Paralimpiya komitəsi yubileyinə hazırlaşır

Paralimpiya komitəsi yubileyinə hazırlaşır


Azərbaycan Milli Paralimpiya Komitəsi fevralın 9-da yaranmasının 20 illik yubileyini qeyd edəcək. Olimpnews.az saytının məlumatına görə, yubileyin təntənəli şəkildə qeyd olunması məqsədilə Milli Paralimpiya Komitəsi tərəfindən geniş tədbirlər planı hazırlanıb. Məqsəd ölkəmizdə Paralimpiya Komitəsinin 20 illik fəaliyyətinin işıqlandırılması və paralimpiya dəyərlərinin əhali arasında geniş təbliğ olunmasıdır.

Xatırladaq ki, paralimpiyaçılar öz yubileylərinə qeyri-adi şəkildə start veriblər. Belə ki, ötən ilin oktyabr ayının 14-də Rusiyanın Soçi şəhərindəki "Skypark” əyləncə mərkəzində ilk yubiley tədbiri keçirilib. Həmin tədbirdə milli Paralimpiya Komitəsinin birinci vitse-preidenti Natiq Qasımov, Komitənin şöbə müdiri Kamal Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tələbəsi Dünya Dadaşova iştirak edib.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 9 fevral tarixində keçiriləcək mərasimdə komitənin 20 illik inkişaf tarixini əks etdirən filmin təqdimatı da olacaq.

Qeyd edək ki, Azərbaycan Milli Paralimpiya Komitəsi 9 fevral, 1996-cı ildə təsis olunub. Yarandığı gündən komitəyə İlqar Rəhimov rəhbərlik edir.