“Təhsil” RİM zəngin idman ənənələrinə malikdir

“Təhsil” RİM zəngin idman ənənələrinə malikdir



Gündəlik həyatımıza daxil olan bədən tərbiyəsi və idman şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. İnsanın mənəvi və fiziki sağlamlığının əsasını təşkil edən bu sahənin gənclərin əməyə və vətənin müdafiəsinə hazırlanmasında, onların vətənpərvərlik hisslərinin tərbiyəsində də rolu danılmazdır. Bu səbəbdən ölkəmizdə idmanın geniş miqyasda yayılması, kütləviləşməsi və yüksək səviyyədə inkişafı dövlət siyasətinin aparıcı istiqamətlərindəndir.
Hazırda Azərbaycanda fəaliyyət göstərən idman məktəbləri, cəmiyyətlər, klublar uşaq və gənclərin sağlamlığının əsas təminatçısı rolunda çıxış edirlər. Adıçəkilən idman müəssisələrində bədən tərbiyəsi və idman vasitəsilə uşaq və gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi əsaslı şəkildə təmin edilir, müvafiq tədbirlər həyata keçirilir.

Uşaq və gənclərin ayrı-ayrı idman növlərinin sirlərinə dərindən yiyələnməsində və bu idman növləri üzrə peşəkar idmançıların yetişdiriləməsində "Təhsil” Respublika İdman Mərkəzinin (Təhsil” RİM) də özünəməxsus xidmətləri vardır. Mərkəz hər il olduğu kimi, 2015-ci ili də uğurla yola salıb. Onun təmsilçiləri yerli və beynəlxalq səviyyəli yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyublar.
Məlumat üçün bildirək ki, "Təhsil” Respublika İdman Mərkəzi 1997-ci ildə keçmiş sovet məkanında fəaliyyət göstərən "Ehtiyat Əmək Qüvvələri İdman Cəmiyyəti”nin əsasında yaradılıb. "Təhsil” RİM-in nəzdində 4 Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (OEUGİM) və 1 Uşaq-Gənclər İdman Məktəbi (UGİM) vardır. Mərkəzdə 17 idman növü üzrə 1138 qrupda 565 nəfər məşqçi məşğul olur ki, onun 71-i qadındır. Burada 13 mindən çox uşaq və gənc idmanla məşğul olur.
Təhsil” RİM-in Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran və Şirvanda filialları fəaliyyət göstərir.



Ötən ilə uğurlu
nəticələrlə yekun vurlub

Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, "Təhsil” RİM ötən ilə uğurla start verib. Belə ki, mərkəzin şahmat üzrə yığma komandasının üzvləri yanvarın 16-da kişilər arasında keçirilən Azərbaycan çempionatının qalibi olublar.

İsveçrə sistemi ilə keçirilən yarışda Azərbaycanın ən güclü 22 şahmatçısı iştirak edib. "Təhsil” RİM çempionatda 9 şahmatçi ilə təmsil olunub. Mərkəzin şahmatçısı Rauf Məmmədov 9 oyundan 6,5 xal toplayaraq, yarışın qalibi adına layiq görülüb. Digər şahmatçı Eltac Səfərli də 9 oyundan 6,5 xal əldə etsə də, oyun əmsalına uyğun olaraq, II yeri tutub. Mərkəzin daha 2 oyunçusu ilk onluğa daxil olub. Yarişda I və II yeri tutan şahmatçılar Dünya kubokuna vəsiqə qazanıblar. Həmin gün "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə daha bir mötəbər yarış təşkil edilib. İki gün davam edən və kişilər arasında keçirilən Respublika çempionatının təşkilində əsas məqsəd fevral ayında Azərbaycan çempionatında iştirak edəcək "Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirmək olub. Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin 34 idmançısı mübarizə aparıb. Yüksək səviyyədə təşkil olunan yarış gərgin mübarizə şəraitində keçib. Yarışın nəticələrinə əsasən, komanda hesabında I yeri "Təhsil” RİM-in Gəncə filialı, II yeri 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Mərkəzi, III yeri Cəlilabad Uşaq-Gənclər İdman Məktəbi (UGİM) tutub. Şəxsi hesablarda da bu idman müəssisələrinin yetirmələri fərqləniblər. Ötən ilin yanvarında həm də "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə ağırlıqqaldırma və boks üzrə respublika birinciliyi təşkil edilib. Mərkəzin 2015-ci ilin yanvarında Əmircan qəsəbəsi ağırlıqqaldırma keçirilən birinciliyində mükafatalayiq yerlərə Respublika İxtisaslaşdırılmış Olimpiya Gənclər İdman Mərkəzi (RİOGİM), Cəlilabad və Sumqayıt komandaları layiq görülüb. "Təhsil” RİM-in boks üzrə açıq Respublika birinciliyində isə 15-16 yaşlı yeniyetmələr qüvvəsini sınayıb. Yanvarın 21-də təşkil edilən yarışın məqsədi həmin yaş qrupunda "Təhsil” RİM-in yığma komandasını müəyyənləşdirmək olub.

