəsi çərçivəsində Azərbaycan media nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olub. Səfərin ilk günlərində Kiprin Prezidenti Dərviş Əroğlu, Baş nazir və xarici işlər naziri ilə maraqlı görüşlər keçirilib. Nümayəndə heyətinin növbəti görüşü isə "Kıbrıs” Media Qrupunun İdarə Heyətinin sədri Rəşad Akarla olub. Belə bir geniş nümayəndə heyətinin gəlişindən razılığını bildirən Rəşad Akar, ŞKTC-nin ən böyük media qrupu olan "Kıbrıs” Media Qrupunun eyniadlı qəzeti, televiziya və radiosu barədə məlumat verib. Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, beynəlxalq təcrübənin öyrənilməsi Azərbaycan mətbuatı üçün mühüm əhəmiyyət kəsb edir: "Sizin reklam sahəsindəki təcrübəniz bizim üçün də maraqlı ola bilər. Biz artıq bu sahədə Türkiyə təcrübəsini öyrənmişik və bunu Azərbaycanda tətbiq etmək fikrimiz var”.


Nümayəndə heyətinin daha bir görüşü Kıbrıs Türk Qəzetçilər Birliyinin üzvləri ilə olub. Birliyin rəhbəri Hüseyn Güvən qurumun yaranma tarixi və fəaliyyəti haqqında danışıb. O, hələ də Azərbaycanın müvafiq qurumları ilə əlaqələrinin kifayət qədər olmamasından təəssüfləndiyini vurğulayıb.
Vüqar Səfərlinin Fondun fəaliyyəti haqqında, xüsusilə də jurnalistlərə və qəzetlərə dövlət dəstəyi layihələri barədə geniş məlumatı kiprli həmkarları, yaxşı mənada, təəccübləndirib. "Fond Azərbaycanda söz və fikir azadlığına dəstək vermək üçün yaradılıb. Azərbaycan Prezidenti hər il bizim fonda kifayət qədər vəsait ayırır və bu vəsait jurnalistlərin sosial vəziyyətinin daha da yaxşılaşmasında mühüm rol oynayır. Prezident jurnalistlər üçün mənzil tikintisinə də vəsait ayırıb, artıq binanın tikintisi başa çatıb və bir neçə aydan sonra 156 mənzil jurnalistlərin istifadəsinə veriləcək”, - deyə Vüqar Səfərli bildirib.



Ən maraqlı görüşlərdən biri Birinci Media Qurumunun İdarə Heyətinin rəhbəri Ertan Birinci ilə olub. Kiprdə ilk özəl televiziya yayımını həyata keçirən bu qurumun nəzdində üç telekanal və iki radio fəaliyyət göstərir. Telekanalların xarici əlaqələri çox güclüdür, hətta Londonda da studiyaları var və oradan verilişlər hazırlanıb yayımlanır. Müzakirələr zamanı telekörpülərin təşkil olunması, qarşılıqlı səfərlər, Azərbaycanın klassik filmlərinin Kipr televiziyalarında nümayiş etdirilməsi, hər iki tərəfdə nümayəndəliklərin yaranması kimi maraqlı təkliflər səslənib.
Səfər çərçivəsində min nəfərdən artıq azərbaycanlı tələbənin təhsil aldığı Yaxın Doğu Universiteti, Girnə Amerikan Universiteti və Doğu Akdeniz universitetlərinin rəhbərləri ilə də səmərəli görüşlər keçirilib.
Azərbaycan media qrupunun səfər proqramında Kiprin tarixi, mədəniyyət abidələri ilə tanışlığa da yer ayrılıb. Ziyarətlər zamanı qrupu müşayət edən ŞKTC-nin Azərbaycandakı keçmiş nümayəndəsi Zəki Qazıoğlu və ŞKTC-nin Xarici İşlər Nazirliyinin nümayəndəsi İbrahim Taksamançı ölkəsinin tarixi, mədəniyyəti, mətbuatı, xalqın öz sərvətlərinə və dəyərlərinə möhkəm bağlılığı barədə geniş məlumatlar veriblər.
KİV DF-in icraçı direktoru Vüqar Səfərli Kipr mətbuat orqanlarının böyük marağını nəzərə alaraq, bu ölkənin media nümayəndələrini Azərəbaycanın mətbuat sahəsində hazırkı dövlət siyasəti ilə daha yaxından tanış olmaq üçün ölkəmizə səfərə dəvət edib. Azərbaycanın təcrübəsinə maraqlarını gizlətməyən Kipr media mənsubları dəvəti qəbul ediblər.
Bununla da, Azərbaycan nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətinə səfəri başa çatıb.