Fevralın 19-da Azərbaycanda ilk dəfə idman gimnastikası üzrə dünya "Challenge” kuboku yarışlarına start verilib.
Milli Gimnastika Arenasında keçirilən yarışlarda 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə aparır.
Dünya kuboku yarışlarının ilk günündə kişi və qadın gimnastlar 5 alət üzrə qüvvələrini sınayıblar.
"Olimpnews.az” xəbər verir ki, kişilərin sərbəst hərəkətlər yarışında millimizin üzvü Petro Paxnyuk 14.950 xalla 20 idmançı arasında ikinci olub və finala yüksəlib. Bu növdə israilli Artyom Dolqopyat birinci pillədə qərarlaşıb. Bakı-2015 ilk Avropa Oyunlarının beş medalını qazanan Oleq Stepko halqalar üzrə yarışlarda 14.650 xalla üçüncü yeri tutaraq həlledici mərhələyə adlayıb. Türkiyəli İbrahim Çolak və Yaponiya gimnastı Tomomasa Hasegava bu növdə ilk iki pillədə yer alıblar.
Təəssüf ki, təmsilçilərimiz gimnastika atı yarışlarında finala vəsiqə qazana bilməyiblər. Yaponiyalı Tomomasa Hasegava birinci yeri tutub. Belçika təmsilçisi Maksim Gentges ikinci, norveçli Stian Skjerahaug üçüncü olublar.
Qadınların dayaqla tullanma yarışlarında gimnastımız Mariya Smirnova dünya kuboku yarışlarının finalına yüksəlib. Atletimiz 13.150 xalla səkkizinci olub. İlk üçlükdə özbəkistanlı Oskana Çusovitina, Sloveniya gimnastı Tjasa Kisselef və braziliyalı Daniele Matias qərarlaşıb.
Müxtəlif hündürlüklü qollarda mübarizə aparan milli komandamızın üzvü Yuliya İnşina 12.300 xalla altıncı nəticə göstərərək qızıl medal uğrunda mübarizəni davam etdirmək hüququ qazanıb. Bu növdə almaniyalı Lina Filip bütün rəqiblərindən yaxşı çıxış edib. Braziliyalı gimnastlar Flavia Lopes və Daniele Matias müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
Yarışların ilk iki günündə kişi və qadın gimnastları arasında təsnifat, sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri keçiriləcək.