Yeniyetmələr Şirvanda yarışıblar

Yeniyetmələr Şirvanda yarışıblar

Müxtəlif idman növləri üzrə yarışların keçirilməsi uşaq, yeniyetmə və gənclərin təcrübə qazanmasında mühim rol oynayır. Belə turnirlərdə əldə olunan təcrübə gələcək yarışlarda uğurlu çıxışa yol açır. Güləş üzrə Şirvan şəhər açıq birinciliyi də yeniyetmə pəhləvanlar üçün təcrübə məktəbi sayıla bilər. 2 Fevral-Gənclər Gününə həsr olunan bu yarışda 10 komandanın tərkibində yer alan 300 güləşçi mübarizə aparıb. İştirakçılar iki yaş qrupunda (2000-2002; 2003-2005) güclərini sınayıblar. Yarış şəhər sakinlərinin böyük maragına səbəb olub.

Olimpnews.az saytının məlumatına görə, Birincilikdə Sumqayıt güləşçiləri də öz bacarıqlarını nümayış etdiriblər. Təcrübəli məşqçi Xəyal Əliyevin yetirmələri bir qızıl, bir gümüş və bir bürünc medal qazanıblar. 29 çəki dərəcəsində gücünü sınayan İlham Hüseynov bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün birinci pilləsində yer alıb. Məşqçinin digər yetirmələri-Nihad Məmmədov (29 kq) bu yarışda ikinci, Tural Əliyev (85 kq) isə üçüncü olub. Sumqayıt təmsilçisi Kamran Süleymanov (29 kq, məşqçisi Eldar Neymətov) da fəxri kürsünün ikinci pilləsində yer alıb.

Açıq birinciliklə bağlı saytımıza məlumat verən Xəyal Əliyev yarışın yüksək səviyyədə keçirildiyini dedi: "Ölkəmizdə güləşin inkişafına xüsusi qayğı ilə yanaşılması hər birimizi sevindirir. Azərbaycan Güləş Federasiyası bununla bağlı lazımi addımlar atır. Sözsüz ki, güləşin, eləcə də digər idman növlərinin inkişafı uşaq idmanından başlayır. Bu baxımdan, uşaqların müxtəlif yarışlara cəlb olunması çox vacibdir. Sevindirici haldır ki, respublikamızda uşaqların, o cümlədən yeniyetmələrin iştirakı ilə mütəmadi olaraq turnirlər keçirilir. Bu yarışlar uşaq və yeniyetmələrin təcrübə qazanması baxımından əhəmiyyətlidir. Şirvan şəhərində keçirilən sərbəst güləş üzrə açıq birincilik də gənc pəhləvanlar üçün faydalı oldu. Turnir yüksək səviyyədə yəşkil olunmuşdu. Açıq birincilikdə 300 yeniyetmə güləşçinin mübarizə aparması onu deməyə əsas verir ki, güləş idman növündə kütləvilik təmin olunub. Yarışda mübarizə aparan yetirmələrimdən üçü fəxri kürsüdə yer aldı. Bu nəticəni qənaətbəxş hesab edirəm. İnanıram ki, gələcəkdə iştirak edəcəyimiz yarışlar da bizim üçün uğurlu olacaq”,- deyə məşqçi bildirdi.

Açıq birincilik başa çatdıqdan sonra qalib və mükafatçılara diplom, fəxri fərmanlar təqdim olunub.