Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran-pri turniri keçirilib.
"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə əsasən xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri 1 qızıl və 1 gümüş medala sahib olublar.
Turnirdə 86 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev Rusiya, Macarıstan, Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda London-2012 Yay Olimpiaya Oyunlarının bürünc medalçısı Dato Marsaqaşvilidən üstün olan güləşçimiz finala yüksəlib. N.Hacıyev finalda ABŞ təmsilçisini də məğlub edərək turnirin qızıl medalını qazanıb.
Səid Həmidov (125 kq) Özbəkistan, Qazaxıstan və Almaniyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə uduzaraq turnirin gümüş medalına yiyələnib.