Ölkəmiz beynəlxalq turnirə ev sahibliyi etdi

Ölkəmiz beynəlxalq turnirə ev sahibliyi etdi

Respublika Olimpiya Mərkəzində SSRİ-nin və Azərbaycanın Əməkdar məşqçisi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika (tullanma) üzrə səkkizinci beynəlxalq turnir keçirildi. Olimpnews.az saytının məlumatına görə, turnirdə Azərbaycan, Gürcüstan, Kuba, Qazaxıstan və Rusiyadan (Saxa Yakutiyası) 18 yaşınadək idmançılar (35 atlet) mübarizə apardılar. Uzunluğa tullanma qızlar və oğlanlar, üçtəkənla tullanma yarışları isə kişilər arasında təşkil olundu. Turnirdə ölkəmizi 20-yə yaxın idmançı təmsil edirdi.

Turnirin açılış mərasimində Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından və idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışdı. "Hörmətli qonaqlar, əziz idmançılar Bakıya xoş gəlimisiniz. Aleksandr Antipovun xatirəsinə həsr olunmuş səkkizinci beynəlxalq memorialda iştirak edən bütün idmançıları salamlayır, hər birinizə uğur arzulayıram. Ümid edirəm ki, bu turnir də əvvəlki yarışlar kimi yüksək səviyyədə keçəcək. Hazırda biz Rio-2016 Yay Olimpiya Oyunlarına hazırlaşırıq. Qeyd etməliyəm ki, bu turnirdə Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar da mübarizə aparırlar. Ümid edirəm ki, müntəzəm təşkil olunan belə yarışlar iştirakçı ölkələrdə atletika idman növünün daha da inkişaf etməsinə xidmət göstərəcək. Azərbaycan Atletika Fderasiyası hər il iki beynəlxlaq turnir təşkil edir. Bunlar Aleksandr Antipovun xatirəsinə həsr olunmuş turnir və Tofiq Qarayev kubokudur. Bu yarışlarda kifayət qədər təcrübəyə və nailiyyətlərə sahib olan idmançılar iştrak edirlər. 2017-2018-ci illərdə Milli Olimpiya Stadionunda atletika üzrə müxtəlif beynəlxalq yarışların keçirilməsi də nəzərdə tutulub”,- deyə Çingiz Hüseynzadə bildirdi. Sonra Rusiya Federasiyasının Saxa Yakutiyası Respublikasının Dövlət İcmasının deputatı, Milli İdman Növləri Mərkəzinin direktoru İnnokenti Qriqoryevə söz verildi. "Əziz dostlar, Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş turnir ənənəvi olaraq keçirilir. Məlumdur ki, belə turnirlərdə təcrübələrini artıran idmançılar beynəlxalq yarışlarda uğurlu nəticələr qazanırlar. Sevindirici haldır ki, Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Mən onlara uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan təmsilçiləri Olimpiya Oyunlarında yüksək nəticələr qazanacaqlar”, - deyə o qeyd etdi.

Çıxışlardan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və turnir açıq elan edildi. İdmançılar yarışın ilk günündə uzunluğa tullanma və üçtəkanlı tullanma üzrə güclərini sınadılar. Qızlar arasında keçirlən uzunluğa tullanma üzrə yarışda Azərbaycan idmançısı Yelena Pextıryova qızıl medal əldə etdi. Oğlanlar arasında təşkil olunan analoji yarışda isə Rasul Usmatov (Qazaxıstan) fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. O, üçtəkanlı tullanmada da fərqləndi. Qazaxıstanlı idmançı bütün rəqiblərini üstələyərək turnirin qızıl medalını qazandı. Kişilər arasında üçtəkanla tullanmada kubalı atlet Aleksis Kopella birinci oldu. Azərbaycan atleti Nazim Babayev fəxri kürsünün ikinci pilləsində yer aldı.

Yarışların ikinci günündə yakut tullanmaları üzrə qaliblər müəyyənləşdi. Kıllı növü üzrə qızlar arasında Azərbaycan idmançısı Yelena Pextiryova, oğlanların mübarizəsində qazaxıstanlı Rasul Usmatov, kişilərin yarışında isə Kuba təmsilçisi Aleksis Kopello birinci oldular. Qızların istanqa yarışlarında rusiyalı Batarina Sayana qalib gəldi. Oğlanların mübarizəsində isə Rasul Usmatov fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Kişilərin istanqa yarışında kubalı Aleksis Kopello fərqləndi. Koubax yarışlarında isə Batarina Sayana, Vadim Boskaçin (oğlanlar) və Vladislav Popov (kişilər) qızıl medal qazandılar.

Üç yarışın ümumi nəticəsinə görə qızlar arasında Batarina Sayana (Saxa Yakutiyası) birinci, Yelena Pextiryova (Azərbaycan) ikinci oldu. Oğlanlar arasında isə Rasul Usmatov (Qazaxıstan) birinci pilləyə yiyələndi. Kişilər arasında isə Vladislav Popov fərqləndi. O, üç yarışın yekun nəticəsində görə birinci oldu.