Tədbirin açılış mərasimində çıxış edən "Təhsil” RİM-in direktoru Natiq Lahıcov belə yarışların uşaq və gənclərin fiziki və mənəvi inişafı, onların vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də boks idman növünün təbliği və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. 
Birincilikdə Təhsil Nazirliyinin tabeliyində olan 20 idman məktəbinin ümümilikdə 140 idmançısı mübarizə aparıb. Gərgin keçən görüşlərin nəticələrinə əsasən, komanda hesabında I yerə "Təhsil” RİM-in 1 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası, II yerə Gəncə şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası, III yerə Ağdaş rayon Uşaq-Gənclər İdman Məktəbinin komandası layiq görülüb. 


Bundan başqa, mərkəz ötən ilin yanvar ayında özünün açıq birinciliklərini də təşkil edib. Belə ki, ayın 15-19-da 1999-2000-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında keçirilən "Təhsil” RİM-nin boks üzrə açıq birinciliyində 150 iştirakçı qüvvəsini sınayıb. Rinqdə öz bacarığını nümayiş etdirən idmançılar 13 çəki dərəcəsində yarışıblar. Sərbəst güləş üzrə 1995-1997-ci il təvəllüdlü gənclər arasında keçirilən mərkəzin birinciliyi isə yanvarın axırlarında təşkil edilib. Bakı şəhəri 13 saylı İOEUGİM-in idman zalında keçirilən yarışlarda idmançılar 9 çəki dərəcəsində qüvvəsini sınayıblar. Fevralın 2-də Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında təşkil olunan çempionatda "Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası da iştirak edib. Yığma komandanın heyətində Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin boks üzrə ən yaxşı yetirmələri qüvvələrini sınayıblar. Çempionatda uğurla çıxış edən "Təhsil” RİM-in idmançıları 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, 58 kq çəki dərəcəsində Ləman Əhmədova, 77 kq çəki dərəcəsində Əfqan Bayramov və 105 kq-dan ağır çəki dərəcəsində Azər Məmmədov I yeri tutublar. 105 kq çəki dərəcəsində Əli Əliyev fəxri kürsünün II, 85 kq çəki dərəcəsində Emin Qocayev və 94 kq çəki dərəcəsində Ceyhun Məhərrəmov III pilləsinə yüksəliblər. Bunun ardınca "Təhsil” Respublika İdman Mərkəzinin respublika birinciliyində 18-20 yaşlı gənclər sərbəst güləşdə bacarıqlarını nümayiş etdiriblər. 


13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində təşkil olunan yarışda Təhsil Nazirliyinin tabeliyində olan 21 idman məktəbinin 130 yetirməsi iştirak edib. 9 çəki dərəcəsi üzrə keçirilən yarışları Azərbaycan Güləş Federasiyasının təyin etdiyi beynəlxalq dərəcəli hakimlər heyəti idarə edib. Birincilikdə komanda hesabında I yeri Abşeron Uşaq-Gənclər İdman Məktəbinin, II yeri 6 nömrəli Uşaq-Gənclər Güləş Məktəbinin, III yeri "Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının komandası tutub.
Yarışda yüksək nəticə göstərən idmançılar arasından "Təhsil” RİM-in yığma komandasına üzvlər seçilib. Qalib güləşçilərdən ibarət yığma komanda fevral ayında həmin yaş qrupu üzrə Azərbaycan birinciliyində "Təhsil” RİM-i təmsil edib.

