Fevralın 10-da Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin (DİN İC) bədii gimnastika üzrə «Qış nağılı» adlı klublararası açıq birinciliyi keçirildi.
«Olimpnews.az» xəbər verir ki, cəmiyyətin idman zalında təşkil olunan yarışda DİN İC, «START»İK, RKİM və Kürdəmirdən 50 gimnast bacarığını nümayiş etdirdi. Yarışın açılış mərasimində DİN İC-ın sədri, Olimpiya çempionu Zemfira Meftəhətdinova çıxış edərək iştirakçılara uğurlar arzuladı. Ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan Zemfira Meftəhətdinova böyük idmana gedən yolun məhz uşaq idmanından başlandığını, ölkəmizdə perspektivli və istedadlı gənc nəslin yetişdiyini diqqətə çatdırdı. Gimnastikanın ölkəmizdə populyar idman növü olduğunu deyən Zemfira Meftəhətdinova yarışda iştirak edən yeniyetmə idmançıların da gələcəkdə beynəlxalq arenalarda öz sözlərini deyəcəklərinə inandığını bildirdi.
Dövlət himni səsləndirildikdən sonra birincilik açıq elan edildi. Maraqlı çıxışlardan sonra 2001-2003, 2004, 2005, 2006, 2007, 2008, 2009-cu illər təvəllüdlü gimnastlar arasında qaliblər müəyyənləşdi. 2001-2003-ci illər təvvəlüdlü idmançılar arasında qalib adını Mələk Kərimova (START İK) qazandı. Kürdəmir təmsilçiləri Xuraman Babayeva ikinci, Aygül Babaşova isə üçüncü yeri tutdular. RKİM təmsilçisi Səbinə Abbasova da bürünc medala layiq görüldü. 2004-cü il təvvəlüdlü gimnastalırn çıxışında Lalə Quliyeva, Elmira Süleymanova (hər ikisi RKİM) və Selcan Qəhrəmanova (START İK) müvafiq olaraq ilk üç pillədə qərarlaşdılar.
2005-ci il təvəllüdlü idmançılar arasında Səbinə Cəlilova (START) çempionluğa yiyələndi. Nazlı Hacıyeva (Kürdəmir) gümüş, Leyla Bejanova (START İK) bürünc medal əldə etdi. 2006-cı il təvvəllüdlü iştirakçılar arasınnda START İK təmsilçiləri Siyasət Əmiraslanova birinci, Ellada Zərifova ikinci, Aliya Məmmədova üçüncü yeri tutdu.