Fevralın 10-da Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin (DİN İC) bədii gimnastika üzrə «Qış nağılı» adlı klublararası açıq birinciliyi keçirildi.
«Olimpnews.az» xəbər verir ki, yarışlar başa çatdıqdan sonra DİN İC-nin sədri, Olimpiya çempionu Zemfira Meftəhətdinova və DİN İC-nin bədii gimnastika üzrə məşqçisi Tatyana Vlasova yarışla bağlı fikirlərini «olimpnews.az» saytı ilə bölüşdü.
Zemfira Meftəhətdinova, DİN İC-nin sədri, Olimpiya çempionu:
- DİN İC-də bədii gimnastika yüksək səviyyədə inkişaf etdirilir. Əsas məqsədimiz bu növ üzrə istedadlı idmançıları aşkarlamaq, yetişdirmək və onların yığma komandada yer almalarını təmin etməkdir. Qeyd edim ki, cəmiyyətdə müxtəlif idman növləri üzrə mütəmadi olaraq yarışlar keçiririk. Bu 2016-cı ildə təşkil etdiyimiz ikinci yarışdır. Bildiyiniz kimi DİN İC-də müxtəlif idman növləri tədris olunur. Bundan əvvəl ciu-citsu üzrə belə bir yarış təşkil etmişdik. Cəmiyyətin bədii gimnastika bölməsində həftədə üç dəfə məşqlər keçilir. Komandamızın heyətində əsasən kiçik yaşlı gimnastlar yer alırlır. Sonradan perspektivli idmançılar yığma komandanın məşqçiləri tərəfindən əsas komandaya cəlb edilirlər. Bəddi gimnastikanı çox sevirəm. Azyaşlı uşaqların bu növdə zərif çıxışları insana xüsusi zövq verir. Ölkəmizdə bədii gimnastika yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva tərəfindən bu növə yüksək səviyyəli diqqət və qayğı göstərilir. Avropa Oyunlarında, müxtəlif mötəbər yarışlarda gimnastlarımız uğurlu çıxışlar edirlər.
Qeyd edim ki, ötən il DİN İC üçün uğuru illərdən oldu.
Keçən il cəmiyyət daxilində 3 yarış keçirdik. İdmançılarımız müxtəlif yarışlarda yüksək nailiyyətlər əldə etdilər. Bu il çalışcağıq ki, klublar arası yarışları daha da çox keçirək. Novruz bayramı ilə əlaqədar da yarış keçirməyi planlaşdırırıq. Məhz bu cür yarışlarda gənclərimiz böyük idmana vəsəiqə qazanırlar. Yarışlarımız yüksək səviyyədə keçirilir. Həm uşaqlar həm də valideynlər razı qalırlar.
«Ümid bəslədiyimiz idmançılar özlərini doğrultdular»
Tatyana Vlasova, DİN İC-in bədii gimnastika üzrə məşqçisi:
- Klublararası yarışın keçirilməsində məqsəd idmançılarımızı sınaqdan keçirməkdir. Bir sıra təmsilçilərimiz var ki, onlar yarışa ilk dəfədir ki, qatılırlar. Bu cür yarışlar gimnastlara təcrübə qazandırır və onların daha məsul yarışlarda fiziki və psixoloji cəhətdən daha hazırlıqlı olmalarını təmin edir. Bu yarışda kiçikyaşlı gimnastlarımız çıxış etdi. Ümumilikdə yarışda komandamızın heyətində 14 gimnast mübarizə apardı. Ümid bəslədiyimiz idmançılar özlərini doğrultdular. Hazırda yığma komandada yer alan idmançılarımız var. İnanıram ki, təmsilçilərimiz növbəti yarışlarda da onlara bəslənilən etimadı doğruldacaqlar.
Aysel