«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası
Güləş
Hövsan Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə sayca 19-cu beynəlxalq turnir keçirilib. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən 10 çəki dərəcəsi üzrə təşkil olunan yarışda 1999-2001-ci illər təvəllüdlü pəhləvanlar mübarizə aparıblar. Yeniyetmələrin yarışında Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan və Rusiya idmançıları da qüvvələrini sınayıblar.
"Neftçi İdman Klubu”nun yetirmələri bu mötəbər turnirdə yüksək nailiyyətlər əldə ediblər. Böyük əzmkarlıq nümayiş etdirən yeniyetmə güləşçilərimiz yarışın 2 qızıl, 2 gümüş və 4 bürünc medalına yiyələniblər. Onlardan 58 kq çəki dərəcəsində mübarizə aparan Vahid Əlizadə (58 kq) və Əhliman Quliyev (85 kq) turnirin qalibi adını qazanıblar. Yalnız finalda məğlubiyyət acısı yaşayan Çoban İsmayılzadə (50 kq) və Orxan Əliyev (63 kq) gümüş, Tehran Əliyev (42 kq), Həzrət Maqsudov, Vüsal Hüseynov (hər ikisi 50 kq) və Emin Nəcəfzadə (76 kq) isə bürünc medala sahib olublar.

* * *
İranın paytaxtı Tehranda böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ənənəvi "Təxti Kuboku” beynəlxalq turniri keçirilib.
Turnirdə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri mübarizə aparıblar. Güləşçilərimiz turnirin 2 medalına sahib olublar.
Fərəhli haldır ki, qazanılan medalların hər ikisi "Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur. Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (59 kq), sərbəst güləşçilər arasında isə Mircəlal Həsənzadə (57 kq) turnirin bürünc medallarına yiyələniblər.

* * *
Böyüklər arasında keçirilən qadın güləşi üzrə açıq Azərbaycan kubokuna yekun vurulub. Hövsan Olimpiya İdman Kompleksində təşkil olunan yarışa Azərbaycan güləşçiləri ilə yanaşı, Qazaxıstan, Macarıstan və Ukraynadan olan pəhlavanlar da qatılıblar.
Klubumuzun turnirdə mübarizəyə qoşulmuş xanım idmançılarından üçü yarışın mükafatçıları arasında yer alıb. Şəfəq Muradzadə (48 kq) və Almaz İsmayılova (55 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançımız Səbirə Əliyeva (75 kq) isə bürünc medalla kifayətlənməli olub.
Cüdo
Şağan Olimpiya İdman Kompleksində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. Paytaxt və bölgələrdən 1024 idmançının qatıldığı yarışda cüdoçular iki yaş qrupu üzrə mübarizə aparıblar. 2002-2003-cü il təvəllüdlülərdə 508 (483 oğlan, 25 qız), 2004-2005-ci il təvəllüdlülərdə isə 516 (494 oğlan, 22 qız) cüdoçu qüvvəsini sınayıb.
"Neftçi İdman Klubu”nun cüdoçuları yarışın 15 medalını (3 qızıl, 5 gümüş, 7 bürünc) qazanıblar. 2002-2003-cü il təvəllüdlü oğlanların yarışında Şükran Zamanlı (38 kq) və Çingiz Fəttahov (42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Namiq Mirzəliyev (38 kq) və Nahid Adıgözəlov (46 kq) isə gümüş medala layiq görülüblər. Qızlar arasında Əsmər İsgəndərova (52 kq) qızıl medala yiyələnib. Mərziyə Sadıqova (48 kq) gümüş, Aysel Camalova (44 kq) və Telli Əliyeva (57 kq) isə bürünc medal əldə ediblər.
2004-2005-ci il təvəllüdlü oğlanlar arasında Əbdülrəhman Qədirov (34 kq) və Sübhan Eyyubov (42 kq) 2-ci, Rauf Mirzəyev (34 kq) isə 3-cü yeri tutub.

* * *
Şağan Olimpiya İdman Kompleksində keçirilən gənc cüdoçuların açıq Bakı birinciliyi sona çatıb. İki gün davam edən yarışda paytaxt və bölgələrdən olan komandaların heyətində 200 idmançı qalib adı uğrunda mübarizə aparıb. Oğlanlar 55, 60, 66, 73, 81, 90, 100 və +100, qızlar isə 57, 70, 78 və +78 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.
"Neftçi İdman Klubu”nun gənc cüdoçularından Fərid Qardaşxanov (60 kq) və Aslan Mirzəyev (90 kq) bütün görüşləri qələbə ilə yekunlaşdıraraq paytaxt çempionluğunun sevincini yaşayıblar. Zərif cinsin nümayəndələrindən isə Aytac Quluzadə (44 kq) və Nigar Cəfərova (+78 kq) eyni uğuru təkrarlayıblar.

* * *
Beynəlxalq Cüdo Federasiyası 2016-cı ilin ilk reytinq cədvəlini açıqlayıb.
Yanvar ayı üçün açıqlanan siyahını "Neftçi İdman Klubu”nun cüdoçuları üçün uğurlu saymaq olar. Belə ki, klubun yetirmələrindən ikisi - Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrinin ən güclüsü seçilibdir. Orxan Səfərovla (60 kq) Nicat Şıxəlizadə (66 kq) isə ilk onluqda yer alıblar. Bu idmançılar müvafiq olaraq, 4-cü və 10-cu pillədə qərarlaşıblar. Digər cüdoçularımız İlqar Müşkiyev (60 kq) 20 ci, Məmmədəli Mehdiyev (90 kq) 38-ci, Ramin Qurbanov (90 kq) 48-ci, Elxan Məmmədov (100 kq) isə 20-ci sıradadır.
Qeyd edək ki, cüdo idman növündə olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

Futbol
Birinci Divizion təmsilçisi "Qaradağ Lökbatan” Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz” komandası ilə yoxlama oyununda qüvvəsini sınayıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb. Görüşün ikinci hissəsi daha da maraqlı alınıb. "Qaradağ Lökbatan” Gəncə təmsilçisinin qapısına iki dəfə yol tapa bilib. Komandamızın qələbə qollarını Rüfət Məmmədov və Sabir Allahquliyev vurub. Oyunun son dəqiqələrində "Kəpəz” bu qollardan birinin əvəzini çıxıb. Beləliklə, "Qaradağ Lökbatan” Premyer Liqa təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Qaradağ Lökbatan” bundan əvvəl "Sumqayıt” klubunun əvəzedici heyətini 3 cavabsız qolla məğlub etmişdi.