Fevralın 18-dən 19-dək "Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından "olimpnews.az” saytına daxil olan məlumata görə yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən, təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1996-1998-ci il təvəllüdlü idmançılar iştirak edəcək.
Hər gün saat 10:00-da başlayacaq yarışların təntənəli açılış mərasimi fevralın 18-də baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaqlar.
Turnirin proqramına əsasən, fevralın 18-də sərbəst, 19-da isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.