İdman ocağının boksçuları
yarışlarda fərqləniblər

Fevralın 3-də Şağan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində ümumilikdə 20 komanda mübarizə aparıb. Birincilikdə "Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası da iştirak edib. Mərkəzin yetirmələri 1 qızıl, 2 qümüş və 4 bürünc medal qazanaraq komanda hesabında IV yerə layiq görülüb. Fərdi yarışlarda da RİM-in yetirmələri uğurlu nəticələr göstəriblər. 80 kq çəki dərəcəsində yarışan mərkəzin təmsilçisi Məhəmməd Abdullayev fəxri kürsünün birinci pilləsində yer tutub. Elvin Səfərov (48 kq) və İsmayıl Səfərli (57) yarışın gümüş medalına layiq görülüblər. Elvin Atakişiyev (70 kq), Nurlan Əlizadə (75 kq), Əli Həşimli (80 kq) və İlkin İsmayılov (+80 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Mərkəzin yığma komandası bundan 1 həftə sonra, yəni fevralın 10-da yenə də Şağan Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan birinciliyində uğurla iştirak edib. 34 komandanın iştirakı ilə sambo idman növü üzrə keçirilən yarışda 385 idmançı qələbə uğrunda mübarizə aparıb. Gərgin keçən yarışda "Təhsil” RİM-in 14 yetirməsi fərqlənib. 16-18 yaşlı yeniyetmələr arasında müxtəlif çəki dərəcələrində Namiq Abbasov, Aslan Mirzəyev I yerə, Əliş Yusifov, Balabəy Ağayev, Aqşin Məhəmmədzadə, Qasım Şirinov, Nicat Aslanov və Ehtiram Babazadə III yerə layiq görülüblər. 19-20 yaşlı gənclər arasında isə müxtəlif çəki dərəcələrində Ceyhun Babayev I, Ələsgər Əsgərov II, Əmrah Bayramov, Elşad Adıgözəlzadə, Eyvaz Nəsibli və Xəlil Cəlilzadə III yeri tutublar.

Cəmiyyətin boks üzrə 1997-1998-ci ildə təvəllüdlü gənc oğlanlar arasında təşkil etdiyi turnir də fevralın əvvəlinə təsadüf edib. "Təhsil” RİM-nin boks zalında təşkil edilən yarışda 100 nəfər gənc boksçu arasından 10 nəfər qalib adına layiq görülüb. Komanda hesabında isə 1 ci yeri Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM), II yeri Sumqayıt "T”, III yeri Hacıqabul UGİM tutub. Ardınca "Təhsil” RİM-nin birinciliyi çərçivəsində ağırlıqqaldırma üzrə 1998-1999, 2000-2002-ci illər təvəllüdlü yeniyetmə oğlan və qızlar arasında yarış keçirilib.

Cüdo üzrə yığma
komanda Azərbaycan
birinciliyinin qalibi olub

Mart ayının əvvəlində "Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası cüdo üzrə Azərbaycan birinciliyinin qalibi olub. Qeyd edək ki, "Təhsil” RİM cüdo üzrə ilk dəfə belə uğurlu nəticə əldə edib.
Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 13-14 yaşlı oğlan və qızlar 10 çəki dərəcəsində mübarizə aparıblar. Yarışlarda 468 idmançıdan ibarət 55 komanda iştirak edib. "Təhsil” RİM-in yetirmələri yarışlarda 10 qızıl, 2 gümüş və 14 bürünc medal qazanaraq, komanda hesabında birinci yerə layiq görülüblər. Ötən ildə "Təhsil” RİM-in fəaliyyətində yaddaqalan nəticələrdən biri də mərkəzin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin qızlardan ibarət U-13 və U-16 futbol komandalarının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən keçirilən arasında ölkə çempionatının finalında uğurla çıxış etməsi olub. Aprelin 1-də təşkil edilən mərhələ yarışında U-13 qızlar liqası 3 yarımqrupda 33 komandanın iştirakı ilə Şərq, Qərb və Şimal zonalarına, U-16 YUNİSEF qızlar liqası 2 yarımqrupda 16 komandanın iştirakı ilə Şərq və Qərb zonalarına bölünərək keçirilib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin U-13 və U-16 komandaları Şərq zonası qrupunda bütün oyunlarda qalib gələrək finala vəsiqə qazanıblar. U-13 qızlar liqasının final oyunu aprelin 4-də, U-16 YUNİSEF qızlar liqasının final oyunu isə aprelin 5-də "Bayıl Arena” stadionunda keçirilib.

