“Formula-1” üzrə Avropa Qran-prisinin Könüllülər Mərkəzi istifadəyə verilib

“Formula-1” üzrə Avropa Qran-prisinin Könüllülər Mərkəzi istifadəyə verilib



Fevralın 2-də "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti bu ilin yayında Bakıda təşkil olunacaq "Formula-1” üzrə Avropa Qran-prisinin Könüllülər Mərkəzini istifadəyə verib.

Mərkəzin açılışında çıxış edən gənclər və idman naziri Azad Rəhimov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Açılışın əlamətdar günə təsadüf etdiyini diqqətə çatdıran nazir birinci Avropa Oyunlarında könüllülərin fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, "Bakı-2015”də əzmkarlıq nümayiş etdirən könüllülər birinci Avropa Oyunlarının iştirakçılarına yüksək qonaqpərvərlik göstərdilər. Hazırda ölkəmizdə könüllülərlə iş davam etdirilir və "Formula-1” üzrə Avropa Qran-pri yarışlarında da onlarla sıx əməkdaşlıq qurulacaq. Gələn il ölkəmiz IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək. Könüllülər həmin mötəbər yarışa da cəlb olunacaqlar.
Azərbaycandan keçirilən mühüm tədbirlərdə, habelə ölkəmizin ümumi inkişafında könüllülərin fəaliyyətinin əhəmiyyətini qeyd edən Azad Rəhimov deyib ki, biz mötəbər yarışlarda könüllülərə arxalanırıq. İnanırıq ki, gördüyünüz yüksək səviyyəli iş ilə gələcək karyeranızda yeni üfüqlər açılacaq, qazandığını təcrübəni təkcə ölkəmizdə deyil, dünya miqyasında tətbiq edəcəksiniz.
Azərbaycan gənclərinin I Forumundan 20 il ötdüyünü xatırladan təhsil nazirinin müavini Firudin Qurbanov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. Bildirib ki, ölkəmizdə bütün sahələr kimi, idman da sürətlə inkişaf edir. Bu inkişafda könüllülərin böyük rolu var. Könüllülər böyük tədbirlərdə, xüsusilə idman yarışlarında fəal iştirak edirlər. Sevindirici haldır ki, "Bakı-2015” ilk Avropa Oyunlarında Təhsil Nazirliyinin tələbə-könüllüləri də fədakarlıq nümayiş etdiriblər. Birinci Avropa Oyunlarında 12 min tələbə-könüllü iştirak edib.

Nazirlik tərəfindən könüllüklə bağlı "Bir” adlı layihəyə start verildiyini deyən Firudin Qurbanov layihənin 15 ali təhsil müəssisəsini əhatə etdiyini vurğulayıb. O, layihə çərçivəsində Bakıda, Sumqayıtda və Gəncədə könüllülər klubunun yaradıldığını qeyd edən F.Qurbanov tələbə-könüllülərin "Formula-1” yarışlarına da dəstək verəcəklərinə əminliyini bildirib.
"Formula-1” üzrə Avropa Qran-pri yarışlarında könüllülərin ulduz səfiri olan Əməkdar Artist Tünzalə Ağayeva iştirakçıları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib və könüllülərə fəaliyyətində uğurlar arzulayıb.
Mərkəzin rəmzi açılışını bildirən lentin kəsilməsindən sonra iştirakçılar binada yaradılan şəraitlə tanış olub, videoçarxa baxıblar.
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti "Formula-1” üzrə dünya çempionatının 2016-cı il mövsümünün sayca 8-ci yarışı olan Avropa Qran-prisinin keçirilməsində yaxından iştirak edərək bu uğurun bir parçası olmaq istəyən könüllüləri proqrama qoşulmağa çağırır. "Könüllülük proqramı”na dekabrın 19-da - yarışa altı ay qaldıqda start verilib. Həmin gündən etibarən proqrama qoşulmaq istəyən könüllülərin sayı sürətlə artır. Proqramda iştirak etmək istəyənlər https://www.bakucitycircuit.com/az/konullulr internet səhifəsi vasitəsilə müraciət edə bilərlər.

"SIAR” araşdırma və konsaltinq şirkətinin 2015-ci ildə Azərbaycanda 1001 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə, ölkə əhalisinin 70 faizindən çoxu hesab edir ki, könüllülər Azərbaycanın beynəlxalq arenada mövqeyinin gücləndirilməsində böyük rol oynayacaq bu möhtəşəm idman tədbirinin keçirilməsində əhəmiyyətli rola sahibdirlər. Bununla yanaşı, sorğuda iştirak edən paytaxt sakinlərinin yarısı bu yay Bakıda keçiriləcək "Formula-1” yarışında könüllü olmaq istəyir və onların əksəriyyətinin yaşı 34-dən azdır.

"Bakı Şəhər Halqası” Avropa Qran-prisinə ümumilikdə 5 min könüllü cəlb edəcək. Ən uyğun namizədlərin seçilməsi üçün Könüllülər Mərkəzində hər gün yüzlərlə müsahibənin keçirilməsi nəzərdə tutulub. İndiyədək 7 minə yaxın şəxs onlayn qaydada "Könüllülər proqramı” üçün qeydiyyatdan keçib. Seçim prosesindən uğurla keçən namizədlər yarış ərəfəsində qonaqların və yüksək rütbəli rəsmilərin qarşılanması, tamaşaçı və media əməliyyatlarına dəstək və digər zəruri rolları icra edəcəklər.