Fevralın 19-da Azərbaycanda ilk dəfə keçirilən idman gimnastikası üzrə dünya "Challenge” kuboku yarışlarının açılış mərasimi keçirildi.
"Olimpnews.az” xəbər verir ki, açılış mərasimindən əvvəl səhnəyə iştirakçı ölkələrin bayraqları gətirildi.
Mərasimi giriş sözü ilə Azərbaycan Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov açdı.
İşritakşıları və qonaqarı salamlayan İ.İsmayılov ölkəmizdə idman və Olimpiya Hərərkatının inkişafından söz açdı. İdman naziri ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasına rəhbər seçildikdən sonra bu sahədə böyük uğurlar əldə edildiyini qeyd etdi.
İ.İsmayılov dedi: "Azərbaycan mötəbər idman yarışlarının mərkəzinə çevrilib və bu gün ölkəmiz daha bir mötəbər yarışı qəbul edir. Bu yarışda dünyanın 19 ölkəsindən gimnastlar iştirak edirlər. İnanırıq ki, idman gimnastikası üzrə Dünya Kubokuna da ölkəmiz uğurla ev sahibliyi edəcək”.
Sonra Beynəlxalq Gimnastika Federasiyasının (FİG) qadın idman gimnastikası üzrə Texniki Komitənin prezidenti Lilli Kim danışdı. Lilli Kim Azərbaycan Gimnastika Federasiyasının məqsədyönlü fəaliyyətindən məmnunluqla söhbət açdı. "Challenge” kuboku”nun gimnastların idman karyerasında önəmli yarışlardan biri olduğunu deyən FİG rəsmisi yarışların Təşkilat Komitəsinə minnətdarlığını bildirdi.
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Milli Gimnastika Arenasında olan bütün insanları salamlayaraq dedi: "Bu gün burada toplaşdığımız Milli Gimnastika Arenasının açılışı 2014-cü ilin iyulunda olub. Bu ilin iyununda isə bu möhtəşəm arena ölkəmizdə ilk dəfə keçirilən Bakı-2015 Avropa Oyunlarına ev sahibliyi etdi. Burada 6 gimnastika üzrə yarışlar keçirildi. İdman gimnastikasında təmsilçimiz Oleq Stepko rekord sayda – 5 medala layiq görüldü. Pyotr Paxnyuk komanda yarışında bürünc medal qazandı. Ümumilikdə I Avropa Oyunlarında gimnastlarımızın əldə etdiyi 7 medaldan 5-I idman gimnastikasının payına düşür. Ötən il ölkənin idman tarixində ilk dəfə olaraq dünya çempionatının bürünc medalını qazandı. Bütün bu əldə olunan nailiyyətlər Azərbaycanda gimnastikanın yüksək inkişafından xəbər verir”.
Altay Həsənov Azərbaycan Gimnastika Federasiyası və Beynəlxalq Gimnastika Federasiyası arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu bildirdi. Vitse-prezident iştirakçılara uğurlar arzulayaraq onların yaxşı soraqlarının bu ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarından gələcəyinə inandığını bildirdi.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra gimnastlarımız "Azərbaycanın gənc gimnastlarının gələcəyi” adlı maraqlı kompozisiya ilə tamaşaçılar qarşısında çıxış etdilər.
Qeyd edək ki, kubok yarışlarında dünyanın 19 ölkəsindən 46 kişi və 22 qadın gimnast medallar uğrunda mübarizə aparır. İştirakçılardan kişilər arasında dünya çempionu Kenzo Siray (Yaponiya), Olimpiya Oyunlarının ikiqat gümüş medalçısı Marsel Nguyen (Almaniya), qadınlar arasında Olimpiya, dünya və Avropa çempionu Oksana Çusovitina (Özbəkistan), dünya kuboklarının üçqat qızıl medalçısı Dorina Bötsogödür (Macarıstan) kimi tanınmış gimnastlar çıxış edirlər.
Milli Gimnastika Arenasında yarışlar fevralın 21-ə qədər davam edəcək.