Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
Yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib.
Avropa Oyunlarının qızıl medalçısı, ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatının qalibi Rəsul Çunayev reytinqdəki liderliyini saxlayıb.
Mövqeyini dəyişməyən daha bir güləşçimiz son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov olub. O reytinqdə ikinci sıradadır.
Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti də reytinqdəki mövqeyini saxlayıb.
Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) və Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.