Xəbər verdiyimiz kimi, fevralın 17-19-da Bakıda idman gimnastikası üzrə ilk dəfə FIG Dünya "Challenge” Kuboku keçiriləcək.
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Pavel Netreba ölkənin kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində deyib: "Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda çox güclü idmançılar iştirak edəcəklər və tamaşaçılar üçün bu yarışlara baxmaq maraqlı olacaq. Ötən il gimnastlarımız üçün çox dolğun və ağır il oldu. Üstəlik idmançıların müalicə edilməli olan bəzi cüzi zədələri var idi. Lakin ümumilikdə hər şey öz qaydasında gedir. Nə qədər tez formaya düşsək, bu vacib Olimpiya ili o qədər asan olacaq. Olimpiya Oyunları dörd illik müddətin son hədəfidir və hər bir idmançının arzusudur. Bir lisenziyamız var, ikincisi uğrunda isə çox səylə mübarizə aparacağıq, bütün gücümüzü sərf edəcəyik və bizdən asılı olan hər bir şeyi həyata keçirəcəyik".
Baş məşqçi Milli Gimnastika Arenasının da turnirə hazır olduğunu deyib.
"Burada peşəkarlardan ibarət komanda işləyir, hər kəs gücü yetdiyi qədər çalışır. Arena yarışlara yüz faiz hazırdır və biz də hazır olmağa çalışacağıq. Ümid edirik ki, tribunalarda Avropa Oyunlarındakı kimi ab-hava olacaq. Biz daha çox gəncin bu idman növü ilə məşğul olması üçün onu populyarlaşdırmaq istəyirik. Turnir çox rəngarəng keçəcək və ümid edirəm ki, çıxışımız layiqli olacaq," deyə, Netreba bildirib.
Baş məşqçinin sözlərinə görə Dünya Kuboku olduqca mötəbər olacaq. "Gimnastikanın coğrafiyası getdikcə genişlənir, hər bir start sürprizlər gətirir. Dünya çempionatında da belə idi. O zaman Kubadan olan gənc demək olar ki, dünya gimnastika elitasına nüfuz etdi. Rəqabət çox yüksəkdir, xüsusilə də ayrı-ayrı növlər üzrə Dünya Kuboku mərhələlərində. Coğrafiya hazırda elə genişdir ki, hətta dünən haqqında eşitmədiyin ölkənin idmançısı gəlir və medallar uğrunda mübarizə aparır. Üstəlik, Kubokda Yaponiya kimi ölkə iştirak edir ki, onların heyətində də prinsipcə yaxşı olmayan gimnast yoxdur. Yarışlarda sərbəst hərəkətlərdə inanılmaz çıxış nümayiş etdirən Kenzo Sirai kimi məşhur idmançı iştirak edəcək. İştirakı təsdiq edilmiş 19 ölkədən istəniləni biri uğur qazana bilər, çünki heç bir ölkə zəif idmançılar gətirməyəcək və hər bir idmançı fəxri kürsüyə çıxmağa çalışır. Gərgin mübarizə olacaq, yarışların səviyyəsinin çox yüksək və baxımlı olması gözlənilir. Belə bir mübarizədə qalib gəlmək ikiqat xoşdur, üstəlik, hər bir yarışda böyük təcrübə əldə edirsən".