Fevralın 13-14-də Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XX beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən qadın güləşi üzrə yığma komandamızın üzvləri 7 (2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Nataliya Sinişin (58 kq) qazandırıb. Hər iki güləşçimiz bütün görüşləri qələbə ilə başa vurublar.
Mariya Stadnik keçirdiyi 4 görüşdə rəqiblərinə 1 xal belə verməyib. Güləşçimiz finalda ukraynalı Oleksandra Kohutu məğlub edib. Nataliya Sinişin isə yarımfinalda komanda yoldaşı Yuliya Ratkeviçdən minimal hesabla üstün olub. Finalda isə güləşçimiz yerli idmançı Oksana Herheli məğlub edib.
55 kq çəki dərəcəsində mübarizə aparan Anjela Doroqan isə turnirin gümüş medalına yiyələnib.
Bürünc medalları yığmamıza Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) qazandırıb.
63 kq-da mübarizə aparan güləşçimiz İrina Netreba bürünc medal görüşündə macarıstanlı dünya çempionu Marianna Sastinə uduzaraq turniri 5-ci sırada tamamlayıb. Turnirdə 5-ci olan daha bir güləşçimiz isə zədə səbəbindən mübarizəni davam etdirə bilməyən Leyla Qurbanova (53 kq) olub.