Bir-birinə nifrət edən iki ulduz

Bir-birinə nifrət edən iki ulduz
Amerikalı tennis ulduzu Serena Uilyams və rusiyalı kort ustası Mariya Şarapova uzun illərdir ki, rəqabət aparırlar. Olimpnews.az saytının məlumatına görə, hətta demək olar ki, bu rəqabət artıq nifrətə çevrilib. Deyilənlərə görə, amerikalı tennisçi rusiyalı rəqibinə nifrət edir. Əslində, bu iki tennisçinin şəxsi görüşlərində qeydə alınan nəticə, onların düşmənçiliyinə, bir-birinə nifrət bəsləməsinə əsas vermir. Onların şəxsi görüşlərində hesab Serenanın xeyrinədir - 18:2. Fərq göz qabağındadır. Serena Uilyams artıq 10 ildir ki, Mariya Şarapovaya "göz verib, işıq vermir”. O, dalbadal 17 görüşdə Mariyanı məğlub edib. Bu isə qadın tennisçilər arasında qeydə alınan ən böyük nəticədir.Düzdür, Mariya Şarapova iki dəfə Uilyamsı məğlub etməyi bacarıb, lakin bu, ümumi nəticəyə təsir göstərməyib. Bununla belə, Şarapovanın 2004-cü ildə 17 yaşında Uimbldon turnirində əldə etdiyi qələbə bu tennisçinin şöhrət tapmasına zəmin yaradıb.

"Suların duru olduğu” illər
Şarapova ilə Uilyams kortda ilk dəfə 2004-cü ildə üz-üzə gəliblər. Həmin vaxt Mariya tanınmırdı. Top-20 reytinqində adı yox idi. Uilyams isə "Böyük dəbilqə” turnirinin 6 qat qalibi kimi məşhurlar sırasında yer almışdı. Onların ilk qarşılaşması, gözlənildiyi kimi, amerikalının qələbəsi ilə başa çatdı. 6 ay sonra isə bu rəqiblər Uimbldon turnirinin finalında qarşılaşdılar. Bu görüşdə Mariya qalib gəldi. Tennisçi xanımlar həmin ərəfədə çox mehriban görünürdülər. Yəni 2004-cü ilin yazında hələ "sular duru” idi. Həmin mövsümün son oyununda Şarapova Uilyamsı üstələdi. Gərgin keçən qarşılaşma rusiyalı xanımın qələbəsi ilə başa çatdı - 4:1. İki ay sonra keçirilən "Australian Open” turnirinin finalında Mariya amerikalı rəqibindən üstün idi. Serenanı üçüncü dəfə məğlub etmək üçün cəmi bir xal qazanmaq lazım idi. Lakin təcrübəli Uilyams nəinki vəziyyəti öz xeyrinə dəyişməyi bacardı, hətta həmin görüşün qalibi adını qazandı. Bu görüşdən sonra Uilyams rusiyalı rəqibini sıxışdırmağa başladı: Onların üz-üzə gəldikləri bütün oyunlar Serenanın qələbəsi ilə yekunlaşdı.

Cəmi altı ay sonra Mariya Şarapova dünyanın ən çox qazanan idmançısına çevrildi. "Böyük dəbilqə” turnirlərində iki dəfə qalib gələn Şarapova planetin bir nömrəli tennisçisi kimi şan-şöhrət qazandı.

2008-ci ildə çiynindən aldığı zədə Şarapovanı uzun müddət kortdan ayrı saldı. Həmin vaxt bu iki xanım tennisçinin şəxsi görüşlərinin balansı belə idi - 2:5. Göründüyü kimi, Serenanın üstünlüyü çox deyildi.

Kameraya gülümsəyən dostlar
Serena Uilyams kortda Mariyanı sıxışdırmağa davam etsə də, bu onların dostluğuna xələl gətirmədi. Gərginlik gözə çarpmırdı. Rəqiblər müxtəlif tədbirlərdə birgə iştirak edir, kameralara birgə gülümsəyirdilər. Hətta 2011-ci ildə Stenfordda təşkil olunan turnirdə qalib gələn Serena (7:2) rusiyalı rəqibini kortdan alqışlarla yola saldı. Marina alqış sədaları altında kortdan çıxanda onun daxilən gərgin vəziyyətdə olması diqqətlərdən qaçmadı. Nifrətin toxumları artıq cücərməyə başlamışdı. 2012-ci ildə keçirilən London Olimpiya Oyunlarının final görüşü isə "partlayış” törətdi. Həlledici mərhələdə Serena Uilyams qalib gəldi - 6:0, 6:1. Bu, düşmənçiliyin, nifrətin qabarıq şəkildə üzə çıxmasına zəmin yaratdı.

