Bakıda idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kuboku keçirilir. Kubokda dünyanın 19 ölkəsindən 45 kişi və 22 qadın gimnast mübarizə aparır.
İdman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycanın yığmasının baş məşqçisi Pavel Netreba fevralın 20-də Bakıda keçirilən dünya kuboku ilə bağlı fikirlərini bizimlə bölüşdü:
"Yarışda gimnastlarımızın çıxışı ilə bağlı heç bir proqnoz vermək istəmirəm. Onu demək istəyirəm ki, yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik. Uşaqlar mənəvi və fiziki cəhətdən yarışa hazırdırlar. Bu gün istirahət edəcəyik, sabah isə yeni qüvvə bacarığımız sınağa çəkəcəyik".
Gimnastlarımız istənilən idmançılarla rəqabət aparmaq gücündədirlər və onların səviyyəsi olduqca yüksəkdir. Bu, mövsümün ilk start yarışıdır və burada dünyanın güclü gimnastları yarışırlar. Bəzi məqamlar məni qane etmədi. Məşqçilər çox güman ki, heç vaxt yetirmələrindən 100 faiz razı qalmırlar. Əgər idmançılarımız bacardıqlarını edə bilsələr, hər şey istədiyimiz kimi olacaq. Düşünürəm ki, nəticələrimiz qənaətbəxşdir və sabah bizi final yarışları gözləyir”.