“Dünya çempionatının gümüş medalını qazanmaq mənim üçün yüksək nailiyyətdir”

“Dünya çempionatının gümüş medalını qazanmaq mənim üçün yüksək nailiyyətdir”

Bu gün Azərbaycanda idmanın inkişafı hər bir ölkə vətəndaşı tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Azərbaycanda idmanının belə sürətlə inkişaf etməsi respublikamızda bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ölkəmizdə biri-birinin ardınca istifadəyə verilən Olimpiya İdman kompleksləri, idman qurğuları da idmançılarımıza göstərilən qayğıya bariz nümunədir. Təmsilçilərimiz isə yaradılan şəraitdən maksimum səviyyədə yararlanıb, müxtəlif yarışlarda ölkəmizin idman şərəfini layiqincə qorumağa çalışırlar. Hazırda paytaxt və bölgələrdə fəaliyyət göstərən komplekslərdə, klublarda, yüzlərlə, minlərlə yeniyetmə və gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Bu gün müxtəlif idman bölmələrində məşq edən xüsusi istedada malik idmançılarımız gələcəyin Avropa və dünya çempionlarıdırlar. Sevindirici haldır ki, ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də diqqət göstərilir. Təmsilçilərimiz hər il qeyri-Olimpiya idman növləri üzrə keçirilən ölkədaxili və beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar.

Olimpnews.az saytının məlumatına görə, vətəni İndoneziya olan pençak silat idman növü dünyada böyük populyarlıq qazanıb. Ölkəmizdə bu idman növünün yüksək səviyyədə inkişaf etdirilməsi istiqamətində Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyası tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Bu gün respublikamızın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən klublarda gənclər bu idman növünün sirlərinə yiyələnirlər. Federasiyanın qarşısında dayanan əsas məqsəd bu sahədə kütləviliyə nail olmaqdır. Ötən il federasiyanın idmançıları bir sıra yüksək nailiyyətlər əldə ediblər. Yığma komandanın üzvlərinin iştirak etdiyi əsas yarışlardan biri dekabrın 26-dan 31-dək Malaziyada keçirilən dünya çempionatı olub. Çempionatda ölkəmizi yığma komandanın 3 üzvü təmsil edib. Çempionatda ölkəmizə pençak silat üzrə yeganə medalı İlyas Hünbətli (50-55 kq) qazandırıb. Təmsilçimiz çempionluğun bir addımlığında büdrəyərək gümüş medala layiq görülüb. Finaladək idmançımız Hindistan, Vyetnam, Sinqapur, Tailand idmançıları üzərində inamlı qələbə qazanıb.

Qeyd edək ki, 1999-cu ildə anadan olan İlyas Hünbətli indiyədək müxtəlif yarışlarda ölkəmizi layiqincə təmsil edib. Döyüşçümüz Fransa və Yunanıstanda keçirilən Avropa çempionatlarının qalibi olub. Kiçik yaşlarından idmanla məşğul olan İlyasda bu sahəyə marağı atası yaradıb. Atası Abbas Hünbətovun tanınmış döyüş ustadı olması ona bu yolda inamla addımlamağa, pençak silat döyüş növünün incəliklərini yüksək səviyyədə öyrənməyə şərait yaradıb. Hazırda idmançımız məşqlərini "Sərhədçi”İdman Olimpiya Mərkəzində şəxsi məşqçisi Abbas Hünbətovun rəhbərliyi altında davam etdirir. İlyas idmana gəlişini belə xatırlayır: "Ailəmizdə idmana həmişə böyük maraq olub. Atam uzun illər həyatını döyüş sənətinin inkişafına həsr edib. O, hazırda Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyasının vitse-prezidentidir. Qardaşım Rəsul da mənimlə birgə yığma komandada məşq edir. Atam həmişə bizi peşəkar idmançı kimi görmək istəyirdi. Biz də kiçik yaşlarımızdan ona baxaraq döyüş növünün sirlərini öyrənməyə çalışırdıq. Uşaqlıqda döyüş filmlərini seyr etməyi xoşlayırdım. Kiçik yaşlarımda dəcəl və dalaşqan idim. Bu xüsusiyyətlərimə görə hər hansı döyüş növü üzrə məşğul olmaq, gələcəkdə peşəkar idmançı olmağı arzulayırdım”.
Abbas Hünbətov oğlu İlyasın əldə etdiyi nəticələrdən danışarkən onun idmanda atdığı ilk addımlarını belə xatırladı: "İlyas uzun illərdir ki, mənim rəhbərliyim altında məşq edir. Məşqlərə başladığı ilk gündən çevikliyi, döyüşkənliyi ilə fərqlənirdi. İlyasın fiziki imkanlarına diqqət yetirərkən onun döyüş növündə uğurlar qazanacağına inanırdım. O, çox zəhmətsevər idmançıdır və daim öz üzərində işləməyi xoşlayır. Bu isə peşəkar idmançıya xas xüsusiyyətlərdəndir. Əlbəttə, bir ata kimi oğlumun istedadı məni çox sevindirirdi. Onunla, nümunəvi bir idmançı kimi, fəxr edirəm”.

