Ölkəmiz dünyanın ən yaxşı idman ölkələri və şəhərlərinin siyahısında yer alıb

Ölkəmiz dünyanın ən yaxşı idman ölkələri və şəhərlərinin siyahısında yer alıb

Nüfuzlu beynəlxalq şirkət olan "Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələri və şəhərlərinin siyahısını açıqlayıb. Olimpnews.az saytının məlumatına görə, "Global Sports Nations Index” adlı reytinq siyahısında Azərbaycan da yer alıb.

Müxtəlif növlər üzrə dünya və Avropa çempionatları, eləcə də I Avropa Oyunlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 81 ölkə arasında 37-ci yerdə qərarlaşıb. Ölkəmizin əmsalı 4111 xalla dəyərləndirilib. Müqayisə üçün qeyd edək ki, Ermənistanın adı çəkilmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 3-cü pillədədir. Bizi yalnız ümumi siyahıda birinci olan Rusiya (41352) və 30-cu pillədə qərar tutan Qazaxıstan (6751) qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Bolqarıstan kimi idman ölkələrini arxada qoyub. İlk üçlükdə Rusiyanı Kanada (40205) və Böyük Britaniya (37191) izləyir. Türkiyə (12861) siyahıda 18-ci yerdədir. Şəhərlərin siyahısına isə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 22350 xala malikdir. İlk beşlikdə Rio-de-Janeyro (17209), Moskva (15777), Tokio (15310) və Paris (12219) yer alıb. Azərbaycan paytaxtı Bakı 3974 xalla dünyanın 26-cı şəhəridir. Paytaxtımız Los-Anceles, Nanjinq, Dehli, Roma, Dubay, Stokholm, Sidney, Köln, Oslo, Toronto və bir sıra aparıcı şəhərlərdən öndədir.

Bakı MDB məkanında Moskva, Kazan, Soçi, Sankt-Peterburq və Almatıdan sonra altıncı yerdədir. İstanbul isə ümumi siyahıda altıncıdır.