U-13 qızlar liqası qrup üzrə bütün oyunlarda qələbə qazanaraq finala çıxıb. Gərgin mübarizə şəraitində keçən finalda isə penalti seriyasında uduzan komanda 2-ci yeri qazanıb. U-16 YU NİSEF qızlar liqası isə 16 komandanın iştrakı ilə 2 yarımqrupda - Şərq və Qərb zonalarına bölünərək keçirilib. İOEUG Futbol Məktəbinin bu liqada mübarizə aparan komandası bütün oyunları qol buraxmadan qələbə ilə başa vuraraq finala çıxıb. Finalda da inamla oynayan komanda çempionatın qalibi olub. Çempionatda I, II və III yerləri tutan komandalara diplomlar təqdim olunub.

"Təhsil” RİM-in
şahmatçıları məktəblilərin dünya çempionatında uğur qazanıblar

Mayın 15-də Tailandın Pattaya şəhərində keçirilən çempionatda dünyanın 34 ölkəsindən 7-17 yaşlı məktəblilər öz zəka və bacarıqlarını nümayiş etdiriblər. Azərbaycanı yarışda "Təhsil” Respublika İdman Mərkəzinin 12 şahmatçısından ibarət komandası təmsil edib. Komanda ötən ilin sonunda keçirilən respublika çempionatının final mərhələsinin qaliblərindən təşkil olunub. Yarışın nəticələrinə əsasən, mərkəzin şahmatçısı Leyla Budaqova 7 yaşadək qızlar arasında klassik şahmat və blits üzrə 2 qızıl medal qazanıb. Təmsilçimiz Şəhriyar İsgəndərov 15 yaşadək oğlanlar arasında blits üzrə, Murad İbrahimli isə 13 yaşadək oğlanlar arasında blits üzrə qızıl medallara sahib olublar. Beləliklə, Azərbaycanın məktəbli şahmatçıları ümumilikdə 4 qızıl medal qazanaraq, komanda hesabında 34 ölkə arasında 2-ci yerə layiq görülüblər.

Avropa Oyunlarının
təbliği çərçivəsində
məkəblilər arasında
turnirlər keçirilib

Azərbaycan Təhsil Nazirliyi Bakı-2015 I Avropa Oyunları çərçivəsində yarışların proqramına daxil edilən 14 idman növü - velosiped, voleybol, stolüstü tennis, taekvondo, karate, güləş, çimərlik futbolu, cüdo, boks, basketbol, badminton, atletika, akrobatika və bədii gimnastika üzrə məktəblilərarası zona yarışları təşkil edib. Aprelin 21-də startı verilən tədbirlər çərçivəsində 55-ə yaxın idman yarışı təşkil edilib. I Avropa Oyunları ərəfəsində təşkil olunan zona yarışları mayın sonunadək davam edib. Yarışlarda 6 min nəfərdən çox şagird qüvvəsini sınayıb. Bu yarışların keçirilməsində məqsəd I Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğ edilməsi, məktəbyaşlı uşaqların sağlam həyat tərzinə cəlb edilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarət olub.
I Avropa Oyunlarının məktəblər arasında təbliği məqsədilə 1999-2001-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında badminton üzrə "Təhsil” RİM-nin açıq respublika birinciliyi təşkil edilib. Yarışlar Slavyan Universitetinin idman zalında keçirilib. Mərkəzin təmsilçiləri məktəblilərin şahmat üzrə Avropa çempionatında da uğurla çıxış ediblər. Belə ki, iyun ayının sonu və iyul ayının əvvəllərində Türkiyənin Konya şəhərində təşkil edilən yarışda 9 yaşadək oğlanlar arasında Süleyman Süleymanlı fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 11 yaşınadək oğlanlar arasında Xəzər Babazadə, 13 yaşınadək qızlar arasında Aytac Heydərova və 15 yaşınadək qızlar arasında Nərmin Kərimzadə Avropa çempionatını bürünc medalla başa vurublar. Şahmatçılarımız komanda hesabında 3-cü yeri tutublar. Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən idman məktəblərinin əməkdaşları arasında keçirilən paintball üzrə dostluq turniri "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Sentyabrın əvvəlində keçirilən "Paintball-2015” turnirinin keçirilməsi idman məktəblərinin kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədini daşıyıb.

