Paytaxt yarışına daha iki vəsiqə

Paytaxt yarışına daha iki vəsiqə



Aprelin 19-da Qax şəhər stadionunda "Şahin” respublika hərbi-idman oyununun zona mərhələsinin yarışları keçirilib.
Gənclər və idman, təhsil və müdafiə nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər əlaqədar qurumların dəstəyi ilə keçirilən bu yarışlar böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, məktəbliləri hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsi məqsədi daşıyır.
Zona yarışında Balakən, Zaqatala, Şəki, Oğuz və Qəbələ rayonlarının təmsilçiləri mübarizə aparıblar. Komandalar sıra hazırlığı, darağa patronun doldurulub-boşaldılması, avtomatın sökülüb-yığılması, hədəfə atəş açma, fiziki hazırlıq, maneənin dəf edilməsi, sanitarların yarışı, mülki müdafiə hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar.
Zona yarışında Zaqatala və Oğuz komandaları birinci və ikinci yerləri tutaraq hərbi-idman oyununun mayın əvvəlində Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar. Balakən təmsilçiləri yarışları üçüncü pillədə başa vurublar. Qalib komandalar Gənclər və İdman Nazirliyinin fəxri fərmanları ilə mükafatlandırılıblar.
Qax komandası isə Göyçayda keçirilən zona yarışında birinci yeri tutaraq finalda iştirak etmək hüququ qazanıb.