Yanvarın 30-31-də İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçiriləcək.
Ahmet Cömert Spor Salonunda təşkil olunacaq turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "olimpnews.az”a verilən məlumata görə turnirdə ölkəmizi 11 pəhləvanımız təmsil edəcək. Məşqçilər korpusu qarşıdan gələn yarışlara hazırlıqları yoxlamaq məqsədilə bu dəfə Murad Bazarov, Kərim Cəfərov, Eldəniz Əzizli, Murad Məmmədov (hamısı 59 kq), İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Emin Əhmədov (80 kq), Sultan İsmayılov (85 kq), Türmən Eyyubov, Orxan Nuriyev (hər ikisi 98 kq) və Oyan Nəzərianiyə (130 kq) şans verəcək.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.
Turnirin proqramına əsasən, yanvarın 30-da 59, 71, 80 və 98 kiloqram, yanvarın 31-də isə 66, 75, 85 və 130 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. İlk görüşlər Bakı vaxtı ilə hər gün saat 15.00-da, final görüşləri isə 19:00-da başlayacaq.