Azərbaycan Texniki Universitetində spartakiada başlayıb

Azərbaycan Texniki Universitetində spartakiada başlayıb

Aprelin 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşkil olunan spartakiadanın açılış mərasimi keçirilib.
Mərasimdə AzTU-nun rektoru, professor Havar Məmmədov spartakiada barədə ətraflı məlumat verib. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar paytaxtda və bölgələrdə, bütün idarə və müəssisələrdə silsilə tədbirlərin keçirildiyini qeyd edib. Qeyd olunub ki, bu günümüzün reallıqları ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. "Bu uğurlarımız gənclərimizdə böyük qürur hissi yaradır, daha səylə çalışmalarına stimul verir. Ulu öndər Heydər Əliyev siyasətinin bugünkü gəncliyin həyatında önəmi çox aydın nəzərə çarpır. Dahi şəxsiyyət Heydər Əliyevin düzgün qurduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” - deyə Havar Məmmədov əlavə edib.
Rektor diqqətə çatdırıb ki, tələbə və müəllim-professor heyətinin iştirak etdiyi yarışlar idmanın 12 növü - şahmat, voleybol, dama, nərd və s. üzrə keçiriləcək. Spartakiadanın qalibləri ali təhsil müəssisələri arasında respublika birinciliyində iştirak etmək hüququ qazanacaqlar.
Çıxışdan sonra yarışlara start verilib.