Kenzo Şirai: "Azərbaycanda çox güclü gimnastlar var"

Kenzo Şirai: "Azərbaycanda çox güclü gimnastlar var"



Azərbaycanın digər idmançılara ciddi rəqib ola biləcək çox güclü gimnastları var.
Bu sözləri idman gimnastikası üzrə üçqat dünya çempionu Yaponiya gimnastı Kenzo Şirai AzərTAC-a müsahibəsində deyib.

Kenzo Şirai Bakıda keçiriləcək dünya kuboku yarışlarında uğurla çıxış etmək niyyətindədir. Gimnast bu il Olimpiya ili olduğundan, məqsədinin bütün turnirlərdə müvəffəqiyyətlə iştirak etmək olduğunu bildirib. O deyib: "Qarşıdan gələn kubok yarışında da qızıl medal qazanmağa çalışacağam. Yarışda əsas rəqiblərim Yaponiya yığmasından olan komanda yoldaşlarımdır. Lakin Azərbaycanın da çox yaxşı gimnastları var. Oleq Stepko çox güclü gimnastdır, onun potensialını hələ London-2012 Yay Olimpiya Oyunlarında görmüşdüm. O da bu yarışda əsas rəqiblərdən biridir.

Yaponiya komandası dünya kubokunda birinci yeri qazanmaq məqsədini qarşısına qoyub. Eyni zamanda, hansı yeri tutmağımızdan asılı olmayaraq, bizim üçün əsası odur ki, yarışlarda layiqli çıxış edək və nəyə qadir olduğumuzu göstərək”.
Qeyd edək ki, idman gimnastikası üzrə dünya kuboku yarışları fevralın 19-21-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarışda 19 ölkəni təmsil edən 44 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparacaq.
Turnirdə favoritlər arasında dünya çempionatının paralel qollar üzərində yarışlarında bürünc medalçısı, Bakı-2015 ilk Avropa Oyunlarında beş medala layiq görülmüş yeganə Azərbaycan atleti Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanmış Petro Paxnyuk da yer alır.
Azərbaycanı yarışlarda zərif cinsin nümayəndələrindən Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova təmsil edəcək.