Karateçilər Sabirabadda yarışıblar

Karateçilər Sabirabadda yarışıblar
Sabirabad Olimpiya İdman Kompleksində kyokuşinkaykan karate üzrə respublika birinciliyi keçirilib. Yarışda uşaqlar, yeniyetmələr, gənclər, kişilər və qadınlar mübarizə aparıblar. Olimpnews.az saytının məlumatına görə, turnirdə Bakı, Mingəçevir, Gəncə şəhərlərini, Binəqədi, Abşeron, Sabunçu, Sabirabad, Salyan, Saatlı, İmişli rayonlarını və bir sıra klubları təmsil edən 200 idmançı gücünü sınayıb.

Birinciliyin açılış mərasimində çıxış edən Kyokuşinkaykan Karate Federasiyasının prezidenti Teyyub Əzizov idmançıları salamlayıb və bu sahəyə göstərilən dövlət qayğısından danışıb. "Azərbaycanda idmana yüksək səviyyədə dövlət qayğısı göstərilir. Ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması idmançılarımızı daha da ruhlandırır. Məhz buna görədir ki, Azərbaycan atletləri bir sıra yarışlarda yüksək nəticələr göstəriblər. Mən inanıram ki, karateçilərimiz dövlətimizin qayğısından layiqincə bəhrələnəcək və öz uğurları ilə xalqımızı sevindirəcəklər. Karate idman növü hazırda inkişaf dövrünü yaşayır. Bu növdə nailiyyətlərimiz qənaətbəxşdir. Sabirabad Olimpiya İdman Kompleksində keçirilən respublika birinciliyində 200 idmançının iştirak etməsi bir daha sübut edir ki, bölgələrdə karateyə maraq xeyli artıb. Yarış iştirakçılarının hər birinə uğurlar arzulayıram”, - deyə federasiya prezidenti əlavə edib.

Respublika birinciliyində mükafatalayiq yerləri tutan karateçilər diplom və fəxri fərmanlarla təltif olunublar.