İdman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu

 İdman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu




Fevralın 21-də Azərbaycanda ilk dəfə təşkil olunan idman gimnastikası üzrə Dünya "Challenge" Kuboku yarışları başa çatdı. 
Dünya Kubokuna Bakı-2015 Avropa Oyunlarında gimnastikanın altı növü üzrə yarışların təşkil edildiyi Milli Gimnastika Arenası ev sahibliyi etdi. Azərbaycan yığması Dünya Kubokunun 4 medalla başa vurdu. Medalları ölkəmizə Oleq Stepko (1 qızıl, 1 gümüş və 1 bürünc) və Marina Nekrasova (1 bürünc) qazandırdı. 



"Olimpnews.az” xəbər verir ki, Dünya Kuboku yarışlarında 19 ölkədən 46 kişi və 22 qadın gimnast ayrı-ayrı alətlər üzrə medallar uğrunda mübarizə apardı.

Kişilər arasında sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində üçqat dünya çempionu Kenzo Şirai (Yaponiya)16.150 balla Dünya Kuboku yarışlarının qızıl medalını qazandı. Rok Klavora (Sloveniya) 14.800 balla gümüş, Aleksandr Şatilov (İsrail) isə 14.550 balla bürünc medala sahib oldu.
Azərbaycan gimnastı Petro Paxnyuk sərbəst hərəkət yarışlarını 13.550 xalla altıncı pillədə başa vurdu.
Kişilərin gimnastika atı yarışlarında Tomomasa Haseqava (Yaponiya) 15.400 xalla qızıl medala layiq görüldü. Maksim Gentges (Belçika)14.700 balla ikinci, Seyid Reza Keixa (İran) isə 14.450 balla üçüncü pillədə qərarlaşdılar.

Qadınların dayaqla tullanma yarışlarında isə Olimpiya, dünya və Avropa çempionu, özbəkistanlı atlet Oksana Çusovitina 14.825 balla fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Tjasa Kisselef (Sloveniya)14.075 balla gümüş, Avstriya təmsilçisi Liza Eker isə 13.775 balla bürünc medala sahib oldular.
Gimnastımız Mariya Smirnova yarışları səkkizinci pillədə başa vurdu.
Kişi gimnastların halqa ilə yarışlarında Azərbaycan atleti Oleq Stepko 14.700 balla bürünc medal qazanıb. Türkiyəli İbrahim Çolak (15.450 bal) birinci, yaponiyalı Kazuma Kaya (14.800 bal) isə ikinci yeri tutdular.



Qadınlar arasında müxtəlif hündürlüklü qollarda yarışda Almaniya təmsilçisi Lina Filip 14.400 xalla fəxri kürsünün ən yüksək pilləsində yer aldı. Braziliyalı gimnastlar Daniele Matias və Flavia Lopes müvafiq olaraq ikinci və üçüncü yerləri tutdular.
Azərbaycan gimnastı Yuliya İnşina 10.450 balla səkkizinci oldu.
Kişilərin dayaqla tullanma yarışlarında təmsilçimiz Oleq Stepko 14.650 bal toplayaraq gümüş medala sahib oldu. Yaponiyalı gimnast Kenzo Şirai 14.975 balla yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bürünc medala isə türkiyəli Ahmet Öndər (14.400 xal) sahib oldu.

Qadınların gimnastika tiri yarışlarında Flavia Lopes (Braziliya) 14.800 balla Dünya Kuboku yarışlarının qalibi oldu. İsveçli Emma Larsson 13.650 balla yarışı 2-ci, Avstriya idmançısı Eliza Hammerle isə 13.350 balla yarışları 3-cü pillədə başa vurdu. Təmsilçimiz Marina Nekrasova isə 13.050 xalla dördüncü oldu.




Kişilərin paralel qollarda yarışlarında Azərbaycan idmançısı Oleq Stepko 15.550 balla qızıl medal qazandı. Türkiyə təmsilçisi Ferhat Arıcan 15.350 balla gümüş, yaponiyalı Kazuma Kaya isə 15.250 balla bürünc medala layiq görüldülər.

Qadınların sərbəst hərəkətlər yarışlarında Braziliya təmsilçisi Flavia Lopes 13.850 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İsveçli Emma Larsson 13.400 balla ikinci, Azərbaycan gimnastı Marina Nekrasova isə 13.200 xalla üçüncü pillədə qərarlaşdı.


Kişilərin turnikdə yarışlarında yaponiyalı Tomomasa Haseqava 14.800 xalla Dünya Kuboku yarışlarının qalibi adını qazandı. Türkiyə təmsilçisi Ahmet Öndər (14.600 bal) ikinci, Xorvatiya təmsilçisi Tin Srbiç (14.500 bal) üçüncü pilləni tutdular.

İdmançıların təntənəli mükafatlandırma mərasimindən sonra Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" mükafatı yaponiyalı Kenzo Şirai və özbəkistanlı Oksana Çusovitinaya təqdim edildi.