"Ölkəmizdə növbəti gimnastika bayramı uğurla başa çatdı. Ən əsası odur ki, bu gün Milli Gimnastika Arenasında Azərbaycanın dövlət himni səsləndi”.
Bu sözləri "Olimpiya dünyası”na müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının (AGF) vitse-prezidenti Altay Həsənov fevralın 19-21-də Bakıda ilk dəfə idman gimnastikası üzrə keçirilən Dünya Kuboku yarışları başa çatdıqdan sonra deyib.
Altay Həsənov ölkəmizdə ilk dəfə keçirilən idman gimnastikası üzrə Dünya kuboku yarışlarının yüksək səviyyədə təşkilindən danışaraq, bundan qonaqların da məmnun qaldıqlarını bildirdi: "Bizim növbəti gimnastika bayramımız baş tutdu. İdman gimnastikası üzrə Dünya Kuboku yarışlarına çox ciddi hazırlaşmışdıq. Təşkilat Komitəsi əlindən gələni etdi və turnir yüksək səviyyədə keçirildi. Bura gələn bütün qonaqlar, idmançılar, məşqçilər və idman rəsmiləri təşkilati səviyyədən çox razı qaldılar. Biz də təşkilati işlərin öhdəsindən uğurla gəldiyimizə və nəticələr əldə etdiyimizə görə çox məmnunuq.
Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Bütün azarkeşlərə, Təşkilat Komitəsinə, bu günün belə yaxşı keçməsi üçün əməyi keçən hər kəsə təşəkkür edirəm. Mətbuat nümayəndələrinə Dünya kubokunu ətraflı işıqlandırdıqlarına görə minnətdarlığımı bildirirəm”.
AGF-nin vitse-prezidenti Altay Həsənov Azərbaycan təmsilçilərinin nəticələrindən razı qaldığını da diqqətə çatdırdı: "İdmançılarımız da bu mötəbər yarışa ciddi hazırlaşmışdılar. Biz əvvəldən də bu gün 3 medal qazanan Oleq Stepkodan yaxşı nəticələr gözləyirdik. Onun əsas idman aləti qollardır və o, bu hərəkətlərdə qızıl medal qazanmağı bacardı. Eyni zamanda qadın gimnastımız Marina Nekrasova da yaxşı çıxış etdi”.
İdmançılarımızın bu ilin yayında Braziliyanın Rio-2016 Yay Olimpiya Oyunlarına hazırlığından da danışan vitse-prezident medallarla bağlı proqnoz verməkdə çətinlik çəkdiyini vurğuladı: "İndi hazırlıq dövrüdür, olimpiada ilə bağlı görüləcək işlər və qələbələr hələ qabaqdadır. Ümid edirəm ki, Oleq Stepko üzərində daha çox çalışacaq və Rio-2016 Olimpiadasında uğurlu çıxış edəcək. Lakin medallar barədə heç nə deyə bilmərəm”.
Altay Həsənovun sözlərinə görə, yarışların ilk günü olduqca çətin keçdi: "Azarkeşlərimiz idmançılarımıza elə fəal azarkeşlik edirlər ki, bəzən onlara çıxış etmək çətin olur. Doğma divarlar arxasında çıxış etmək, həm asandır, həm də böyük məsuliyyət tələb edir. Ona görə də ilk gün Oleq Stepkonun işləri çox da yaxşı getmirdi, lakin sonra o, özünü toparladı və yaxşı çıxış etdi, hətta üç medal qazandı. İnşallah, bizim hələ qələbələrimiz çox olacaq”.
Altay Həsənov Təşkilat Komitəsinin uğurlu fəaliyyətindən də söz açdı: "Təşkilat Komitəsinin uğurlu işi göz qabağındadır. Bu bizim üçün idman gimnastikasında ilk belə təcrübədir. Bədii gimnastikada yüksək səviyyəli turnirlərin keçirilməsində təcrübəmiz var. Bu idman gimnastikasında ilk təcrübədir və düşünürəm ki, uğurlu alındı. Beynəlxalq Gimnastika Federasiyası, Texniki Komitənin rəsmi şəxslərinin rəylərinə əsasən deyə bilərəm ki, bizdən qazı qalıblar. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü Morinare Vatanabe Dünya kubokunun təşkilini çox yüksək qiymətləndirdi və bu yarışın dünya çempionatı səviyyəsində təşkil edildiyini bildirdi. Nəticələr də bayaq dediyim kimi, bizi qane edir. Bir sözlə, bayram baş tutdu.Hamınızı təbrik edirəm”.
Səadət Hakıyeva