Bakıda səfərdə olan tanınmış Serbiya məşqçisi Dara Terzic buyaxınlarda Bakıda Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışlarında iştirak edib. Serbiyalı məşqçi Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
"Olimpnews.az” həmin müsahibəni oxucuların diqqətinə çatdırır.
-Azərbaycana ilk dəfədir ki, gəlirsininz. Təəssuratlarınızı bilmək maraqlı olardı…
-Bu, mənim Azərbaycana ilk səfərimdir. Ölkəniz haqqında çox gözəl təəssüratlarım var. Təəssüflər olsun ki, mən Bakıda keçirilən bir çox irimiqyaslı yarışlarda iştirak edə bilməmişəm. Qeyd edim ki, Azərbaycan Gimnastika Federasiyasında çox yaxşı qurulmuş iş sistemi mövcuddur və iş prosesinə peşəkar insanlar cəlb olunub.
- Milli Gimnastika Arenası sizə necə təsir bağışladı?
-Milli Gimnastika Arenası çox xoşuma gəldi. İlk dəfə bu arena haqqında internet və televiziyadan eşitmişdim. İlk olaraq öz təəssüratlarımı bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Mariana Vasileva ilə bölüşdüm. Vaxtilə peşəkar idmançı kimi müxtəlif gimnastika zallarında olmuşam. Amma beləsinin heç görməmişəm.
Milli Gimnastika Arenası çox möhtəşəmdir və bura məşq etmək, işləmək üçün əlverişli məkandır. Azərbaycanda idmanın, eləcə də gimnastikanın inkişafı üçün göstərilmiş səylərə heyran qaldım. Lakin məni daha çox burada həvəslə çalışan qızlar heyran etdi. Hər kəs yüksək temp və zövqlə çalışır. Bütün həyatımı gimnastikaya sərf etmişəm, lakin indiyədək belə əzmlə işləyən peşəkar komanda ilə rastlaşmamışam.
- Dara xanım, 1988-ci ildə Seulda keçirilən XXIV Yay Olimpiya Oyunlarının iştirakçısınız. OLimpiada ilə bağlı təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?
- 28 il bundan əvvəl Cənubi Koreyanın Seul şəhərində keçirilən yay Olimpiya Oyunlarında iştirak etmişəm. O zaman başqa bir dövr idi və Serbiyada idman çox inkişaf etmişdi. Olimpiadada iştirak etmək hər idmançının arzusudur və mən bu oyunların iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Bu, bizim üçün böyük təcrübə idi. Olimpiya Oyunlarını heç bir yarışla müqayisə etmək mümkün deyil. Olimpiya Oyunları yaddaşımda dərin iz buraxıb. Düşünürəm ki, sizin milli komandadakı qızların dünyanın ən yaxşıları sırasında olmaq və Olimpiya Oyunlarında iştirak etmək üçün çox böyük şansları var.
- Serbiyadakı idman fəaliyyətiniz haqda danışmağınızı istərdik…
- Peşəkar karyerama son verdikdən sonra bir müddət Serbiyanın milli komandasının məşqçisi kimi fəaliyyət göstərmişəm. Hazırda 600 gimnastı bir araya toplayan "Palilula” adlı gimnastika klubuna rəhbərlik edirəm. Klubun idmançıları mötəbər yarışlarda inamla çıxış edir və Serbiyanı layiqincə təmsil edirlər. Əlbəttə, yaxşı idmançı yetişdirmək və uğurlu nəticələr əldə etmək üçün mütləq maliyyə ehtiyatları olmalıdır. Dediyim odur ki, bizim ölkədə əgər sən nəsə əldə etmək istəyirsənsə, bunu özün etməlisən və kənardan heç bir köməklik gözləməməlisən. Burada gördüklərimdən heyranam. Azərbaycan dövləti idman sahəsinə çox böyük diqqət və qayğı göstərir və hazırda olduğum bu məkanda gimnastlar üçün hərtərəfli şərait yaradılıb. Sizin ölkənin idmançıları belə diqqət və qayğıya, yüksək səviyyəli şəraitə görə çox şanslıdırlar.
-Gənc gimnastlarımıza nə tövsiyə edərdiniz?
-Gimnastlarınıza tövsiyəm odur ki, səbirli olsunlar və onlar üçün Milli Gimnastika Arenasında yaradılan şəraitdən, qayğıdan bəhrələnsinlər. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinin etimadını doğrultsunlar. Bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasilevanı 15 ildən artıqdır ki, tanıyıram. O, çox istedadlı və peşəkar insandır. Belə peşəkar və təcrübəli mütəxəssislə işləmək böyük zövqdür. Qızlara deyərdim ki, tanrının sizə ötürdüyü enerjini özünüzdə saxlamayın. Mariana Vasileva kimi bunu ətrafdakılarla bölüşün. Nə qədər çox səy göstərsəniz, daha çox əldə edəcəksiniz.
-Qarşıdakı planlarınız barədə nə deyə bilərsiniz?
- Hələlik heç bir planım yoxdur. Mən gimnastlarla çalışmaqdan zövq alıram və gələcəkdə də məşqçili fəaliyyətimi davam etdirəcəyəm. Təmkinli, çalışqan və enerjili gimnastlarla işləməkdən zövq alıram. Klubumuzun gimnastlarından ümumilikdə razıyam. İnanıram ki, onlar bizim ölkədə idmanın inkişafı və gələcəyi yolunda öz sözlərini deyə biləcəklər.