«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası
Cüdo
Bakı İdman Sarayında startı verilmiş cüdo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vurulub. Yarışda paytaxt və bölgələrdən 24 komandanın tərkibində 328 cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Sonuncu gün tatami üzərinə 38, 50, 66 və +66 kq çəki dərəcələrində yarışan idmançılar çıxıblar.
"Neftçi idman klubu”nun ölkə birinciliyində iştirak edən yeniyetmə cüdoçuları yarışın sonuncu günündə daha bir medal qazanıblar. 38 kq çəki dərəcəsində çıxış edən Şükran Zamanlı respublika birinciliyinin bürünc medalını əldə edib. Xatırladaq ki, yarışın ilk iki günündə klubun təmsilçilərindən Əsmər İsgəndərova (52 kq) qızıl, Aynur Məmmədova (52 kq), Telli Əliyeva (57 kq) və Nihad Adıgözəlli (46 kq) isə bürünc medala layiq görülmüşdülər.

*        *        *
Beynəlxalq Cüdo Federasiyası Fransanın paytaxtı Parisdə keçirilmiş "Böyük dəbilqə” turnirindən sonra yeni reytinq siyahısını açıqlayıb.
"Neftçi idman klubu”nun cüdoçusu Elmar Qasımov (100 kq) reytin cədvəlinin birinci pilləsində qərarlaşıb. Klubun digər yetirmələri Rüstəm Orucov (73 kq) 2-ci, Orxan Səfərov (60 kq) 3-cü, Nicat Şıxəlizadə (66 kq) 7-ci, Elxan Məmmədov (100 kq) 21-ci, Məmmədəli Mehdiyev (90 kq) isə 39-cü sırada yer alıblar. "Böyük dəbilqə”nin gümüş medalçısı İlqar Müşkiyev (60 kq) isə reytinq cədvəlinin 14-cü pilləsinə yüksəlib.

Futbol
"Qaradağ Lökbatan” komandası təlim-məşq toplanışını davam etdirir. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplantı ikinci dövrəyə hazırlıq məqsədi daşıyır. Futbolçularımız təlim-məşq toplanışı ilə bərabər, bir neçə yoldaşlıq oyunu da keçiriblər.

Komandamız Lökbatanda növbəti yoxlama oyununda Birinci Divizionda mübarizə aparan "Şərurspor”u qəbul edib. "Qaradağ Lökbatan”ın üstünlüyü ilə keçən qarşılaşmada futbolçularımız 4:1 hesablı qələbə qazanıblar. Komandamızın qollarını Sabir Allahquliyev, Elvin İsmayılov, Əliağa Xudiyev və Rauf Yaqubzadə vurub.
Xatırladaq ki, bugünlərdə "Qaradağ Lökbatan” daha iki yoldaşlıq görüşündə qüvvəsini yoxlamışdı. Bu qarşılaşmalarda komandamız "Bakılı”nı 1:0, 19 yaşlılardan ibarət yığmanı isə 2:0 hesabı ilə məğlub etmişdi.

"Neftçi idman klubu”
İctimai Birliyinin mətbuat xidməti