Turnirdə 24 idman məktəbinin komandası iştirak edib. 3 mərhələdə keçirilən yarışda I yerə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (RİOEUGİM), II yerə 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Tennis Məktəbi (İOEUGTM), III yerə 13 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi (İOEUGİM) layiq görülüb.
Mərkəzin yetirməsi dünya birinciliyində qızıl medala layiq
görülüb



"Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi, Azərbaycan yığma komandasının üzvü Məhəmməd Abdullayev ötən ilin sentyabrında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində +80 kq çəki dərəcəsində uğurla çıxış edərək final mərhələsinə vəsiqə qazanıb. Finalda isə Almaniya təmsilçisi Daniel Melsam üzərində inamlı qələbə qazanaraq I yerə layiq görülüb.

Sentyabrın 16-da Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərində yeni açılan badminton bölmələrinin məşqçi-müəllimləri üçün Sumqayıt Olimpiya İdman Kompleksində təlim keçirilib.
Azərbaycan Badminton Federasiyasının və "Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkil etdiyi təlimlərdə "Təhsil” RİM-in Gəncə, Sumqayıt, Lənkəran filiallarının və Quba rayon Uşaq-Gənclər İdman Məktəbinin badminton bölmələrinin məşqçi-müəllimləri iştirak ediblər. Badminton üzrə Azərbaycan yığma komandasının baş məşqçisi və məşqçiləri təlim iştirakçılarını məşq prosesinin elementləri ilə tanış edib, onlara qabaqcıl ölkələrin təcrübəsi, yeniliklər barədə ətraflı məlumat veriblər. "Təhsil” RİM təmsilçilərinin iştirakı ilə keçirilən daha bir beynəlxalq yarış 27 sentyabr- 4 oktyabr tarixlərində Rusiya Federasiyasının Ulyanovsk şəhərində təşkil edilib. Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin məktəbliləri arasında keçirilən idman festivalında mərkəzin idmançıları müxtəlif idman növləri üzrə mükafatalayiq yerləri tutublar. Yarışın nəticələrinə əsasən, idmançılarımız komanda hesabında basketbol və şahmat üzrə II , badminton (oğlanlar arasında cütlüklərin yarışında) və stolüstü tennis üzrə isə III olublar. Fərdi yarışlarda Kənan Hacizadə (II yer), Vüsal Həsənzadə (III yer), Sadıq Sadıqov (II yer) rəqiblərindən üstün olublar.

Taekvondoçular
beynəlxalq turnirdə
fərqləniblər

Oktyabrın 11-də Rusiyanın Tolyatti şəhərində taekvondo idman növü üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğur qazanıblar.
Yarışda ölkəmizi "Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının yetirmələri təmsil edib. Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan 600-ə yaxın taekvondoçunun iştirak etdiyi yarışda "Təhsil” RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək qızıl medala layiq görülüb. Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə yalnız final görüşündə uduzaraq yarışdan gümüş medalla ayrılıb.
Oktyabr ayının 23-də "Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika çempionatının final mərhələsi keçirilib.

Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən final 6 yaş qrupu üzrə təşkil olunub. Finalda zona yarışlarında I, II və III yerləri tutan oğlan və qız şahmatçılar iştirak ediblər. Ümumilikdə yarışlara 800-dək məktəbli qatılıb. Turnir Beynəlxalq Şahmat Federasiyasının qaydalarına əsasən İsveçrə sistemi üzrə keçirilib. Yarışın nəticəsinə əsasən, komanda hesabında I yerə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər Şahmat-İdman Məktəbinin, II yerə Quba Rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin, III yerə isə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin komandaları layiq görülüb.
Çempionatda yaş qrupları üzrə birinci yerə layiq görülən şahmatçılar 2016-ci ildə Tunisdə keçiriləcək məktəblilərin dünya çempionatında çıxış etmək hüququ qazanıblar. İkinci yerlərin sahibləri isə Yunanıstanda keçiriləcək məktəblilərin Avropa çempionatında ölkəmizi təmsil edəcəklər. Qalib şahmatçılar diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

2016-cı il ölkənin idman və Olimpiya Hərəkatı üçün məsuliyyətli illərdən biridir. Çünki bu il Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Dünyanın mötəbər idman tədbirinə hazırlıq və bununla bağlı müəyyən tədbirlərin görülməsi idman cəmiyyətlərinin və məktəblərinin də qarşısında mühüm tələblər qoyur. Öz fəaliyyətini günün tələbləri səviyyəsində quran "Təhsil” Respublika İdman Mərkəzi də ölkədə idman və Olimpiya Hərəkatının təbliği və inkişafı istiqamətində əzmlə çalışır.





Səadət Hakıyeva