"Bəhanələr heç nəyi həll etmir” və ya "ulduzların müharibəsi”
Bu iki xanım tennisçi arasında başlayan münaqişənin ilk "zəngi” Şarapova tərəfindən çalındı. 2013-cü ildə keçirilən "Australian Open” turnirində Serenaya məğlub olan rusiyalı tennisçi, məğlubiyyətini zədələnməsi ilə əlaqələndirdi. O, zədəli ayağını kameralar qarşısında nümayiş etdirdi. Serenanın cavabı yubanmadı. "Bir azdan tennisçilər rentgen kağızlarını, ürək kardioqramlarını da nümayiş etdirəcəklər. Buna əminəm. Amma bəhanələr heç nəyi həll etmir”, - deyə o bildirdi. İş elə gətirdi ki, növbəti aylarda Marina daha dörd dəfə Serenaya uduzdu. Bu məğlubiyyətlərdən qəzəblənən rusiyalı ulduz qeyri-adi bir addım atdı. O, özünə təcrübəli bir məsləhətçi tapdı: həmin adam Şarapovanın Uilyamsla keçirdiyi oyunları təhlil etməli və hərəkət planı hazırlamalı idi. Amma Mariyanın gözlədiyi baş tutmadı. "Rolan Qarros” turnirinin finalında rusiyalı tennisçi növbəti dəfə amerikalı rəqibinə uduzdu (4:6, 4:6), Artıq bəhanə üçün heç nə qalmamışdı və Mariya Şarapova öz əsəblərini biruzə verməməyə çalışırdı.

Cəmi iki həftə sonra "mehriban düşmənlərin” maskası tam cırıldı və iki məşhur tennisçinin söz müharibəsi başladı. "Rolling Stone” nəşrinə müsahibə verən Uilyams Mariya Şarapovanı "ifritə” adlandırdı. Serena bundan sonra rusiyalı rəqibini heç bir tədbirə dəvət etməyəcəyini bəyan etdi. O, Mariyanın tanışı Qriqori Dmitriyevin "qara ürəkli oğlan” olduğunu deməkdən də çəkinmədi. Şarapova bu məsələyə münasibətini belə ifadə etdi: "Yaxşı olar ki, Serena yaxınlıq etdiyi, həm də məşqçisi olan Patrik Muratoğluna baxsın. Hamı bilir ki, Muratoğlu Serenaya görə, ailəsini, uşaqlarını atıb”. Deyilənlərə görə, Serena Uilyams öz sözlərinə görə Mariyadan üzr istəyib. Lakin bu, Mariyanın cavab zərbəsinin qarşısını ala bilməyib. Tennisçi xanımların apardıqları "müharibənin” alovu daha geniş miqyas aldı. Rusiya Tennis Federasiyasının mətbuat katibi Sofya Tartakova tennisçilərin münasibətini belə qiymətləndirdi: "Serena Mariya Şarapovaya, sadəcə, nifrət edir. Amerikalı tennisçi Mariya ilə qarşılaşmaya çıxanda, sanki düşmənin üzərinə gedir. Serena az qala kortu dağıtmaq istəyir. Çünki həmin kortun digər tərəfində Şarapova dayanır. Məncə, bu qədər nifrətə, düşmənçiliyə ehtiyac yoxdur”. Alovlanan müharibəni Muratoğlunun sözləri daha da qızışdırdı. O, Şarapovanı "pis tennisçi” adlandırdı Uimbldonda amerikalıya növbəti dəfə məğlub olan Mariya isə Muratoğlunun sözlərini belə cavablandırdı: "Düşünürəm ki, onlar mənim haqqımda heç vaxt xoş sözlər deməyəcəklər. Çünki, Serena Uilyams və Patrik Muratoğlu alicənab insan deyil”.

Düşmənə çevrilmiş rəqiblər uzun müddətdir ki, kortda qarşılaşmırlır. Ötən ilin yayında - "US Open” turniri ərəfəsində dünyanın məşhur tennisçiləri "Nike” şirkətinin təşkil etdiyi tədbirdə bir araya toplaşmışdılar. Serena Uilyams hamı ilə şəkil çəkdirsə də, Mariyanı "görmədi”. Jurnalistlərə verdiyi müsahibədə isə Şarapovanın adını belə, çəkmədi: "Tədbir çox əla keçdi. Biz doyunca əyləndik. Hamı orada idi - Roje Federer, Andre Aqassi, Rafael Nadal, Medison və digərləri. Bilirsiniz, adam o qədər çox idi ki, hamısının adını yadda saxlamaq mümkün deyil”.
Yadda saxlanılmayan, unudulan isə bir nəfər idi - Mariya Şarapova.

Hazırladı:
Hürrü Abdullayev