Azərbaycanın idman ölkəsi kimi nüfuzu çox yüksək qiymətləndirilib

Azərbaycanın idman ölkəsi kimi nüfuzu çox yüksək qiymətləndirilib

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, ölkəmizin idman sahəsində qazandığı uğurlar, idmançılarımızın əldə etdikləri nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Olimpnews.az saytının məlumatına görə, bununla yanaşı, idman sahəsində ixtisaslaşmış bir sıra nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın idman ölkəsi kimi nüfuzunu çox yüksək dəyərləndirirlər. Bu qurumlardan biri də ölkələrdə idmanın inkişafını araşdırmaqla məşğul olan "Sportcal”dır.

"Sportcal” resursu dünyanın 97 faizini əhatə edən 190 ölkədə idmanın hazırkı inkişaf durumunu araşdırır. Bu resurs "Qlobal İdman Təsiri” layihəsinin əsas tərəfdaşlarından biridir. Layihənin məqsədi idmanın insanların həyatına təsirini müəyyənləşdirmək üçün dünya səviyyəsində qəbul edilən metodologiyanın yaradılmasıdır. İdmanın insanların gündəlik həyatında mühüm rolunu nəzərə alaraq reallaşdırılan bu layihə çərçivəsində resurs dünyanın onlarla ölkəsində və şəhərində idmanın cəmiyyətdəki rolunu müəyyənləşdirmək üçün araşdırma aparıb. Onun hazırladığı reytinq cədvəlinə əsasən Azərbaycan 4111 xalla 81 ölkə arasında 37-ci yerə layiq görülüb. Bundan başqa, "Sportcal” dünya şəhərlərində idmanın insanların həyatına təsirini qiymətləndirmək üçün də araşdırma aparıb. Ölkəmizin paytaxtı Bakı 100 şəhər arasında 3974 xalla 26-cı yerdə qərarlaşıb. Resurs araşdırma apardığı ölkənin, o cümlədən şəhərin ev sahibliyi etdiyi idman tədbirlərini, bu tədbirlərdə iştirak edənlərin sayını, yaradılan idman infrastrukturunu əsas götürüb. Bu baxımdan beynəlxalq idman ictimaiyyəti tərəfindən qəbul edilən belə bir mühüm idman qurumunun ölkəmizə verdiyi qiymət heç də təsadüfi deyil: Azərbaycan son dövrlərdə olduqca mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib, ölkəmizdə müasir idman infrastrukturu yaradılıb, idmançılarımız mühüm beynəlxalq idman tədbirlərində tarixi qələbələrə imza atıblar. Ötən il Bakıda yüksək səviyyədə keçirilən birinci Avropa Oyunları da Azərbaycanın beynəlxalq idman nüfuzunu artırıb, ölkəmizi dünyada layiqincə tanıdıb.

"Sportcal” kimi qurumun Azərbaycanda idmana verdiyi qiymətdə bu amil də mühüm rol oynayıb.