Çox keçmir ki, kiçikyaşlı idmançı öz üzərində daha da çalışaraq, əvvəlcə ölkədaxili, daha da sonra isə beynəlxalq yarışlarda nailiyyətlər qazanmağa müvəffəq olur. Döyüşçümüz əzmkarlığı sayəsində müxtəlif döyüş növləri üzrə keçirilən yarışlarda nailiyyətlər qazanıb, ölkə daxilində və beynəlxalq arenalarda güclü olduğunu dəfələrlə sübuta yetirib.

İlyas Hünbətov sonuncu dünya çempionatındakı çıxışından da söz açdı: "Dünya çempionatının gümüş medalını qazanmaq mənim üçün yüksək nailiyyətdir. Bu yarışa uzun müddətdir ki, ciddi hazırlıq prosesi keçirdim. Rəqiblərim arasında kifayət qədər güclü idmançılar yer almışdılar. Taxtiki gedişlər, fiziki və psixoloji hazırlığım sayəsində yarışda uğurla çıxış etdim”.

İlyas Hünbətov 8 sayli orta məktəbin 11-ci sinif şagirdidir. O, idmanda fərqləndiyi kimi, oxuduğu təhsil ocağında da nümunəvi şagirddir. Döyüşçümüzün əsas məqsədi tanınmış idmançı olmaqla yanaşı, layiqli vətəndaş kimi yetişməkdir. "İdman mənim həyat tərzimdir. Bu sahədə daha da böyük uğurlar qazanmaq üçün öz üzərimdə daim işləyirəm. Məşqlərlə yanaşı, dərslərimə də vaxt ayırıram. Amma mən bununla kifayətlənmək fikrində deyiləm. Əsil döyüşçü hər zaman mübarizəyə hazır olmalıdır. Bu səviyyəyə yüksəlməyimdə atamın böyük rolu var. O mənə həyatda və idmanda örnəkdir”, - deyə o bildirdi.

Qarşıda idmançımızı bir sıra məsul yarışlar gözləyir. Təmsilçimiz fevralın 26-da Tailandda keçiriləcək liqa çempionatında, eləcə də, Malayziyada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. İnanırıq ki, gənc döyüşçümüz bundan sonra da ona bəslənilən ümidləri doğruldacaq.

Azərbaycan Sindo-ryu və Pençak Silat Federasiyanın vitse-prezidenti Abbas Hünbətov əldə olunan nailiyyətlərin ölkəmizdə idmana göstərilən diqqət və qayğının sayəsində mümkün oluduğunu dedi: "Azərbaycanda idmanın inkişafı göz qabağındadır. Ötən il ölkəmizdə keçirilən I Avropa Oyunları bir daha sübut etdi ki, Azərbaycan idman ölkəsidir. Ölkəmizdə idmanın inkişafı üçün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən hərtərəli şərait yaradılıb. Son on ildə Azərbaycan idmançıları beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında yüksək nailiyyətlər əldə ediblər. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən yüksək səviyyəli qayğı göstərilir. Federasiyanın yaradılmasında əsas məqsəd pençak-silat idman növünü ölkəmizdə təbliğ etmək olub. Artıq bu növə ölkəmizdə böyük maraq var. Qeyd edim ki, Azərbaycan komandası 2013-cü ildə Fransada keçirilən Avropa çempionatında ümumi hesabda birinci pillədə qərarlaşıb. Avropa və dünya çempionatlarında əldə olunan uğurlar sübut edir ki, idmançılarımız artıq bütün dünyada öz sözlərini deyirlər. Hər bir idman növündə, ilk növbədə, uğurun əldə olunması üçün kütləviliyə nail olmaq lazımdır. İndi biz əsas diqqəti paytaxtla yanaşı, bölgələrimizdə bu növün inkişafına yönəltmişik. Qeyd edim ki, hazırda yığma komanda məşqlərini "Sərhədçi” İOM-da keçir. İdmançılarımızın burada məşq etmələri üçün hərtərəfli şərait yaradılıb. Fürsətdən istifadə edib komandamıza yaradılan şəraitə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinə öz minnətdarlığımızı bildirirəm. Bu gün gənclərimizin hərbi-vətənpərvər ruhda tərbiyəsi vacib amildir. Müharibə şəraitində yaşayan bir ölkədə gənclərimizin döyüş növləri ilə məşğul olmaları, əsas şərtdir”.