Fevralın 19-dan 21-dək Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə FIG dünya "Challenge” kuboku keçiriləcək. Milli Gimnastika Arenasında təşkil ediləcək yarışlarda dünyanın 19 ölkəsindən ümumilikdə 68 (46 kişi və 22 qadın) gimnast qüvvəsini sınayacaq.
Avropa Gimnastika İttifaqının (AGİ) vitse-prezidenti, Azərbaycan Gimnastika Federasisiyasının (AGF) baş katibi Fərid Qayıbov bugünlərdə Bakıda keçiriləcək FIG dünya "Challenge” kuboku ilı bağlı Rusiyanın "Vestnik Kafkaza” portalına müsahibə verib.
"Olimpnews.az" saytı həmin müsahibəni oxucuların diqqətinə çatdırır.
"Ölkəmiz Bakı-2015 Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə bütün dünyaya səs salıb”
AGF-nin baş katibi müsahibəsində idman gimnastikası üzrə dünya kubokunun Bakıda təşkili ilə bağlı qərara münasubət bildirib. Federasiya rəsmisi bunda Azərbaycan gimnastlarının bu ilin yayında ölkəmizin ev sahibliyi Bakı-2015 Avropa Oyunlarında uğurlu çıxışlarının mühüm rol oynadığını vurğulayıb. "Azərbaycan mötəbər idman tədbirlərinin məkanına çevrilib. Ölkəmiz Bakı-2015 Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə bütün dünyaya səs salıb. Bunun nəticəsidir ki, dünya kubokunda iştirak etmək üçün dünya şöhrətli gimnastlar ölkəmizə gələcək. Yaponiyalı 3 qat dünya çempionu Kendzo Sirai də onlardan biridir. Bundan başqa, Braziliya, Kanada, Avropa da daxil olmaqla, digər qitələrdən tanınmış idmançılar yarışacaqlar. Düşünürəm ki, ölkənin idman ictimaiyyəti üçün dünyanın hər yerindən Bakıya gələn kişi və qadın gimnastların iştirakı maraqlı olacaq”.
Fərid Qayıbov ölkədə idman gimnastikasının inkişafından da danışıb. O deyib: "İdman gimnastikası ölkəmizdə yüksək sürətlə inkişaf etməyə başlayıb və Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi bu növ üzrə dünya kubokunun təşkili barədə qərar qəbul edib. Azərbaycan idman gimnastikası üzrə dünya kubokuna ilk dəfədir ev sahibliyi edir. Biz indiyədək yalnız bədii gimnastika üzrə dünya kubokunu qəbul etmişik. Həm də bu yarışla mövsümə start veriləcək.
Dünya kubokunda 19 ölkənin gimnastlarının medal uğrunda mübarizə aparacağını deyən baş katib onu da bildirib ki, arzu edənlərin heç də hamısı dünya kubokunda iştirak edə bilməyəcək. "Bu il çətin və məsuliyyətli ildir. Belə ki, bu ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçiriləcək. Bundan başqa, gimnastları tezliklə Avropa çempionatı gözləyir. Aprel ayında isə onlar Rio-2016 Olimpiya Oyunlarına lisenziya yarışlarında iştirak edəcəklər. İdmançıların bəziləri hələ olimpiadaya lisenzıya qazanmayıblar və onlar bu yarışdan yararlanmağa çalışacaqlar.
"Biz bu yarışda da Oleqdən qələbə gözləyirik”
Azərbaycan yığmasının bu yarışlarda planlarından danışan Avropa Gimnastika İttifaqının vitse-prezidenti Bakı-2015 Avropa Oyunlarının 5 medalına layiq görülən Oleq Stepko haqqında danışıb. O bildirb ki, Oleq ötən ilki dünya çempionatında paralel qollarda medala sahib olub və və bu uğuru I Avropa Oyunlarında davam etdirib. Federasiya rəsmisi ölkənin idman ictimaiyyətinin Stepkodan bu yarışlarda bir yox, bir neçə medal gözlədiyini də diqqətə çatdırıb. "Biz ona inanırıq və bu yarışda da Oleqdən qələbə gözləyirik. Ölkənin idman ictimaiyyəti ondan bir neçə medal gözləyir.
Stepkonun komanda yoldaşı Petro Paxnyuk da güclü gimnastalarımızdandır və o da kuboka çox ciddi hazırlaşır. Oleq Rio-2016 Oolimpiya Oyunlarına artıq lesenziyanı özünə təmin edib, Paxnyuk isə lisenziya uğrunda bu ilin aprelində yarışacaq”.
İdman gimnastikası üzrə FIG dünya "Challenge” kuboku yarışlarına fevralın 17-də start veriləcək. Ölkəmizi bu yarışlarda 6 gimnast təmsil edəcək. Kişilərin yarışında Bakı-2015 Avropa Oyunlarında 5 medala layiq görülən yeganə Azərbaycan idmançısı Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanan Petro Paxnyuk medal uğrunda mübarizə aparacaq. Qadın idmançıların mübarizəsində isə Dünya ""Challenge” Kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova qüvvəsini sınayacaq.
Dünya "Challenge” kubokunun ilk 2 günündə təsnifat mərhələləri, sonuncu gün isə ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunacaq.